Suriyanın sərhədlərini Türkiyə qoruyacaq

   Suriyanın sərhədlərini Türkiyə qoruyacaq
  03 Fevral 2025    Oxunub:448
Suriyanın yeni rəhbərliyi ölkədə sərhəd təhlükəsizliyini nəzarətdə saxlamaq məqsədilə Türkiyəyə müraciət ünvanlayıb. Məlumata görə, Türkiyə Suriyaya ilkin yardım çərçivəsində pilotsuz uçuş aparatları (PUA) və elektron döyüş sistemləri göndərəcək.
Suriyada Bəşər Əsəd rejimini devirən yeni rəhbərlik ölkədə hərb və təhlükəsizlik sistemini yeniləməsi fonunda Türkiyə ilə sıx əməkdaşlıq aparmaqdadır. Dəməşqin tələbi ilkin mərhələdə əsasən İsraillə sərhəddə təhlükəsizlik sisteminin və ümumilikdə ordunun yenidən qurulması ilə əlaqədardır. Tələbdə dolayı yolla vurğulanır ki, Suriya İsraillə sərhədinin nəzarətini Türkiyəyə vermək istəyir.

Suriya mətbuatının yazdığına görə, Türkiyə və Suriya yaxın gələcəkdə müştərək müdafiə sazişi imzalayacaq. Sazişin müddəalarına əsasən, Türkiyə bu ölkədə iki hərbi baza quraraq, istənilən təhlükə şəraitində öz yardımını göstərəcək:

"Eyni zamanda, Türkiyə Silahlı Qüvvələri Suriya Ordusuna və Hərbi Hava Qüvvələrinə təlimlər keçəcək, həmçinin hərbi bazalarda ehtiyat məqsədilə 50 ədəd "F-16" qırıcısı yerləşdirəcək".

"Türkiyə" qəzeti Suriya Müdafiə Nazirliyinin adı çəkilməyən rəsmi nümayəndəsinə istinadən diqqətə çatdırır ki, Ankara tələb çərçivəsində Suriyaya ilk PUA partiyasını yaxın günlərdə göndərəcək.

"Türkiyənin hava hücumundan müdafiə texnologiyası həm PKK təhlükəsinin aradan qaldırılması, həm də İsrailin mümkün işğalına qarşı müdafiə baxımından bizim üçün böyük əhəmiyyət daşıyır. Əsəd rejiminin gəlir mənbəyi kimi tanınan narkotik ticarətinin İordaniya ilə sərhəddə yaratdığı təhdidə, habelə Livan istiqamətindən gözlənilən mümkün "Hizbullah" hücumuna qarşı təhlükəsizliyimizi də dünyaca məşhur Türkiyə PUA-ları qoruyacaq. Rəsmi Ankara ilə inqilabın ilk günlərindən bəri qurduğumuz sıx əlaqələr qarşılıqlı səfərlər nəticəsində daha da genişləyib. Bu kontekstdə xüsusilə hərbi əməkdaşlıq sahəsində tezliklə praktiki mərhələyə keçəcək", - suriyalı hərbçi deyib.

O söyləyib ki, Türkiyənin Milli Müdafiə Nazirliyinin müdafiə və təhlükəsizlik üzrə Baş direktoru general-mayor İlkay Altındağın ötən günlərdə Suriyaya səfəri çərçivəsində sözügedən məsələ ilə əlaqədar müzakirələr aparılıb:
MİT PKK-nin rəhbər şəxslərindən birini zərərsizləşdirib

"Türkiyədən göndəriləcək təhlükəsizlik avadanlıqlarının harada və necə yerləşdiriləcəyinə dair danışıqlar baş tutub".

Suriyalı hərbçi, eyni zamanda, vurğulayıb ki, "Qərb ölkələri Suriyanın Türkiyə ilə yenidən qurulan münasibətlərindən narahatdır".

"Seçimimiz bəllidir. Qərb mətbuatında təxribat məqsədilə yayılan xəbərlər həqiqətdən uzaqdır", - o deyib.

Briqada generalı Fəxri Ərənəl məsələ ilə bağlı qəzetə verdiyi açıqlamada "Suriyanın yeni rəhbərliyinin müdafiə sistemi üzrə təcili surətdə plan müəyyənləşdirmək zərurəti qarşısında qaldığını" vurğulayıb.

"Yeni rəhbərlik əvvəla Milli Təhlükəsizlik Siyasəti Sənədi hazırlamalı, sistemi ən xırda detalınacan təzədən qurmalıdır. İstənilən cüzi səhv böyük problemə gətirib çıxara bilər. Bu baxımdan Suriya üçün yeganə seçim Türkiyədir. Rəsmi Ankaranın dəstəyi, əlbəttə, avadanlıq təchizat ilə yanaşı kadr hazırlığı və digər məsələləri də əhatələyəcək", - general bildirib.

(Briqada generalı Fəxri Ərənəl)

Xatırladaq ki, Türkiyə və Suriyanın terror təhlükəsinə qarşı birgə genişmiqyaslı əməliyyat planı barədə yanvarın 8-də yerli mətbuatda məlumat yayılmışdı.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Türkiyə   Suriya   müdafiə   əməkdaşlıq  





Xəbər lenti