`Bütün şeirlərini anama yazıb` - Orxan Fikrətoğlu atası haqqında

`Bütün şeirlərini anama yazıb` - Orxan Fikrətoğlu atası haqqında
  30 May 2013    Oxunub:8302
Söz oyunları, qəfil atmacaları, poetik cavabları və satirasıyla yadda qalan şair, publisist, ssenarist, kino redaktoru Fikrət Sadığın bu gün 83 yaşı tamam olur. AzVision.az bu münasibətlə şairin oğlu Orxan Fikrətoğludan atası haqqında olan düşüncələrilə bağlı kiçik müsahibə alıb.

- Bu gün atanızın ad gününü təbrik etmək üçün onlara baş çəkəcəksinizmi?

- Mütləq gedəcəyəm, dünəndən hazırlaşıram. Əslində mən hər axşam atama baş çəkirəm. Amma bu gün xüsusi tədbirdir deyə nəvəsi də onun üçün şeir hazırlayıb, birlikdə gedəcəyik.

- Şairə nə hədiyyə edəcəksiniz?

- Pafosla desəm ki, kitab və yaxud köynək, pal-paltar alacağam, yalan olar. Əslində Fikrət Sadığın hədiyyəsi mənə elə gəlir ki, Allahdan ona verilən hədiyyədir. Ruhsal söhbət və o məqamda onun razı qalmasını təmin edəcək ovqat yaratamaqdan gözəl hədiyyə ola bilər?
Ən əsası isə, onun üçün ən böyük hədiyyə Qarabağın alınması, Azərbaycan cəmiyyətinin intelektual, savadlı, şeir oxuyan və onu dəyərləndirən cəmiyyətə çevrilməsi olardı.
Amma fiziki hədiyyə baxımdan onun özünün istəyi, mənim isə xüsusi planım yoxdur. Yəqin ki, xırda nə isə alaram.

- Bəs nəvəsi onu hansı şeirlə təbrik edəcək?

- Şeir onun babasının şeiridr:
Qəşəng qızam, adım Gilə,
Qonaq getdim dayımgilə
Yağış yağdı, gilə-gilə,
Ayaqqabım batdı gilə.

“Gilə” sözünü 4 formada təqdim edir, ona görə də qızımın çox xoşu gəlir o şeirdən. Onu hazırlayır, axşam babası üçün oxuyacaq.

- Atanızın hansı şeiri xüsusilə xoşunua gəlir ki, onu əzbərdən bilirsiniz və ya həmişə yadınızda saxalayırsınız?

- Onun çox şeirlərini bəyənirəm, xüsusilə 50 illiyinə yazdığı “Payız silsiləsi” şeirləri var ki, xoşlayıram. Orada insanın ikinci baharının gəlişinə aid çox dəqiq payız ovqatı var.
Bir də ən çox xoşuma gələn Şamaxı satira məktəbindən gələn atamacalarıdır:
3 cür olur zurnaçılar,
biri elə zurna çalar,
biri belə zurna çalar ,
biri də elə-belə zurna çalar.

Və yaxud :

Bu qapının üstündə yazılıb:
İçəridə xaş var,
Deməli, bu qapının dalında bir kəsilmiş baş var.

Bir də, onun mən anadan olanda yazdığı şeirləri çox dəyərləndirirəm:

Bir yaşın var, gözün aydın Orxanım,
Çarpayının çənbərindən yerə baxıb qorxanım
Sənin ömür sarayının ilkin daşı qouldu.
Ömür neçə mərtəbəlu uzun əzablı yoldu
Uğurlu yol Orxanım, hələ sakit axanım.
Adın çay adı imiş, çay adı olur uzun
Uğurlu yol Orxanım, hələ sakit axanım.

Əslində atamın bu nəsihəti mənə elə gəlir, başıma gəldi. Deyir, ata qarğışı adamı pis tutur. Həqiqətən də, mənim ömrüm onun dediyi kimi uzun əzablı oldu. Çox keşməkeşlərdən keçdim. Yəni bu, atadan mənə verilən bir ömürdür də.

- Şairlər adətən gözəllərdən ilham alıb yazırlar. Fikrət Sadıq hansı gözəllərdəm ilham alıb?

-Mənim o barədə onunla bir müsahibəm var. Müsahibədə deyirəm ki, sən məndən cavan görünürsən, qızlara məndən çox baxırsan. Deyir ki, anana demə, mən də deyirəm demərəm. Təbii ki, bütün şeirlərini anama baxıb yazıb. Onların universitetdə oxuyan vaxt böyük sevgiləri olub. Amma atamın ürəyində nə var, bir allah bilir. İndi də hərdən anamla atam oturub xatirələrini danışırlar. Hərdən görürsən, anam sancır onu ki, filankəs... görürəm, atam gözünü qaçırdır. Yəni cavanlığında nə olub bilmirəm vallah, onu bilirəm ki, aralarında böyük sevgi olub. Bu günə qədər onların arasında elə münasibətlər var ki, mən 17 yaşda olan gənclərdə onu görmürəm. Bunlar 50 ildən artıqdır ki, bir yerdədilər və münasibətləri hələ də istidir. Anamın anası həmişə deyərdi ki, şeirləri Fikrət yox, Sevil yazır. Çünki şairin yaradıcılığının əlli faizi onun qadınıdır. Onun qadını çox ağıllı olmalı, onu idarə etməyi bacarmalıdır ki, yazarın coşğun hissini ram edib insani tərflərə yönəldə bilsin. Şairi özbaşına qoysan, sel kimi bir şeydir, hər şeyi dağıda bilər.

- Atanız sizi heç döyübmü ?

- Döyməyib.

- Fikrət Sadıq övladaları arsında Orxan Fikrətoğlunu niyə xüsusilə çox istəyib?

- O, məni yox, ən çox rəhmətlik böyük qardaşımı istəyib. Amma 9 -cu sinifdə yazmağa başlayanda ona yazılarımı göstərdim və gözündə qəribə bir işıq gördüm. Elə o vaxtdan bir kolleqa münasibətində olduq.

- Bəs atanızla ortaq xüsusuiyyətiniz varmı?

- Tərsliyimiz oxşayır. Bir şeyi dediksə, onu mütləq, qan çıxsa da etməliyik. Amma o qərarı verənədək ağılla çalışıram hərəkət edim. O qərar verildisə, mütləq axıra qədər edilməlidir. Atam da elədir. Amma çox demokratik adamlarıq.

- Bəs bəyəndiyiniz kefiyyəti ?

- Çox davamlı adamdır. 83 yaşı var, bu günə qədər hər gecə oturub işləyir, qurdalanır, nə isə yazır. Müəyyən mənada rəqabət hissinin güclü olması xoşuma gəlir. Ümumiyyətlə bütün dünya poeziyasını oxuyur, bilir və bü gün də yazır ki, geri qalmasın. Yaxşı xüsusiyyətləri çoxdur. Amma ən yaxşı xüsusiyyəti düzgünlüyüdür. Sovetdən qalma, təmiz, düzgün adamdır.

- Elə olubmu ki, haçansa sizə irad tutub, siz onu o zaman qəbul etməmisiniz, qınamısınız... Amma özünüz ata olandan sonra anlamısınız?

- Əsas ədbiyyatda olub, yəni mən yazmağa başlayanda sürrealist, postmodernist yazırdım. Amma atam qəbul etmirdi. “Bu nə yazıdı yazırsan”,- deyirdi. Bu, həmişə olan nəsillərarası problem idi. Həyatda mən çalışmışam həqiqətən səhv etməyim. Və ona görə də mənə elə gəlir ki, heç irad tutulmayıb.

- Fikrət Sadığıın hazırda nə haqında yazmasını istərdiniz?

- Şair özünü yazır da. Mən istərdim ki, nə qədər ömrü var özünü dəqiq hiss edib, yazssın. Onun yazmağı vacibdir . Məsələn,

Nə olsun qabda aş var, qabda aş var, nə olsun.
Halbuki, gözdə yaş var, gözdə yaş var, halbuki.
Nə olsun yol hamardır, yol hamardır, nə olsun.
Halbuki, yolda daş var, yolda daş var, halbuki.

Bu cür şeirləri çox olsun.

- Atanızın hansı maraqlı əhvalatlalarını, xatirələrini bizimlə bölüşə bilərsiniz?

- Bir dəfə atam Yazıçılar İttifaqının qarşısında dayanıbmış. Bir oğlan yaxınlaşıb ki, “Fikrət müəllim, avtovağzala necə gedim. Bu anda kişinin yol yadından çıxır. Heç cür cavab verə bilmir. Axır əlacı kəsilir deyir ki, oğlum get rayona, min avtobusa, o özü səni avtovağzala gətirəcək”.

Bir dəfə anam, dayımın yoldaşı və başqa qadınlar bağa yığışıbmış. Birdən evdə siçan görüblər. Qadınların hamısı çıxıb divanın başında oturub ki, indi kimin əri gəlsə birinci siçanı o öldürər. Birinci Fikrət Sadıq bağa gəlib. Anam sevinib ki, birinci onun əri gəlir. Tez qışqırıb ki, “ay Fikrət evdə siçan var e”. O da deyib ki, “neyniyim? Mən pişik-zadam, var, var da”.

- Və sonda...

- Ancaq can sağlığı arzu edirəm. Şair kimi ola bilər cəmiyyət üçün maraqlıdır, mənim üçünsə anam və atam bir yerdə olsun yetər . İkisi də bir- birinə dayaqdır .

- Şahanə RƏHİMLİ


Teqlər:  





Xəbər lenti