İdeoloji müdaxilənin gənc qurbanı: Ayselin faciəsindən çıxarılmalı nəticələr – TƏHLİL

      İdeoloji müdaxilənin gənc qurbanı:    Ayselin faciəsindən çıxarılmalı nəticələr –    TƏHLİL
  11 Mart 2020    Oxunub:7504
Martın 8-də Bakıda “feminist aksiyası” adı ilə keçirilən biabırçı tədbirin ilk qurbanları artıq ortadadır. Mitinqdə “Vagina mənimdir, özüm bilərəm” sözləri yazılmış biədəb plakatı qaldıran Aysel Ələkbərzadə özünü ikinci mərtəbədən atmaqla, intihara cəhd edib. Bu hadisə, sözsüz ki, bir çox suallar doğurur: Faciəyə səbəb nədir? Onun arxasında nələr dayanır və məsuliyyətini kimlər daşımalıdır?
Belə görünür ki, Ayselin əsəbləri möhkəm pozulduğu üçün o, suisidial davranışlara meyilli vəziyyətə gəlib və bu halında hansısa kənar təsirə əsəbləri dözməyərək, həmin adımı atıb. Təbii ki, bütün ölkə sənin hərəkətini qınayıb, özünü də söyürsə, bu vəziyyətdə ruhi müvazinətini qoruyub saxlamaq üçün dəmir əsəblər lazımdır. Çox güman, 24 yaşlı gənc qız yazdığı şüarın nələrə gətirib çıxara biləcəyini əvvəlcədən aydın təsəvvür edə bilməyib. Bütün bunlar ona sadəcə, feminizm oyunu kimi gəlib, yaxud, belə aşılanıb. Xaricdə hazırlanan ideyanın Azərbaycan mühitində necə ağır təsirlər doğuracağını anlamaq iqtidarında olmayan şəxslər bu “vagina üsyançısı” rolunu ona ayırıblar, o da qəbul edib. Bəlkə də əksinə, ssenaristlər nə etdiklərini yaxşı bilirmişlər – gənc qızdan fərqli olaraq...

Bu yerdə qeyd edək ki, Bakıda baş tutan “8 marş” aksiyasının əslində nə olduğunu və haradan qaynaqlandığını daha yaxşı başa düşmək üçün onu eyni gündə digər ölkələrdə baş verən oxşar hadisələrin kontekstində nəzərdən keçirmək lazımdır. Belə ki, bizimlə eyni vaxtda daha bir neçə ölkədə eyni tipli aksiya baş tutub. Bunlar hansı ölkələrdir?

Rusiya: Moskvada keçirilən aksiyada qadın hüquqları ilə yanaşı, LGBT üzvlərinin məsələsi də qaldırılıb (bizdəki kimi);
Türkiyə: İstanbulda polis Taksim meydanında keçirilməli olan icazəsiz aksiyanı gözyaşardıcı qazdan istifadə etməklə dağıdıb;
Ukrayna: Kiyevdə 2000 qadının iştirak etdiyi aksiyada qadınlar vaginalarıın özlərinə məxsus olması haqqında plakatlar qaldırıblar (bizdəki kimi). Bundan başqa, LGBT ilə bağlı şüarlar da səsləndirilib (bizdəki kimi);
Qırğızıstan: Bişkəkdə bir neçə dəqiqədən sonra maskalı, əli dəyənəkli kişilərin hücumu nəticəsində aksiya dağıdılıb;
Latviya: Riqada qadınların aksiyasına kişi aktivistlər də qoşulub (bizdəki kimi);
Moldova: Kişinyovda baş tutan aksiyada İstanbul Konvensiyasına qoşulmaq tələb edilib (bizdəki kimi).

Göründüyü kimi, eyni proses demək olar, elə eyni şəkildə bir neçə ölkədə baş verib. Hətta şüarlar və tələblər də hər yerdə eynidir: İstanbul konvensiyası, LGBT hüquqları, “Rədd olsun patriarxat” və lənətə gəlmiş “vaginizm” “xəstəliyi”... Bu, təsadüf ola bilərmi? İnandırıcı deyil. Daha real görünən variant bütün bu aksiyaların eyni mərkəz tərəfindən təşkil və idarə olunub. Türkiyə, Azərbaycan, Rusiya da daxil olmaqla regionun bir neçə dövləti isə əsas hədəfdir.



İndi konkret aydın olur ki, Ayselin qaldırdığı "Vagina mənimdir…" plakatı onun öz beyninin, düşüncəsinin məhsulu deyildi. Bizimlə eyni vaxtda, eyni gündə, eyni saatda daha bir neçə ölkədə həmin plakat qaldırılıb. Məsələn, şəkildəki plakat Kiyevdəki aksiyadandır. Bu mitinqlərin hamısı eyni yerdən impuls alıb, şüarlar da hazır ötürülüb. Aysel 24 yaşlı, dar düşüncəli bir qızdır, o, nə etdiyini tam anlamadan həmin plakatı qaldırıb. Anlayanda isə faciə qaçılmaz olub…

Bir də təkrarlayırıq ki, ölkənin ictimai reallıqlarını bilən şəxslər elə plakatlarla aksiya təşkil etməzdilər, bu tamaşanın ssenari müəllifləri sözün birbaşa, həqiqi mənasında bizdən olmayanlardır. Və bütün məsuliyyət Azərbaycan reallığını anlamadan bu cür şüarları bizim cəmiyyətə soxuşdurmaq istəyən həmin xarici nüfuz agentlərinin üzərinə düşür.

“8 marş” aksiyası və Ayselin əhvalatı bir gənc qızın taleyinin timsalında göstərir ki, xaricdən ideoloji müdaxilələr ölkədə hansı gərginliklərə, konkret şəxsin həyatında isə hansı faciələrə səbəb ola bilər. Bəs bu cür “marş”lar çoxalsa və aysellərin sayı artsa, necə? Bu yolun Azərbaycan cəmiyyətini hansı istiqamətə apara biləcəyini düşünmək son dərəcə vacibdir.

Bu prizmadan baxanda, Ayselin taleyilə oynayanlar əslində daha böyük oyuna girişiblər. Onların cəzalarını çəkmələri vacibdir ki, gələcəkdə həm yeni aysellər ortaya çıxmasın, həm də daha ağır ictimai fəsadlara yol açılmasın. İndiki vəziyyətdə Aysel – onların qurbanıdır, amma bu qurbanın verilmə məqsədini tam tərsinə çevirmək imkanları hələ ki, itməyib.

Tariyel Həsənov
Azvision.az



Teqlər: Aysel-Ələkbərzadə   Feminizm  





Xəbər lenti