Yunusların məhkəməsi təxirə salındı

Yunusların məhkəməsi təxirə salındı
  25 May 2016    Oxunub:1423
Ali Məhkəmədə Sülh və Demokratiya İnstitutunun (SDİ) direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunusun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası baş tutmayıb.
AzVision.az xəbər verir ki, vəkil Elçin Sadıqovun APA-ya verdiyi məlumata görə, Leyla və Arif Yunuslar ölkədə olmadığı üçün proses qeyri-müəyyən vaxta təxirə salınıb.

Qeyd edək ki, Leyla və Arif Yunuslar Cinayət Məcəlləsinin 178.3.2-ci və digər maddələrinə əsasən ittiham olunublar. Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 avqust 2015-ci tarixli hökmü ilə Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdə həmçinin onların əmlaklarının müsadirə olunması, bank hesablarındakı vəsaitin alınaraq dövlətin hesabına köçürülməsi öz əksini tapıb. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti veriblər.

Bakı Apellyasiya Məhkəməsinin 2015-ci il noyabrın 12-də keçirilən prosesində isə Arif Yunusun barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilib, ondan başqa yerə getməməklə bağlı iltizam alıb. Bundan sonra A. Yunus məhkəmə zalından azadlığa buraxılıb.

2015-ci il dekabrın 9-da isə apellyasiya şikayəti üzrə qərar elan edilib. Qərara əsasən Leyla Yunus barəsində təyin olunan 8 il 6 ay, Arif Yunus barəsində isə təyin olunan 7 il müddətində azadlıqdan məhrum etmə cəzası 5 il sınaq müddəti təyin olunmaqla şərti hesab edilib. Leyla Yunus məhkəmə zalından azadlığa buraxılıb. Bir müddət sonra onların hər iki müalicə olunmaq üçün Hollandiyaya gediblər.

Kassasiya şikayətlərində onların barələrində olan cinayət işinə xitam verilməsi və bəraət hökmünün çıxarılması istənilib.

AzVision.az


Teqlər:





Xəbər lenti