`Facebook`da yeni təhlükə - “Dislike” gərginliyi artıracaq

`Facebook`da yeni təhlükə - “Dislike” gərginliyi artıracaq
  21 Sentyabr 2015    Oxunub:6277
Dünyanın ən böyük sosial şəbəkəsi olan “Facebook”da “dislike” düyməsi yaxın vaxtlarda istifadəyə veriləcək.

İstifadəçilərin çoxdan gözlədiyi bu yenilik müxtəlif müzakirələr yol açıb. Ekspertlər hesab edir ki, “Facebook”da “dislike” düyməsinin yaradılması sosial şəbəkədə əsəblərin gərilməsinə səbəb olacaq.

Ehtimal edilir ki, istifadəçilər arasında aqresiyanın yaranması ilə müəyyən qruplar “Facebook”dan sıxışdırılıb çıxarılacaq.

Sosial şəbəkənin aktiv istifadəçilərindən olan Nərminə Əsədova deyir ki, “Facebook”da “dislike” düyməsi bazar münasibətlərinə hesablanıb: “Elektron ticarətin böyük hissəsi hazırda “Facebook” vasitəsilə həyata keçirilir. Bu baxımdan məşhur marka və ya şəxslər sırf sosial şəbəkədə -“Facebook”da olmaq üçün sosial mediaya qoşulmaqdan çəkinəcək. Çünki doğru istifadə edilmədiyi halda həm marka, həm də şəxslərə zərər gətirə bilər.

Bu yenilik adi vətəndaşların fikirlərinin sərbəst bölüşməsini əngəlləyəcək, bir sözlə, insanlar fikir paylaşımına diqqətlə yanaşacaq. Əlbətdə ki,bəyənilməmək qorxusu əsəbləri zəif olan insanlara az və ya çox dərəcədə təsir edəcək”.



Müstəqil jurnalist İsmayıl Rafiqoğlunun fikrincə, “Facebook” sosial şəbəkəsindəki “like” və ya “bəyəndim” düyməsi təkcə nəyisə bəyəndiyimizi ifadə etmir. Onun sözlərinə görə, kimisə təbrik ediriksə, “like” edirik, deməli təbriki gördüyümüzü bildiririk: “Əslində “like” münasibətin ilkin formasıdır; gördüm, bəyəndim, oxudum. Əgər nəyisə bəyənmədinsə, deməli o ilkin münasibət olmadan şəkil, yazı və ya şərhin aşağısında xoşagəlməyən bir şərh yazmalısan. Yazdınsa, uzun-uzadı lazımsız yazışmalara qoşulmalı olursan. Vaxtı az olan insana bu lazım deyil. Əgər “Dislike” düyməsi olsa, bəyənmədiyin bir şəkilin altında şərh yazmadan yararlanmaq olar. Əlavə bir imkandır”.

Demək olar ki, günün yarısını sosial şəbəkədə keçirən jurnalist deyir ki, “Dislike” imkanı şəbəkədə gərginlik yarada bilər, amma sosial şəbəkə dost və yaxın insanların ünsiyyəti üçündür.

O, Azərbaycan şəraitində, nədənsə, şəbəkənin qızğın polemika, qarşılıqlı təhqir, sözgüləşdirmə üçün istifadə edildiyini hesab edir: “İnsan var, heç ateist deyil, amma din əleyhinə şərhlər yazır, dindarları qıcıqlandırır, populyar olur. Ya özünü dindar adlandıran şəxs şəbəkədə mövhumat yayır, qarşı tərəf isə sonu kəsilməyən mübahisəyə qoşulur. Gərginlikdən qaçmağın yolu, yəqin özünə uyğun insanlarla dostluq etməkdir”.

Aktiv sosial şəbəkə istifadəçisi Nicat Abdullayev deyir ki, “dislike” düyməsinin olması vacibdir.

“Bu gün bəyəndiyimizi 5 gün sonra bəyənməməyimiz normaldır. Ayrıca qıcıq yaratması məsələsinə gəlincə, “Facebook” bir ünsiyyət vasitəsidir. Burada bəzən gərginliyin, qıcığın yaranması normaldır. Bu ünsiyyətdir, bir növ birinin digərinə münasibətidir”.

Vüqar Bağırov da sosial şəbəkə istifadəçisidir. O, hesab edir ki, sosial şəbəkədə “Dislike” düyməsi etiraz haqqı kimi lazımdır.

Onun sözlərinə görə, “Facebook”-da xoşuna gələnləri, razılaşdıqlarını “like” edirsən, fikir bildirirsən, neytral qaldıqlarını, vecinə olmayanları, ya da haqqında heç bir fikrin olmayan paylaşımları “like” etmirsən. Lakin konkret olaraq razılaşmadığın, xoşuna gəlməyən və bunu bildimək istədiyini paylaşmırlar. “Dislike” məhz etiraz etmək haqqı kimi buna görə lazımdır”.



Ekspert Osman Gündüz isə deyir ki, bu məsələ uzun müddətdir ki, müzakirə olunurdu. Hətta bir dəfə qərar qəbul olundu ki, “Dislike” xidmətini ayr-ayrı qurumlar üçün müəyyən etsinlər: “Məsələn dövlət qurumlarının “Facebook”-da resursları varsa və ya dövlət qurumu kimi qeydiyyatdan keçibsə, o zaman həmin düymə aktiv olacaq. Yəni vətəndaşlar dövlət qurumunun hər hansı münasibətinə “Dislike” düyməsi ilə münasibət bildirəcəkdilər.

Əvvəl belə bir fəaliyyət yaradılmışdı, yenidən bu məsələ gündəmə gəlib. Bunu gedişat göstərəcək. Çox güman ki, bu düymə istifadəyə verildikdən sonra sosial şəbəkədə aktivlik, disskusiyalar artacaq.

Güman ki, “Facebook” hesablayır ki, onun bazarı daralır. Yəqin ki, ona görə, əlavə funksiyalar, imkanlar yaradılır ki, bazarda qala bilsin”.

Ekspert onu da qeyd edib ki, bu düymənin özünü nə qədər doğruldacağını onun tətbiqindən sonra görmək mümkün olacaq.

O. Gündüz hesab edir ki, sözügedən düymə hansısa bir fəsadlara səbəb olacaqsa, rəhbərlik bunu bağlaya bilər.

““Facebook” bunu müəyyən qruplar arasında sınaqdan keçirib. Bu baxımdan “dislike”ni hamı üçün tətbiq etmək olar. Amma onun özünü nə dərəcədə doğruldacağını zaman göstərəcək”.

Qeyd edək ki, Facebook şirkətinin yaradıcısı və icraçı direktoru Mark Zukerberq sosial şəbəkədə Dislike (Bəyənmədim) funksiyasının yaradılacağını elan edib. O bu məlumatı Facebook şirkətinin Kaliforniyada yerləşən baş-qərargahında keçirilən mətbuat konfransı gedişində səsləndirib.

O deyib: “Mənə elə gəlir ki, insanlar artıq uzun illərdir Dislike funksiyasını tələb edir. Bu gün xüsusi olaraq deyə bilərəm ki, biz bu funksiya üzərində işləyirik və tezliklə sosial şəbəkədə peyda olacaq”.

O dəqiqləşdirərək bildirib ki, Dislike hər hansı bir postun “əleyhinə” səs verməyə bənzəməyəcək və paylaşılan məlumata təəssüf etmək və yaxud mənfi emosiyalarını bildirmək xarakteri daşıyacaq. Qeyd edək ki, Like funksiyası 2009-cu ildə yaradılmışdı.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti