"Ukraynada sülhə hələ çox var" - Şolz

   "Ukraynada sülhə hələ çox var"    - Şolz
  23 Yanvar 2025    Oxunub:363
Almaniya kansleri Olaf Şolz Ukrayna münaqişəsi mövzusunda diqqət çəkən açıqlamalar verib.
Siyasətçi "Rheinische Post"a müsahibəsində deyib ki, Ukraynada sülhə nail olmağa hələ çox var. Müttəfiqlər isə Almaniyanın təhlükəsiz gələcəyini təmin etməlidir.

Britaniya və Fransa Ukraynaya qoşun göndərməyi müzakirə edirlər - "The Telegraph"
Sülhməramlı qüvvələrin Ukraynaya yeridilməsinin mümkünlüyü ilə bağlı sualı cavablandıran Şolz qeyd edib ki, Kiyevin tərəfdaşları müharibə başa çatdıqdan sonra tez bir zamanda təhlükəsizlik təminatlarını müzakirə edəcəklər.

"Ukraynada müharibə bitsə, yaxşı olar. Əgər bu reallaşsa, o zaman biz Ukraynanın təhlükəsiz gələcəyini təmin edəcəyik. Söhbət təhlükəsizlik təminatlarından və Kiyevin güclü ordunu necə saxlaya biləcəyindən gedir. Ukraynanın güclü ordusunu necə ayaqda saxlaya və ya onları tərəfdaşlarımızla birlikdə necə təchiz edə bilərik? Biz bunu yaxın gələcəkdə müttəfiqlərimizlə müzakirə edəcəyik”, - kansler deyib.

Bununla belə siyasətçi vurğulayıb ki, hazırda bu cür spekulyasiyaların zamanı deyil. Çünki ukraynalıların başı üzərindən heç bir məsələ həll edilməməlidir.

Şolz Almaniyanın 25 milyard avro büdcə kəsirinin olmasını da xatırladıb. Məhz bu səbəbdən indi Ukraynaya yardımı artıra və NATO-nun tələb etdiyi kimi ÜDM-in 2%-ni müdafiəyə xərcləməyə başlaya bilməz.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Sülh  





Xəbər lenti