Rusiya niyə Belarusda nüvə silahı yerləşdirir? - Minskdən rəy
Ona görə də, NATO bloku və Ukrayna ilə real müharibə təhlükəsi onlara hərbi cavab verilməsini tələb edir. Belarus ordusunun sayı cəmi 50 min nəfərdir. Belə uzun sərhədi qorumaq üçün bu kifayət deyil. Ölkəni Şimali Koreya kimi tam hərbiləşdirmək isə iqtisadi inkişafı dayandırmaq deməkdir. Bu da doğru seçim deyil. Ona görə də ən yaxşı variant elə Rusiyanın taktiki nüvə silahıdır. Bu silahlar ümid verir ki, nə Polşa, nə də Ukrayna Belarus ərazisinə təcavüz etmək üçün təxribatlara əl atacaq”.
Belaruslu ekspert deyib ki, taktiki nüvə silahının bəzi özəllikləri var. Bu silahlar çox çevik tətbiq olunur və onlardan istifadə qərarını çox vaxt hərbi komandanlıq özü verir. Təbii ki, bu silahlar Rusiyanındır və onların istifadəsi ilə bağlı qərarı da lazım gəldikdə Rusiya verəcək, lakin Belarus rəhbərliyinin mövqeyi həlledici olacaq. Bu səbəbdən də bu silahların Belarusda yerləşdirilməsi sadəcə simvolik bir hərəkət deyil.
“Biz Rusiyanın həmişə qətiyyətli olmadığını bilirik. Rusiyada ən yüksək səviyyəli qərarların qəbulu çox vaxt şəxsi maraqlardan qaynaqlanır, odur ki, Rusiyanın yalnız milli təhlükəsizlik mülahizələrinə əsaslanaraq nüvə silahından istifadə edəcəyinə heç bir zəmanət yoxdur. Lakin Belarus rəhbərliyi maraqlı tərəf kimi çıxış edərsə, əmin ola bilərsiniz ki, oliqarxlar və ya milli təhlükəsizlikdən çox şəxsi maraqları düşünən digər təsir mərkəzləri ona güclü təsir edə bilməyəcək. Ona görə də, Belarus ərazisində bu silahların, eləcə də bu silahları daşımağa qadir modernləşdirilmiş təyyarələrin yerləşdirilməsi, Belarus ekipajlarının nüvə silahı ilə işləməyə uyğunlaşdırılması ümid verir ki, məqamı gəlsə, heç bir oliqarx, yaxud sadəcə “yaxşı bir adam” Belarusun müstəqilliyini xarici zərbədən qoruyacaq şəxsin əlini tuta bilməyəcək. Nəhayət, nüvə silahının “Kinjal” raketlərini daşımaq üçün rekonstruksiya edilmiş təyyarələrdə yerləşdiriləcəyini də qeyd etmək lazımdır”, - həmsöhbətimiz bildirib.
Həmin raketlərin xüsusiyyətlərindən danışan Şevtsov qeyd edib ki, onları müasir hava hücumundan müdafiə sistemləri vura bilmir, bu səbəbdən öz fəaliyyət radiuslarında istənilən nöqtəyə nüvə başlığı daşıya bilirlər: “Bu raketlər Belarus ərazisindən 2,5 min kilometr məsafədə yerləşən hədəfləri vura bilər. Söhbət ilk növbədə Londondan gedir. Bu səbəbdən bu təyyarələrin Belarusda yerləşdirilməsi taktiki nüvə başlığının Londona çatacağına zəmanət verir. Əgər bu təyyarələr Smolensk yaxınlığında olsaydılar, belə bir zəmanəti vermək olmazdı. Silahların Belarusda “Kinjal” kimi daşıyıcılarda yerləşdirilməsi artıq ölkə ərazisini sadəcə olaraq, məsələn, Polşadan gələcək mümkün zərbələrdən qorumaq tədbiri deyil. Bu artıq bütün NATO blokunun və bu gün onun Ukraynadakı müharibəyə həddən artıq girişən anqlo-sakson hissəsinin cilovlanması üçün strateji aktdır”.
Samir Vəliyev
AzVision.az