Vətəndaşın idarəetməsində iştirakı –QANUN LAYİHƏSİ

Vətəndaşın idarəetməsində iştirakı –QANUN LAYİHƏSİ
  06 Fevral 2013    Oxunub:1943
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin bu gün keçirilən iclasında yeni "İctimai iştirakçılıq haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.
Layihə barədə millət vəkili, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev məlumat verib. O bildirib ki, yeni layihə vətəndaşın dövlətin idarə olunmasında iştirak hüququnu təmin edir. Vətəndaşların icra hakimiyyəti və yerli özünüidarə orqanlarının fəaliyyətinə ictimai nəzarəti həyata keçirməyə, onlarla səmərəli qarşılıqlı fəaliyyəti təmin etməyə, bu qurumların fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunmasına xidmət edir.
A.Quliyev bildirib ki, bu günə qədər dövlətin idarə olunmasında ictimai iştirakçılıq olsa da, bunun konkret mexanizmi yox idi: "Amma bu sənəd konkret mexanizmləri nəzərdə tutur. Layihənin hazırlanmasında Maliyyə Nazirliyi də daxil olmaq bütün müvafiq qurumların rəyi alınıb".
4 fəsil 19 maddədən ibarət yeni qanunda ictimai iştirakçılığın təşkilati-hüquqi formaları təsbit olunub. Bunlar İctimai Şura, ictimai müzakirə, ictimai dinləmə, ictimai rəyin öyrənilməsi və ictimai ekspertizadır. Sənəddə o da göstərilib ki, qanunvericilikdə ictimai iştirakçılığın digər təşkilati-hüquqi formaları da müəyyən edilə bilər. Burada İctimai Şura müvafiq icra hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarının yanında yaradılan məşvərətçi qurumdur, səlahiyyət müddəti isə 3 ildən birdir. İctimai Şura 15-21 üzvdən ibarət tərkibdə bu qanunla müəyyən edilmiş tələblər nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi Əsasnaməyə uyğun olaraq vətəndaş cəmiyyəti institutu tərəfindən seçilir. 18 yaşına çatmış, seçki hüququna malik hər bir vətəndaş İctimai Şuranın üzvü ola bilər. Şuradakı fəaliyyətinə görə üzvlərə əmək haqqı, qonorar, kompensasiya və başqa ödənişlər verilmir. İctimai Şuradakı fəaliyyətləri dövründə onların əsas iş yerlərindəki əmək haqları və başqa ödənişlər saxlanılır.
Komitə üzvləri layihəni konseptual baxımdan dəstəkləyərək bəzi təkliflər irəli sürüblər. Deputatlar İctimai Şuranın sədrinin səlahiyyətinin müddətinin 3 il olmasının çox olduğunu bildiriblər və bu müddətin 2 ilə salınmasını təklif ediblər. Müzakirələrdən sonra layihə MM-in plenar iclasına tövsiyə olunub.


Teqlər:  





Xəbər lenti