AİDA İƏİT-in İnkişafa Yardım Komitəsinin yüksək səviyyəli iclasında iştirak edib

AİDA İƏİT-in İnkişafa Yardım Komitəsinin yüksək səviyyəli iclasında iştirak edib
  21 Mart 2025    Oxunub:615
Martın 20-də Paris şəhərində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) İnkişafa Yardım Komitəsinin (DAC) 54-cü yüksək səviyyəli iclası keçirilib.
AzVision.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən xəbər verilib.

Tədbirdə ölkəmizi XİN-in nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) təmsil edib.

Yüksək səviyyəli iclasda 30-dan yuxarı DAC üzvü olan ənənəvi donor ölkələri ilə yanaşı komitədə iştirakçı və ya tərəfdaş ölkə hesab olunan Azərbaycan, Səudiyyə Ərəbistanı, Qətər, Bolqarıstan, Xorvatiya, Cənubi Afrika Respublikası və Hindistan daxil olmaqla ümumilikdə 50-dən artıq dövlət və 15-ə yaxın beynəlxalq qurum iştirak edib.

İllik əsasda keçirilən iclasın builki məqsədi beynəlxalq inkişafa yardım sahəsində keyfiyyət və nəticlərin yüksəldilməsi, ikitərəfli və çoxtərəfli əməkdaşlığın artırılması, habelə dayanıqlı inkişaf üçün əlavə maliyyə mənbələrinin səfərbər olunması yollarının müzakirəsi olub.

AİDA-nın rəhbəri Elməddin Mehdiyev tədbirdə çıxış edərək, yeni donor ölkəsi kimi Azərbaycanın beynəlxalq yardım fəaliyyəti sahəsində əldə etdiyi uğurlar və qazandığı əhəmiyyətli təcrübə barədə məlumat verib. O, beynəlxalq ictimaiyyətin etibarlı üzvü kimi ölkəmizin həyata keçirdiyi fəal beynəlxalq yardım siyasətinə toxunaraq, COP29-da əldə olunmuş tarixi nəticələrin inkişafa yardım sahəsi üçün də mühüm olduğunu, eləcə də iqlim maliyyəsi ilə bağlı mövcud təcrübənin inkişafa yardımın maliyyələşməsinə də tətbiq edilə biləcəyini vurğulayıb.

COP29 çərçivəsində AIDA və OECD DAC-ın birgə təşkilatçılığı ilə iqlim fəaliyyəti və rəsmi inkişafa yardım mövzusunda təşkil olunmuş tədbirə böyük maraq göstərildiyini qeyd edən E. Mehdiyev fəaliyyətlərin əlaqələndirilməsinə və yeni əməkdaşlıqların qurulmasına xidmət edən bənzər təşəbbüslərin inkişafa yardımın səmərəliliyinin artırılmasına müsbət təsir göstərəciyini nəzərə çatdırıb.

Tədbirdə çıxış edən digər ölkə nümayəndələri dünyada baş verən siyasi dəyişikliklər, geosiyasi gərginlik və iqtisadi çətinliklər fonunda rəsmi inkişafa yardımın təhlükə ilə üzləşdiyini, yardım göstərilərkən donor ölkələrin xarici siyasət maraqlarının deyil yardım alan ölkələrin ehtiyaclarının əsas götürülməli olduğunu, çoxtərəfliliyin əhəmiyyəti, eləcə də innovativ maliyyə mənbələrinin cəlb edilməsinin zəruriliyini vurğulayıblar.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti beynəlxalq inkişafa yardım sahəsində dünyanın ən nüfuzlu əlaqələndirici və siyasət müəyyənləşdirici təsisatı hesab olunan OECD DAC-ın rəhbər şəxsləri ilə görüşlər keçirərək qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıb.

AzVision.az



Teqlər:





Xəbər lenti