Mətbuat Şurası Ukrayna hakimiyyətinə müraciət edəcək
Mətbuat Şurası məsələ ilə bağlı xüsusi araşdırma aparıb və müəyyən edib ki, adları həmin siyahıda əks olunmuş Azərbaycan jurnalistlərinin heç biri sözügedən ərazilərdə olmayıb və akkreditasiya üçün bu quruluşlara müraciət etməyib. Onların fəaliyyətində Ukraynanın ərazi bötüvlüyünə xələl gətirəcək, qeyri-qanuni əməl kimi səciyyələndirilə biləcək fakt aşkar olunmayıb. O da müəyyən edilib ki, həmin jurnalistləri terrorçuluğa, separatçılığa dəstək verməkdə ittiham edən "Mirotvorets" təşkilatı buna əsas kimi KİV nümayəndələrinin Rusiya XİN-də akkreditasiyadan keçməsi və bu ölkə ərazisində fəaliyyət göstərməsi amilini rəhbər tutub.
Şura bəyan edir ki, "Mirotvorets" təşkilatının çoxlu sayda jurnalistin həyat və təhlükəsizliyini təhdid edən bu tipli fəaliyyəti beynəlxalq qanunvericiliyin tələblərinə, etik qaydalara və humanizm prinsipinə tamamilə ziddir. Jurnalistin qanunlar çərçivəsində fəaliyyətini məhdudlaşdırmaq cəhdi yolverilməszdir və heç bir sağlam məntiqlə izah oluna bilməz.
Mətbuat Şurası jurnalistlərin həyatını təhlükə altına alan bu tipli fəaliyyətə son qoyulması tələbi ilə Ukrayna hakimiyyətinə və bu ölkənin Azərbaycandakı səfirliyinə müraciət edəcək.
AzVision.az