Tramp Baydenin taliblərə verdiyi hərbi texnikaları geri qaytara biləcəkmi?

 Tramp Baydenin taliblərə verdiyi hərbi texnikaları geri qaytara biləcəkmi?
  22 Yanvar 2025    Oxunub:290
ABŞ-nin yeni prezidenti Donald Tramp inauqurasiya ərəfəsində Amerika ordusunun 2021-ci ilin avqustunda Əfqanıstandan qaçarkən ölkədə qoyub getdiyi hərbi texnikaları geri qaytarmaq istəyir.
Xarici KİV-in yaydığı məlumata görə, əslində Əfqanıstanda geri qaytarılacaq elə bir sağlam texnika qalmayıb.

"Amerikanın Səsi" yazıb ki, Tramp inauqurasiyadan əvvəl keçirilən mitinqdə Bayden administrasiyasını "Taliban"a milyardlarla dollar verməkdə ittiham edib. Baydenin komandası Amerika hərbi texnikasının bu ölkədə olan əsas hissəsini də hərəkatın ixtiyarına verib.

“Taliban” Trampla razılaşmayıb
“Əfqanlara deyin ki, əgər biz Kabilə ildə milyardlarla dollar ödəyiriksə (söhbət BMT proqramları vasitəsilə Əfqanıstana humanitar yardımdan gedir – red.), hərbi texnikamızı verməsələr, daha bu pulu verməyəcəyik... Biz hərbi texnikaların geri qaytarılmasını istəyirik",-Tramp xəbərdarlıq edib. Siyasətçi konkret hansı texnikalardan söz açdığını izah etməyib.

“Defense Express” hərbi-analitik portalı Əfqanıstanda qalan texnikaların dəyərini hesablayıb. Qeyd edilib ki, söhbət bir neçə yüz zirehli texnikadan, ilk növbədə təkərli zirehli maşınlardan gedir. Siyahıda bir neçə aviasiya texnikası da var.

"Bloomberg" nəşri isə yazıb ki, “Taliban” hərəkatı ABŞ prezidenti Donald Trampın 7 milyard dollar dəyərində Amerika silahlarını geri qaytarmaq çağırışını rədd edib.

Xatırladaq ki, yanvarın 19-da tərəfdarları üçün keçirdiyi mitinqdə Donald Tramp “Taliban”ın Amerika silah və texnikasını qaytarmayacağı halda, Əfqanıstana bütün maliyyə yardımını kəsəcəyini bildirib. Həmin silahlar və avadanlıq 2021-ci ildə ABŞ qoşunları 20 ildən artıq müddətdən sonra Əfqanıstanı tərk edərkən taliblərin əlinə keçib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   ABŞ   Tramp   Taliban  





Xəbər lenti