“Mühacirət irsimizin “Yurd Bilgisi”

“Mühacirət irsimizin “Yurd Bilgisi”
  18 Aprel 2015    Oxunub:1895
“Mühacirət irsimizdən səhifələr” kitabı mükafat ilə təltif olunub
Aprelin 17-də türk dünyasında böyük rəğbət qazanmış möhtəşəm şəxsiyyətin doğum günüdür. Təəssüf ki, filoloq-alimlər istisna olunmaqla ölkəmizdə Azərbaycanın bu dətərli oğlunu hələ də az tanıyırlar. Türkiyədə isə onun adı kifayət qədər məşhurdur - Əhməd Cəfəroğlu!

Ötən əsrin 30-cu illərinin əvvəllərindən etibarən Əhməd Cəfəroğlu Türkiyənin elmi həyatında fəal rol oynamış, Mustafa Kamal Atatürkün təşəbbüsü ilə 1932-ci ildə təşkil edilən Türk Dil Qurumunun yaradıcılarından biri və ömrünün sonuna qədər bu qurumun həqiqi üzvü olmuş, onun işində yaxından iştirak etmişdir. Vəfatından 40 il keçsə də bu gün də Türkiyə universitet mühitində İstanbul Universitetində 30 ilə yaxın Türk dili tarixi kafedrasının müdiri olmuş professor Ə.Cəfəroğlu haqqında bir-birindən maraqlı tarixçələr dolaşmaqdadır. Türkiyə türkoloqlarının böyük əksəriyyəti fəxrlə onu öz müəllimi, ustadı adlandırır. Onun ikicildlik «Türk dilinin tarixi» əsərindən ölkənin bütün universitetlərində dərs vəsaiti kimi istifadə olunur.

Əsaslı Avropa elmi məktəbi keçmiş Əhməd Cəfəroğlunu Qərbdə də yaxşı tanıyır və ona böyük ehtiramla yanaşırlar. 39-50-ci illərdə o, Polşa Elmlər Akademiyasının müxbir üzvü, Macarıstanın Beynəlxalq Dilçilik Cəmiyyətinin, Beynəlxalq Dialektologiya Mərkəzinin və Ural-Altay Cəmiyyətinin, Argentinanın Beynəlxalq Tural Cəmiyyətinin fəxri üzvü, Beynəlxalq Onomastika Cəmiyyətinin həqiqi üzvü seçilmişdir. İspaniya hökuməti isə azərbaycanlı alimin xidmətlərini 1955-ci ildə onu «De Alfonso El Sabio» ordeni ilə təltif etməklə qiymətləndirmişdir.

XX əsrin dünya şöhrətli türkoloq – alimi və onun 1932-1934 və 1954-cü illərdə nəşr etdiyi «Azərbaycan yurd bilgisi» məcmuəsi barədə ilk dəfə monoqrafik səpkidə geniş söhbət açan filologiya üzrə fəlsəfə doktoru, publisist Şəlalə Həsənova olmuşdur.

Tədqiqatçının İlk dəfə 1995-ci ildə kiril əlifbası ilə nəşr olunmuş “Mühacirət irsimizdən səhifələr” kitabı Azərbaycan Yazıçılar Birliyinin təqdimatı ilə “Ən yaxşı elmi-tədqiqat əsəri” nominasiyasında “Humay-96” mükafatı ilə təltif olunmuşdur.

Görkəmli ədəbiyyatşünas professor Vilayət Quliyev həmin nəşrə yazdığı «Gedənlərin qayıtması” başlıqlı ön sözdə göstərir ki, «Şəlalə Həsənovanın mühacir ədəbiyyatımızın ən sanballı nümunələrindən biri olan «Azərbaycan yurd bilgisi» jurnalı və onun naşir-redaktoru professor Əhməd Cəfəroğlu haqqında yazdığı bu maraqlı kitab yaxın tarixi keçmişimizin daha bir qaranlıq dövrünə işıq salır, xalqımızın böyük oğlunu yenidən milli mədəniyyət xəzinəmizə qaytarır».

Bu yaxınlarda isə monoqrafiyanın təkrar və əlavələr edilmiş nəşri “Mühacirət irsimizin “Yurd Bilgisi” adlı kitabda “Letterpress” nəşriyyat evində çap olunmuşdur. Kitabın yeni nəşrinə “Elmi təravətini itirməyən əsər” adlı ön söz yazmış AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərov kitabın 20 ildən sonra təkrar nəşrinə böyük ehtiyac olduğunu xüsusi vurğulamışdır: “Hər şeydən əvvəl ona görə ki, əsər zəngin faktlar, kifatət qədər mükəmməl müqayisələr və ümumiləşdirmələr əsasında yazılmışdır. Müəllif Azərbaycanda ilk dəfə olaraq «Azərbaycan yurd bilgisi» məcmuəsinin ədəbi-tarixi, mədəni-ideoloji problematlkasını araşdırmış, məcmuədə yer alan materialları ideya-məzmun baxımından müqayisəli təhlil etmiş, ümumiyyətlə, «Yurd bilgisi»nin milli ictimai fikir tariximizdəki yerini müəyyənləşdirməyə çalışmışdır. Odur ki, elmi təravətini heç zaman itirməyəcək belə bir əsərin vaxtaşırı olaraq nəşr edilməsi, heç şübhəsiz, zəruridir. Nəşrdən neçə illər keşməsinə baxmayaraq, Əhməd Cəfəroğlunun elmi yaradıcılığı, ictimai-siyasi və ideoloji fəaliyyəti haqqında nəinki bu səviyyədə, ümumn elə bir ciddi elmi tədqiqat işi meydana çıxmamışdır”.

30-cu illərin “Azərbaycan ensiklopediyası” adlandırıla biləcək bu jurnalda Əhməd Cəfəroğlu milli mədəniyyətimizin tədqiqində, az qala, bütöv bir elmi-tədqiqat institutunun işini görmüşdür. Məcmuənin daimi müəllifləri sırasında Azərbaycan mühacirətinin nümayəndələri Azərnaycanın alovlu vətənpərvəri idilər və bu baxımdan ‹‹Müsavat›› partiyasının hələ 1911-ci il proqramında yer alan ‹‹türkçülük, azərbaycançılıq, milliyyətçilik›› prinsipləri onların fəaliyyətlərinin əsas istiqamətini təşkil edirdi.

Azərbaycan siyasi mühacirətinin Məmməd Əmin Rəsulzadə, Məhəmməd Əli Rəsulzadə, Xəlilbəy Xasməmmədli, Əli Xəzərli, Məmməd Əlizadə, Mustafa Vəkilli, Nağı Şeyxzamanlı, Şəfibəy Rüstəmbəyli, Səlim Rafiq, Mirzəbala Məmmədzadə və b. nümayəndələri jurnalın fəal müəllifləri idilər. Tanınmış türk alimlərindən Mehmet Fuat Köprülüzadə, Əbdülbaqi Gölpinarlı, Sadəddin Nühəvət, Mahmud Raqib Keşəmihalzadə, Mehmet Şərafəddin, Xəlil Nemətullah, Adnan Cahid və başqaları bu məcmuəyə ciddi elmi-filoloji nəşrlərdən biri kimi yanaşırdılar.

Əsərin oxucuları bu cür görkəmli şəxsiyyətlərin sanballı məqalələrinin dərin təhlili ilə tanış ola biləcəklər. Kitabın mündəricatını təşkil edən Milli folklorumuzun və «Kitabi-Dədə Qorqud»un öyrənilməsində birincilik, Azərbaycan aşıq ədəbiyyatı haqqında araşdırmalar, Azərbaycan dastanlarının təhlili, Folklor abidələrinin linqvistik və etimoloji təhlili, Ərəbdilli qaynaqlarda azərbaycanlıların yüksək mənəvi keyfiyyətlərinin tərənnümü, Ümumtürk folklorunun müqayisəli tədqiqi, Etnoqrafik araşdırmalar, XIX əsr Azərbaycan ədəbiyyatına ümumi baxış, Azərbaycan ədəbiyyatında istiqlal mücadiləsi, Məhəmməd Əli Rəsulzadənin Qətran Təbrizi, Məhsəti, Nizami haqqında tədqiqatları, Məmməd Əmin Rəsulzadənin Şirvanlı Xaqani, Nizami haqqında tədqiqatları, Azərbaycan klassikləri Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Qasimi, Mirzə Fətəli Axundov haqqında yeni faktlar, Məlikbəy Avçı, Siraci, Əhdi Bağdadlı, Sam Mirzə, Ərşi kimi naməlum və unudulmuş ədəbi şəxsiyyətlər barədə eksklyuziv elmi tapıntılar adlı fəsillərdə ”Azərbaycan Yurd Bilgisi” məcmuəsinin zəngin elmi irs kimi verdiyi töhfələr müəyyənləşdirilmişdir.

Bu kimi milli-mənəvi fikir xəzinələrimizim dərindən öyrənilməsinə gənc tədqiqatçıları çağıraraq, fikrimizi Əhməd Cəfəroğlunun müdrük kəlamı ilə çatdırırıq: “Öz-özünü birbaşa tədqiq etməyən millətlər başqa millətlərin etnoqrafik tədqiqat mövzusundan başqa bir şey olmamışdır”


Teqlər:





Xəbər lenti