Müdafiə naziri niyə Fransaya getdi? - TƏHLİL

Müdafiə naziri niyə Fransaya getdi? - TƏHLİL
  14 Yanvar 2014    Oxunub:1352
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov yanvarın 13-də Fransaya rəsmi səfərə yola düşüb. Müdafiə Nazirliyinin mətbuat xidmənin yaydığı məlumatda bildirilir ki, səfər çərçivəsində azərbaycanlı nazir Zakir Həsənov fransalı həmkarı Jan-İv Le Drian, Fransa Silahlı Qüvvələrinin baş qərargah rəisi Eduard Qiyo və fransanın silah istehsal edən bir sıra iri şirkət rəhbərləri ilə görüşləri nəzərdə tutulub.

Məlumatda həmiçinin qeyd olunur ki, görüşlər zamanı ikitərəfli və regional hərbi əməkdaşlığın perspektiv imkanları müzakirə ediləcək və Azərbaycanın Müdafiə Nazirliyə ilə Fransanın Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq anlaşması imzalanacaq.

Fransa tarixən özünəməxsus, dəyişkən xarici siyasət yürüdən və Avropa daxilində güclü mövqeyə malik dövlətlərdəndir. Fransada güclü erməni lobbisinin olması bu ölkənin Türkiyə və Azərbaycanla münasibətləridə öz mənfi təsirini göstərdiyini demək mümkündür. Azərbaycanın xarici siyasətində Fransa ilə münasibətlərə xüsusi önəm verilməsinin əsas səbəblərindən biri odur ki, ATƏT-in Minsk qrupunun həmsədri kimi bir çox hallarda daban-daban zidd mövqedə dayanan Vaşinqtonla Moskva arasında Parisin kimin tərəfində olması bəzən həlledici rol oynayır. Fransa prinsip etibarı ilə, Qərbi təmsil etdiyi üçün Amerikaya yaxın mövqedən çıxış etməli olduğu halda daxili ictimai fikri nəzərə alaraq ermənipərəst mövqe sərgiləyir. Fransada Azərbaycan mədəniyyətinin təbliği, Azərbaycanın müxtəlif layihələrlə Fransada dini məbədlərə ehtiram göstərməsi əslində bu ölkədə Azərbaycana qarşı müsbət ictimai rəyin formalaşdırılması üçün hesablanmışdır.
Hərbi sahədə Azərbaycanla Fransa əməkdaşlığı ölkələrarası münasibətlərin daha da yaxınlaşmasına müsbət təsirini göstərəcək.

Avropanın tədricən ümumi iqtisadi tənəzzüldən çıxmağa çalışdığı bir dövrdə milli hökumətlər daxili iqtisadiyyətı bərpa etməyə çalışırlar. Konkret olaraq Fransaya gəldikdə isə, bu ölkə Avropada güclü hərbi sənayeyə malik dövlətlərdən biridir. Söhbət ondan gedir ki, Fransa silahı üçün yeni satış bazarları tapılmalıdır.

Prezident Fransua Olland sələfi Nikolya Sarkozidən fərqli olaraq məsələlərə daha praqmatik yanaşmaya üstünlük verir. Sarkozidən fərqli olaraq o anlayır ki, hazırda əsas silah satışı bazarı hesab edilən Suriyadakı qiyamçılara silahın satılması yalnız Türkiyə vasitəsilə həyata keçirilə bilər. Məhz bu səbəbdən Olland Türkiyəni “erməni soyqırımı”nı tanımaqla şantaj etmək yerinə öz yaxın dostu olan müdafiə naziri Jan-İv Le Drianı keçən il danışıqlar aparmaq üçün Ankaraya göndərmişdi. Təbii ki, Suriyadakı qiyamçılara ərəb şeyxlərinin neft pulları hesabına alınan silahların bir hissəsini Fransadan almağa yönəltməsi Ankara üçün Parisi nəzarətdə saxlamağa əlavə rıçaq verir. Fransa iə öz məhsullarını satmaqla gəlir əldə edir və sosialist prezident Ollanda seçicilərə söz veridiyi sosial layihələri həyata keçirməsinə şərait yaradır.

Yeri gəlmişkən, qeyd edək ki, bu günlərdə Parisdə “Suriyanın dostları” qrupu ölkələrin növbəti toplantısı keçirilir. Bu qrupu “Suriyadakı qiyamçıların dostları” adlandırmaq daha doğru olar. ABŞ dövlət katibi Con Kerri və Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu da bu görüşdə iştirak edirlər. Azərbaycanlı nazirin də məhz bu ərəfədə Parisə yollanması təsafdüfi hesab oluna bilməz.

Konkret olaraq Azərbaycan Fransa hərbi əməkdaşlığına gəldikdə isə qeyd etmək lazımdır ki, Paris iqtisadiyyatına əlavə nəfəs vermək üçün gəlir əldə etməli və silah satışı həyata keçirməlidir. Buna görə Olland ənənəvi ermənipərəst mövqeyindən əl çəkməyə məcbur olub. Sirr deyil ki, Azərbaycan regionun ən böyük silah idxalçılarından biridir. Bakının alacağı silahların bir hissəsini Fransadan alması Dağlıq Qarabağ probleminin həllində strateji əhəmiyyətə malikdir. Azərbaycanın Fransanın Minsk qrupu çərçivəsində mövqeyinə təsir real təsir imkanı yaranır. Digər tərəfdən, Ermənistan ənənəvi tərəfdaşını itirir. Fransa Azərbaycanın aldığı silahın kimə qarşı istifadə edəcəyini təbii ki, bilir. Bu isə kiçik qardaş olan Ermənistanı Fransadan küsdürəcək. Hər bir halda Azərbaycanla Fransanın hərbi əməkdaşlığı Yerevanın Parisə olan inamını azaldacaq. Eyni zamanda Rusiya ilə Fransa arasında silah satışı üçün rəqabət yaranacaq ki, yekun nəticədə bu Parisin geosiyasi mövqeyinin Amerikayönümlü olmasına təkan verəcək.

Tofiq Əsgərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti