“Sevgi mövsümü”ndə depressiya –ÇIXIŞ YOLU

“Sevgi mövsümü”ndə depressiya –ÇIXIŞ YOLU
  03 Aprel 2013    Oxunub:7714
“Bahar depressiyası”nı necə ram etməli?
Təbiətin insanın psixikasına, davranışına birbaşa təsiri var. Bu mənada bahar fəsli gələndə təbiətdə baş verən yenilənmə, canlanma və qeyri-sabitlik insanlara da sirayət edir. İnsanlarda həm müəyyən fiziki, həm də emosional boşluq yaranır. Belə desək, insan orqanizmi bu canlanmaya qarşı “üsyan” qaldırır. Bəzən heç bir səbəbsiz insanda fiziki və zehni yorğunluq, halsızlıq hiss olunur. Bəzənsə qəribə bir qəmginlik hissi duyulur, ətrafdakılar qıcıq yaratmağa başlayır. Bütün bu halların bir izahı var - bahar depressiyası...

Yaz depressiyasını yaradan səbəblər...

“Bir-iki həftəyə keçər” deyib, hər şeyin öz axarına düşəcəyi günü gözləyə bilərik. Lakin ən yaxşısı və doğrusu ruhumuzu yoran bu sıxıntıya qarşı mübarizə aparmaqdır.

Ancaq əvvəlcə onu yaradan səbəbləri bilməliyik. Yaz depressiyasının ən çox yayılan səbəblərindən biri də avitaminoz - orqanizmdə vitamin çatışmazlığıdır. Çünki ötən qış və ya payızdan yaza qalan meyvə və tərəvəzlər uzun müddət saxlandığına görə tərkibindəki vitamini itirir. Bioloji cəhətdən xarakterik olaraq orqanizmimizdə baş qaldıran “yenidənqurma prosesi” də müəyyən mənada əhval-ruhiyyəmizə təsir göstərir. Təbii ki, orqanizmimizin harmoniyası da müvəqqəti olaraq pozulur.

“Oksigen acılığı”, az hərəkət etmək, passiv həyat tərzi, çox yemək və s. kimi səbəblərdən yazın əvvəllərində orqanizm yorulur. Qeyri-ixtiyari olaraq biz öz yorğun, yuxulu, bəzən əsəbi halımıza həddindən çox fikir verməyə başlayırıq. Yeri gəlmişkən, yuxusuzluq bu mövsüm üçün olduqca təbii haldır. İşıq rejimi artıq dəyişib, günlər daha uzun, gecələr daha qısa olub, melatonin (yuxu hormonu) isə qış normasına uyğun istehsal edilir.

Sevgi depressiyası – ondan necə qurtulmalı?

Psixoloq Naib Niftəliyev bildirir ki, sevgi, məhəbbət oyanan yerdə depressiya ehtimalı həmişə olur. Sevgi öz-özlüyündə pozitiv, müsbət hiss olsa da, neqativ emosiyalarla müşayiət olunması da danılmazdır: “Bu fəsildə insanların duyğuları, eləcə də neqativ emosiyaları, narahatlığı, gərginliyi oyanır. Doğrudur, bahar depressiyasını xüsusi bir sindrom kimi qiymətləndirmək bir qədər mübahisəlidir. Bununla yanaşı, bu fəsildə insanların hisslərinin kövrək, fikirlərinin dağınıq, düşüncələrinin bir qədər qarışıq olması belə bir təmayülün mövcudluğunu söyləməyə əsas verir.
Sevgidən doğan depressiya çox zaman hisslərin düzgün qiymətləndirilməməsindən, idarə oluna bilməməsindən yaranır”.

Psixoloqun sözlərinə görə, sevgidə münasibətləri nə qədər tənzimləmək istəyi olsa da, əksər hallarda hisslər ağılı üstələyir: “Bu mənada, şüurun, düşüncənin qapanması, daralması baş verir, reallıq, obyektivlik hissi əhəmiyyətli dərəcədə itirilir. Adi bir anlaşılmazlıq, hisslərin uyğunsuzluğu, tərəflərin gözlədiyini əldə edə bilməməsi isə dərin məyusluq, isteriyaya bənzər yaşantılarla müşayiət olunan sevgi depressiyası yaradır”.

Ancaq sevgi depressiyasından qurtulmaq mümkündür: “Bir şərtlə ki, insan hər zaman özünü və hisslərini nəzarətdə, diqqətdə saxlamağı bacarsın. Bu, həm də müəyyən vərdişlər, həyat təcrübəsi tələb edir. Ən sadə üsul problemə problem kimi baxmamaq və günü müsbət ovqatla başlayıb pozitiv bir şəkildə başa vurmaqdır. İnsan özünü kənar təsirlərdən bir qədər uzaq tutmalı, əsas məqsədindən, hədəfindən heç vaxt yayınmamalıdır. Yəni bir qədər açıqgözlü, soyuqqanlı olmaq həmişə işə yarayır”.

Depressiyasız bahar yaşamaq istəyirsinizsə...

Qeyd edək ki, yaz depressiyasının başqa səbəbləri də var, ancaq bizi maraqlandıran əsas məqam həmin səbəblərdən daha çox bu dilxorçuluqdan qurtulmaqdır. Əslində isə, xilas yolu çox sadədir - sadəcə özünü ələ alıb gündəlik rutini qaydaya salmaq, düzgün qida rejiminə əməl etmək lazımdır. Apteklərə müraciət etmək, bioloji əlavələrdən istifadə etməyə heç də ehtiyac yoxdur. Orqanizmin “yaz havasını” artırmaq elə də çətin deyil.
- Özünüzü gündəlik gəzintilərə çıxmağa məcbur edin;
- Əgər işin çoxluğundan bununla bağlı problemləriniz varsa, onda elə işə piyada gedib-gəlin. Heç olmazsa yarım saat gəzin. Mümkün qədər nəqliyyat vasitələrinin az olduğu əraziləri seçin;
- İmkan varsa, fitneslə məşğul olun, idman zallarına baş çəkin və ya evdə istifadə edə biləcəyiniz hansısa bir trenajor alın. Səhər idmanını da yaddan çıxarmayın;
- Kontrast duş (isti-soyuq su ilə yuyunmaq) qəbul etmək də çox xeyirlidir;
- Fiziki iş də insanı gümrah etməklə yanaşı, əhval-ruhiyyəni də artırır, emosional vəziyyətə müsbət təsir edən endorfin istehsalına kömək edir;
- Yediklərinizə diqqət edin. Yağlı və yüksək kalorili qidalardan əl çəkin. Xüsusi dieta saxlamaq elə də vacib deyil. Sadəcə rasionunuzda meyvə- tərəvəz, balıq, süd məhsulları, mikroelementlər, yodla zəngin ərzaqlar, müxtəlif sıyıqlar kimi qidaları artırın. Bununla yanaşı, oruc qaydalarına uyğun olaraq pəhriz saxlamanız da yaxşı olar. Əsas odur ki, orqanizminizin tükənməsinə yol verməyəsiniz;
- Unutmayın ki, yeməklər həm də sizə sevinc gətirməlidir, axı yazda müsbət emosiyalar çox vacibdir. Bunun üçün “sevinc qidaları” var ki, onlara acı şokolad, banan, sitrus meyvələri, əncir, xurma, çiyələk, acı qırmızı bibər, pomidor, pendir aiddir. Daha çox təbii şirələr, kompotlar, immunitetin güclənməsi üçün müalicəvi ot çaylarından istifadə edin.;
- Tənbəlliyin daşını bir kənara atıb restorana, kinoya ,teatra, muzeylərə, sərgi salonlarına baş çəkin;
- Özünüzə xoşladığınız xırda bəzək əşyaları, ətir, paltar alın. İmkan varsa, səyahətə çıxın, qonaq gedin, qonaq qəbul edin.

Yaz depressiyasından qurtulmağa içərisində olduğunuz məkanın interyerini, dizaynını dəyişdirmək də kömək edir. Sadaladıqlarımıza əməl etsəniz, yaz depressiyasının sizdən kənar olacağına əmin ola bilərsiniz. Çünki həyatınızda ona yer qalmayacaq.

Sevinc Fədai
Səbinə Həsənova



Teqlər:  





Xəbər lenti