Pomidor niyə bahalaşdı? / Ekspertlər qiymət artımının səbəbini açıqlayır

  Pomidor niyə bahalaşdı? / Ekspertlər qiymət artımının səbəbini açıqlayır
  09 Oktyabr 2023    Oxunub:1495
Son günlər Azərbaycanda pomidorun qiyməti bu mövsüm üçün xarakterik olmayan həddə bahalaşıb. Ölkə bazarlarında, iri supermarket şəbəkələrində 1 kq pomidor 4-6 AZN arasında satılır. Halbuki keçən ilin eyni dövründə pomidorun qiyməti 1-2 AZN idi. Azərbaycanda heç zaman bu mövsümdə pomidorun qiymətində bu dərəcədə artım müşahidə olunmayıb.
Bəs süfrəmizin vazkeçilməz tərəvəzi olan pomidorun qiyməti niyə artıb?

Aqrar Tədqiqatlar Mərkəzi (ATM) artıq bununla bağlı regionlarda və bazarlarda monitorinqlər aparıb. Qurumun direktoru Firdovsi Fikrətzadə AzVision.az -a-a bildirib ki, qiymət artımına səbəb yay mövsümündə açıq sahədə yetişdirilən pomidorun uzun müddətli yağışlı havalar səbəbindən çürüməsidir:
“Yağışlı havalar məhsulun yetişmə dövrünə təsadüf etdiyi üçün pomidorlar sahələrdə xarab oldu. Nəticədə hesablanmış həcmdə məhsul bazara çıxarılmadı, təklif azaldı və bu da qiymətin artımına təsir etdi.

Məsələn, keçən il Salyandan gələn açıq sahə pomidoru 1,60 AZN idisə, bu günlərdə pərakəndə satış qiyməti 3, 50 AZN-dir. Çərayı pomidor 1, 70 AZN-ə satılırdısa, hazırda bazarlarda 5,50 AZN-ə təklif edilir. Keçən il Salyan sortu 1,60 AZN, Göyçay pomidoru 1,90 AZN, Xaçmazın “Sultan” sortu 1,10 AZN idisə, hazırda müvafiq olaraq 3,60 AZN, 4,25 AZN, 2,75 AZN-dir. Göründüyü kimi, pomidor mövsüm üçün xarakterik olmayan həcmdə bahalaşıb”.



Direktor digər məhsulların qiymətlərində artım olmadığını qeyd edib. Məsələn, kartofla, soğanın qiyməti keçən illə müqayisədə əhəmiyyətli şəkildə aşağıdır. Keçən il kələm mövsüm başlayanda baha idi. Məsələn, Bərdə kələmi 85 qəpik, Xaçmaz kələmi 75 qəpik idisə, hazırda pərakəndə satış qiyməti 50-55 qəpikdir. Ən çox dəyişikllik yalnız pomidordadır.

F.Fikrətzadə ixracın pomidorun qiymətinə təsiri barədə şərhlərin yanlış olduğunu vurğulayıb. O qeyd edib ki, açıq sahədə olan pomidorlar ixrac olunmur, o yalnız daxili bazar üçündür.

Pomidorun qiyməti 25 faiz aşağı düşür
Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Bəşir Quliyev istehsalın həcminin azalmasının bir neçə səbəblə əlaqələndirib. O, əsas faktor kimi istixana və açıq sahələrdə pomidor yetişdirənlərin mənfəətlərinin aşağı düşməsini göstərib. Bir çox müəssisələr ziyanla işlədiyi üçün istehsalı dayandırıb. Nəticədə təklif azalır, qiymətlər artır.


B.Quliyev ikinci səbəb kimi isə mövsümü göstərib. O qeyd edib ki, Azərbaycanda istixanalarda pomidor əkini avqustda həyata keçirilir. İlkin məhsul isə oktyabrın sonuna yaxın çıxır.

- Artıq pomidorun qiyməti düşüb və hətta bazarlarda keçən həftədən 25 faiz azalma müşahidə olunur. Növbəti həftələrdə də qiymət enəcək, çünki istehsal həcmi istixanalarda yetişdirilən təzə pomidorlar hesabına artır. Təklif çoxalır və məhsulun dəyəri düşür. İki-üç həftənin ərzində qiymətlər normal həddə olacaq,- Assosiasiya sədri qeyd edib.

“Satış qiyməti bəzi illərdə o qədər aşağı düşürdü ki, insanların məhsulları əllərində qalırdı. Sentyabrın və oktyabrın əvvəli biz heç vaxt açıq tarlalarda yetişdirilən pomidoru yemirdik, bu əsasən avqustda olurdu. Sentyabr-oktyabr aylarında Bakıətrafı kəndlər, Göyçay, Saatlı-Sabirabad zonasındakı soyuq istixanalarda pomidor yetişdirilirdi. Lakin onlarla bağlı iki problem oldu. Birincisi neçə il dalbadal ziyan etdilər. Məsələn, Bakıətrafı kəndlərdə xırda fermerlərin aşağ texnologiyalı istixanaları artıq mövcud deyil. İkinci səbəb isə həmin istehsalçılara çox ciddi tələblər tətbiq olunmağa başlandı. Bu da fitosanitar vəziyyətlə bağlı idi”.

Naxçıvanın sabiq kənd təsərrüfatı naziri, aqrar sahə üzrə ekspert Rəcəb Orucovun sözlərinə görə, bu il hava şəraiti və tərəvəz yetişdirilən bölgələrimizdə əkin sahələrin genişləndirilməsi istiqamətində imkanların olmaması qiymətlərə təsir edib.

“Bazarın tənzimlənməsi tələb-təklif əsasında formalaşır. Pomidor bu aylar içərisində aşağı düşməlidir. Lakin ümimi təlabatın ödənilməməsi baxımından qiymət artımı müşahidə edirik. Həmçinin tərəvəz istehsalında uzun müddət dalğalanmaların olması, normal bazar tənzimlənmələlərinin olmaması qiymətə təsir göstərir.

Tərəvəz sahələrində fitosanitar vəziyət də ağırdır. Qeyri-sabit hava şəraiti nəticəsində tərəvəzlər üçün ənənəvi xəstəliklərin sayı çoxalıb. Digər tərəfdən məhsulun yaxşı yetişdirilməsi və saxlanması üçün xeyli vəsait tələb olunur. İstehsalçı satış xərclərində mənfəət əldə etməyəndə işdən soyuyur və əkin sahəsini genişləndirmir. Beləliklə, obyektiv və subyektiv səbəblərdən əkin sahələri azalır, təklif aşağı düşür, qiymətlər artır”,- ekspert vurğulayıb.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti