Almaniya ilə Fransa arasındakı narazılıq böyüyür - “Modern Diplomacy”

   Almaniya ilə Fransa arasındakı narazılıq böyüyür -    “Modern Diplomacy”
  12 Yanvar 2023    Oxunub:2915
Avropanın birlik layihəsinin mərkəzində Fransa ilə Almaniya münasibətləri dayanır. Bu münasibətlər Avropada sabitliyinin açarıdır. Lakin Ukraynadakı müharibədən sonra vəziyyət dəyişib.
Hər iki ölkədə Avropada hökm sürən enerji böhranı və öz müdafiə siyasətlərilə bağlı fikir ayrılıqları var. Rusiya-Ukrayna müharibəsinin qızğın çağında, Avropanın əməkdaşlığa daha çox ehtiyacı olduğu bir zamanda artan fikir ayrılıqları Avropa İttifaqı üçün nə demək olacaq? “Modern Diplomacy” bu suala cavab axtarıb.

Jurnal yazır ki, hər iki ölkə qitənin ən əhəmiyyətli iki iqtisadiyyatına malikdir; onlar Aİ-nin sütunları hesab olunurlar. Lakin Rusiya-Ukrayna müharibəsi başlayandan iki ölkə arasında enerji, müdafiə və iqtisadiyyat kimi məsələlərdə fikir ayrılıqları güclənib. Uçurum Rusiya qazının çatışmazlığı və onun iqtisadiyyata təsiri ilə daha da dərinləşir.

Almaniyanın qazın qiymətlərinin sürətlə artmasına subsidiya vermək üçün birtərəfli qaydada 200 milyard avro xərcləməsi müharibənin enerji xərclərinə təsirindən narahat olan Parisdə və digər Avropa paytaxtlarında böyük səs-küyə səbəb olub. Bu, Aİ səviyyəsində enerji məhdudiyyətlərinə və bahalı qazın qiymətlərinin təsirini yüngülləşdirmək üçün birgə borcların artması siyasətinə ziddir. Almanların və fransızların hansı enerji mənbəyindən istifadə edilməsi ilə bağlı fikirləri də üst-üstə düşmür. Bu, Fransa prezidentinin narazılığına səbəb oldu. O, Avropanın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Almaniyanın ona əvvəlcədən məlumat verməməsinə görə əsəbiləşdi. Fransa rəsmilərinin fikrincə, Alman paketi daha çox iqtisadi parçalanmaya səbəb olacaq, Berlin hökuməti isə biznes üçün enerjiyə subsidiya verməklə blok daxilində rəqabəti pozacaq.


Müdafiə məsələsinə gəlincə, Berlinin son hərbi satınalma qərarları ilə bağlı başqa bir sual ortaya çıxır. Almaniyanın yeni yaratdığı 100 milyard avroluq investisiya fondunun bir hissəsini ABŞ-ın “F-35” qırıcılarına xərcləmək qərarı Parisi qıcıqlandırıb. Bu satınalmalar Fransa ilə yeni nəsil qırıcı təyyarələrin və tankların hazırlanmasında uzun müddət davam edən əməkdaşlıq səylərinə ciddi zərbə oldu.

Makron bu cür hərəkətlər Avropanın öz müdafiəsini gücləndirmək üçün effektiv hesab etmir. Fransa eyni zamanda qitənin hərbi imkanlarını artırmaq üçün Paris və Berlinin 2017-ci ildə başlatdıqları və Avropanın flaqman müdafiə layihəsi olan “Future Combat Air System”in ləng irəliləyişindən məyusdur.

Almaniyanın Ukraynaya silah tədarükünü uzun müddət gecikdirməsi ilə bağlı narahatlıqlar da var. Bundan başqa, Almaniya və Fransa istisna olmaqla, digər 14 Avropa ölkəsi NATO-nun son konfransı çərçivəsində “Səma Qalxanı” təşəbbüsünü imzalayıblar. Bu razılıq Fransa ilə İtaliyanın “Mamba” raketdən müdafiə layihəsi üzrə əməkdaşlığına məhəl qoyulmadan əldə edilib.

Aİ-nin enerji siyasətinin prioritetləri ilə bağlı fikir ayrılıqları da var. Tədarükün kəsilməsi Almaniya iqtisadiyyatının sabitliyinə birbaşa təhlükə törədir. Nüvə və alternativ enerjinin kombinasiyasına əsaslanan Fransa isə nəzəri olaraq karbohidrogenlərdən, xüsusilə də Rusiya qazından daha az asılıdır. Buna görə də, Fransa rəhbərliyi Rusiya nefti və qazı üçün məhdud qiymətin tətbiqini həvəslə dəstəkləyərək, Aİ daxilində “yaşıl kursu” ən azı qismən davam etdirməyə çalışa bilər. Ancaq almanlar ekoloji göstəriciləri pozmaq bahasına olsa belə, tükənmiş enerji mənbələrini mümkün qədər qısa zamanda əvəz etməlidirlər.

Son bir neçə ildə Avropada güc balansının Almaniyadan uzaqlaşması faktı ilə bağlı bu fikir ayrılığı daha da dərinləşəcək. Şolts Merkel qədər siyasi nüfuza malik deyil, Almaniyanın Rusiya qazından asılılığı isə vəziyyəti ağırlaşdırır.

Aİ-nin ən güclü və ən zəngin iki üzvü arasında tarixən münaqişələr olub. Hazırkı narazılıq Fransa və Almaniyanın Aİ-dəki liderliyini şübhə altına alan Polşa və Baltikyanı ölkələrin ittihamları fonunda xüsusilə nəzərə çarpır. İkinci Dünya Müharibəsinin xarabalıqları üzərində qurulmuş Avropanın yaşamaq qabiliyyəti üzləşdiyi çətinliklər səbəbindən şübhə altına düşüb. Bunun miqyası və nəticələri bir qədər sonra da özünü göstərə bilər.

Sonda “Modern Diplomacy” yazır ki, bu gün gərəkli olan iki ölkənin ayrılması yox, Fransa ilə Almaniya arasında tərəfdaşlığın canlanmasıdır. Çünki hər ikisi əməkdaşlığının və İttifaqının mühərrikləri sayılırlar.

Nadir Quliyev
AzVision.az


Teqlər: Avropa  





Xəbər lenti