Pərvizin keçdiyi əcəl dərsi

Pərvizin keçdiyi əcəl dərsi
  13 Mart 2013    Oxunub:2222
Vüsal Məmmədov

Pərviz mənə uşaqlıqda yandırdığımız neft lampalarını xatırladırdı – yumru və işıqlı… Pərviz ünvan-adam idi mənim üçün – harada olsam, nə vaxt olsa, gedib onun özününkü olmayan qapısını döyə bilərdim və o qapı nəinki mütləq açılacaqdı, həm də içəridən insan işığı gələcəkdi. İnsan işığı! Pərvizdən sonra bu şəhərdə bir insanın azaldığını heç vaxt hiss eləmədim, amma bir ünvan azaldı.
Bir il bir ay əvvəl Pərviz bu dünyadan çıxıb getdi. Və mən bildim ki, insan gedəndə işığını - əgər varsa,- özü ilə aparmır, dünyada qoyub gedir. Özü də insanın dünyada qoyub getdiyi yeganə şey onun işığıdır. Bəlkə də indi dünyada olan bu qədər işıq vaxtilə yaşamış işıqlı insanların özlərilə aparmadıqları, qoyub getdikləri işıqlarıdır, bilmirəm.

Kaş ki insan öləndə cəsədi qalmazdı, ölən insan sadəcə, yox olub gedəydi… Səbəbini deməyəcəyəm, amma Pərviz bu dünyadan çıxıb gedəndə mən belə fikirləşmişdim.

Pərviz bu dünyadan getməyilə mənə əcəllə bağlı bir-iki maraqlı dərs keçdi.
Biz eyni seriallara baxırdıq. Həmin vaxt “Qalaktika kreyseri”-nin 3-cü sezonunu izləyirdik. Pərviz yaman qapılmışdı və tezliklə serialın sonunu görmək istəyirdi. Mən isə özüm baxmadıqca internetdən endirib gətirmirdim. Nəhayət, son sezonu Pərvizə verdiyim gün bir yerdə xəstəxanaya getdik, amma oradan tək qayıtdım. Pərviz serialın nə ilə qurtardığını bilmədi. O gündən bu yana seriallar mənim üçün ömrün vəfasızlığının simvoluna çevriliblər. Heç cür əmin deyiləm ki, izlədiyim hansısa serialın sonunu görə biləcəyəm. Pərviz axı yəqin ki, əmin idi. Gördüyüm hər növbəti bölüm mənə əcəlin üzərində kiçik qələbə kimi gəlir. “Bunu da gördüm”, yəni.

Pərvizlə bir yerdə biz həyat və ölüm haqqında çox danışmışdıq, lap çox. Ölümdən sonra həyat varmı, varsa, o dünya dinin dediyi kimi ola bilərmi?.. Həyat nə üçündür?..
Pərvizdən sonra nəyə görəsə mənə elə gəlməyə başladı ki, bu sualla bağlı bir yəqinlik yetişir içimdə: həyat ölmək üçündür. Bu qədər banal yəni. Sadəcə, insan özünün doğuşdan əvvəldə və ölümdən sonrada mövcud olan metafizik dünyadakı inkişafında ölümdən keçməlidir, onun üçün də bu dünyaya gəlir. Ki, bir fürsət tapıb ölsün. Bütün həyat insan ölə bilsin deyə mövcuddur, insanın ölə bilməsi üçün var. O mənada ki, həyat olmasaydı, biz ölə də bilməzdik. Yoxsa, Pərviz niyə dünyaya gəlmişdi ki? - Mən bu sualın üstündə fikirləşdikcə belə nəticəyə gəlmişdim. Əgər ölmək üçün deyildisə, niyə?

Yaşamaq – normal hal deyil, qeyri-təbiidir, qaçılmaz yan effektdir; ölüm – budur əsl təbii olan, əsl məqsəd, hədəf. Ölüm dərsdirsə, yaşamaq tənəffüsdür. Ölüm evdirsə, yaşamaq yoldur. Hərdən insan yorulduğunu hiss edir. Hərdən isə oturub qalır – ölə bilmir. Mən belələrini də tanıyıram.

Bunları düşünəndən sonra ölüm daha məni narahat eləmir. Mən yorulmaqdan qorxuram – ölümə gedən yolda (istəsəniz, adına həyat deyin) yorulmaqdan. Bax, bu, doğrudan da, axmaq işdir.



Teqlər:  





Xəbər lenti