`Avropa İttifaqı parçalanacaq` - Politoloq

`Avropa İttifaqı parçalanacaq` - Politoloq
  07 İyul 2015    Oxunub:3087
“Bu gün Avropa İttifaqı formatında müəyyən böhran elementlərini görürük. Bu açıq-aşkar, real bir faktdır. Çünki, Avropa İttifaqına üzv Yunanıstan Brüsselin ağır şərtləri ilə razılaşmır və xalq vasitəsi ilə öz etirazını bildirir”.
Bu fikirləri AzVision.az-a politoloq Fikrət Sadıqov Yunanıstanla Avropa İttifaqı arasında yaşanan böhranı şərh edərkən deyib.

Politoloq hesab edir ki, Aİ-nin qoyduğu şərtlərə yoxsul Yunanıstan əməl edə bilməz. “Artıq Yunanıstanın Avropa İttifaqından çıxması məsələsi gündəmə gəlib. Təbii ki, bu hal Avropa İttifaqı üzvü olan dövlətlərin rəhbərlərini narahat edir. Ona görə də bunun baş verməməsi üçün Avropa İttifaqı bütün vasitələrə əl atacaq. Hesab edirəm ki, yaxın vaxtlarda Yunanıstanın taleyi demək olar ki, həll olunacaq”, – F. Sadıqov deyib.

Onun sözlərinə görə, Yunanıstan böhranı Aİ-nin parçalanmasının əsasını qoya bilər: “Bir qədər əvvəl rəsmi London Avropa İttifaqında qalıb-qalmamaqla bağlı referendum keçirməyi planlaşdırdığını bəyan edib. Eyni zamanda İspaniya, Portuqaliya, İrlandiyada da vaxtaşırı bu quruma etirazlar müşahidə olunur. Hesab edirəm ki, bu müəyyən nəticələrə gətirib çıxara bilər.

Əgər rəsmi Brüssel Aİ-nin saxlanmasında maraqlıdırsa, müəyyən islahatlar etməlidir. Yəni, Avropa İttifaqına daxil olan ölkələrə daha çox sərbəstlik verməlidirlər, onları sıxışdırmamalı, qarşılarına əməl edilməsi mümkün olmayan şərtlər qoymamalıdırlar”.

Elvin Abdulqədirov


Teqlər:  





Xəbər lenti