Vaşinqton və Boqota razılığa gəldilər

   Vaşinqton və Boqota razılığa gəldilər
  27 Yanvar 2025    Oxunub:537
Kolumbiya ABŞ-dən deportasiya edilən miqrantları qəbul etməyə razılaşıb. Bunun qarşılığında Vaşinqton Kolumbiya mallarına 25% rüsum tətbiq etməmək qərarına gəlib.
AzVision.azxəbər verir ki, Aş Evin mətbuat katibi Kerolayn Livittə istinad edən “Bloomberg” agentliyi belə məlumat yayıb.

“Boqota ABŞ-dən qayıdan kolumbiyalı bütün qeyri-qanuni mühacirlərin, o cümlədən ABŞ hərbi təyyarələri ilə məhdudiyyətsiz və gecikmə olmadan, qeyd-şərtsiz qəbul edilməsi də daxil olmaqla, prezident Donald Trampın bütün şərtləri ilə razılaşdı”, - xanım Livitt bildirib.

Bununla belə, “The Associated Pres (AP)” agentliyi Trampın elan etdiyi digər məhdudiyyətlərin qüvvədə qalacağını yazır.

Qeyd edək ki, Tramp daha əvvəl Kolumbiya rəsmilərinə ABŞ-yə səyahət qadağası, Kolumbiya hökumətinin üzvlərinə, onların qohumlarına və tərəfdarlarına qarşı “viza sanksiyaları” tətbiq edib və bütün Kolumbiya vətəndaşları üçün sərhəd yoxlamasını gücləndirib.

Meksika miqrantları geri qəbul etmək istəmir
Belə tədbirlər Boqotanın əvvəlcə ABŞ-dən miqrantları daşıyan təyyarələri qəbul etməkdən boyun qaçırması ilə bağlı olub. “Reuters agentliyinin məlumatına görə, Kolumbiya hökuməti təxminən 160 nəfəri gətirən ABŞ hərbi təyyarələrinin ölkəyə girişinə icazə verməyib. Qanuna görə, deportasiya üçün qəbul edən hökumətin razılığı lazımdır.

“Biz deportasiya olunan miqrantları qəbul etməkdən imtina etmirik, lakin problem onların qolu qandallı və hərbi təyyarə ilə göndərilməsindədir”, - Kolumbiyanın prezidenti Qustavo Petro vurğulayıb.

Onun administrasiyası bildirib ki, miqrantların daşınması üçün prezident təyyarəsi ayrılıb. ABŞ-nin atdığı addıma cavab olaraq Qustavo Petro Trampın Kolumbiyada Amerika mallarına tətbiq etdiyi rüsumlarla eyni məbləğdə rüsumların tətbiq olunacağını açıqlayıb.

Bundan əvvəl ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) miqrantları daşıyan iki təyyarəsi (təxminən 160 nəfər) Meksika tərəfindən, həmçinin deportasiya olunanları qəbul etməyə razılıq verməmişdi. Yanvarın 24-də miqrantları daşıyan iki C-17 hərbi yük təyyarəsi Qvatemalaya, və iki təyyarə də Hondurasa eniş edib.

“Witness at the Border (Sərhəddəki Şahid)” hüquq müdafiəsi təşkilatının məlumatlarına istinad edən “AP” agentliyinin yazdığına görə, 2020-2024-cü illərda Kolumbiya deportasiya olunmuş miqrantları daşıyan 475 reys qəbul edib ki, onlardan da 124-ü keçən il baş verib. Bundan daha çoxunu isə Qvatemala, Honduras, Meksika və El-Salvador qəbul edib.

Sahil İsgəndərov
AzVision.az




Teqlər:   ABŞ   Kolumbiya   miqrantalr  





Xəbər lenti