İlham Əliyev həmkarına salam göndərdi

İlham Əliyev həmkarına salam göndərdi
  19 Dekabr 2014    Oxunub:1402
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 19-da Əfqanıstan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mohammad Taqi Xalilinin etimadnaməsini qəbul edib.

Diplomat etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Səfir Mohammad Taqi Xalili Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qaninin salamlarını dövlətimizin başçısına çatdırdı. O, ölkəmizdəki diplomatik fəaliyyəti müddətində Azərbaycan ilə mövcud olan yüksək səviyyəli əlaqələrin daha da genişləndirilməsi və dərinləşdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini dedi.

Dövlətimizin başçısı Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qaninin bu yaxınlarda ölkəmizə səfərini məmnunluqla xatırladı. Prezident İlham Əliyev səfər zamanı ölkələrimiz arasında gələcək əməkdaşlıq üçün əsas sahələrin müəyyənləşdirilməsi ilə bağlı səmərəli müzakirələrin aparıldığını dedi və bu əməkdaşlığın daha da genişləndiriləcəyinə ümidvar olduğunu bildirdi.

Dövlətimizin başçısı Prezident Məhəmməd Əşrəf Qaninin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Əfqanıstan dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Prezident İlham Əliyev bu gün həmçinin Avstriya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Aksel Vexin də etimadnaməsini qəbul edib. Diplomat etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Səfir Aksel Vex yüksək səviyyəli qarşılıqlı səfərlərin, həmçinin ölkələrimizin müvafiq qurumları arasında sıx əlaqələrin mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yaxşı baza yaratdığını dedi. Avstriyalı diplomat ölkəsinin Azərbaycan ilə əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən enerji və turizm sahələrində genişləndirilməsində maraqlı olduğunu bildirdi.

Prezident İlham Əliyev ikitərəfli əlaqələrin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunaraq Avstriya Prezidenti Haynts Fişerlə keçirdiyi görüşləri və apardığı səmərəli müzakirələri məmnunluqla xatırladı. Azərbaycan ilə Avstriya arasında əməkdaşlığın kənd təsərrüfatı, tikinti və informasiya-kommunikasiya texnologiyaları sahələrində genişləndirilməsi məsələlərinin qarşılıqlı maraq doğurduğunu qeyd edən dövlətimizin başçısı Avstriya şirkətlərinin ölkəmizdə uğurla fəaliyyət göstərdiyini dedi. Prezident İlham Əliyev səfir Aksel Vexin ölkəmizdəki diplomatik fəaliyyəti dövründə ikitərəfli münasibətlərimizin inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyinə ümidvar olduğunu bildirdi.




Teqlər:





Xəbər lenti