Goldman Sachs: “Neft 90 dollara qədər bahalaşa bilər”

      Goldman Sachs:    “Neft 90 dollara qədər bahalaşa bilər”
  13 Yanvar 2025    Oxunub:542
Brent markalı neftin bir barrelinin qiymətinin 2025-ci ildə 90 dollara qədər yüksəlməsi mümkündür.
AzVision.az bildirir ki, “Bloomberg” nəşrinin sorğusuna cavab olaraq belə proqnoz verən “Goldman Sachs Group Inc.” şirkətinin analitikləri neftin məzənnəsində gözlənilən artımın əsas vacib amili kimi ABŞ-nin Rusiyaya qarşı son sanksiyalar paketini göstəriblər.

Şirkətin ekspertlərinin fikrincə, Donald Trampın gələcək administrasiyası digər böyük neft tədarükçüsü olan İrana qarşı sanksiyalar tətbiq edərsə, neftin qiyməti bir barrel üçün 90 dollara çata bilər. Belə ssenari fonunda Rusiyanın və İranın neft hasilatı 1 milyon barrel azalacaq.

Mənfi amillərə baxmayaraq, “Goldman Sachs Group Inc.” ehtiyatlı proqnozlar verir və bu il bir barrelin qiymətinin orta hesabla 76 dollar olacağını düşünür. “RBC Capital Markets LLC” şirkətinin ekspertləri isə bu il neftin orta hesabla 80 dollar/barrel civarında satılacağını gözləyirlər.

“Bununla belə, biz bu ssenarini son illərdə dəfələrlə görmüşük və tədarük zəncirinin dayanıqlığı davamlı olaraq gözləntiləri üstələyib”, - şirkətin eksperti Brayan Leyzen verilən proqnozları şərh edib.

ABŞ Rusiyaya qarşı sanksiya siyahılarını genişləndirib
Xatırladaq ki, Vaşinqton yanvarın 10-da Rusiyanın enerji sektoruna qarşı yeni sanksiyalar tətbiq edib. Sanksiya siyahısına, xüsusən də “Qazprom Neft” və “Surqutnefteqaz”, onlarla neft xidməti şirkəti və Rusiya ilə neft alveri edən treyderlər salınıb. Bu gün isə, “Brent” etalon neftinin alqı-satqısı üzrə fyuçerslərin qiyməti 2024-cü ilin avqustun sonundan bəri ən yüksək səviyyəyə qalxaraq 81,11 dollar/barrel təşkil edib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   neft   proqnoz   bahalaşma  





Xəbər lenti