“Erməni rəqiblərə uduzmağa haqqımız yox idi” - Firdovsi Umudov

“Erməni rəqiblərə uduzmağa haqqımız yox idi” - Firdovsi Umudov
  26 Fevral 2018    Oxunub:3906
“Turnirin bizim üçün əhəmiyyəti həm də ondan ibarətdir ki, çatışmazlıqları görürük. Burada da müəyyən fərdi səhvlər oldu. Düşünürəm ki, növbəti yarışlara qədər bu çatışmazlıqları aradan qaldırmaq üçün vaxtımız var. Ancaq ümumi nəticə onu deməyə əsas verir ki, biz düzgün yoldayıq.”
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Firdovsi Umudov güləşçilərimizin Kiyevdə keçirilən turnirdə çıxışına münasibətində deyib.

Onun sözlərinə görə, ilin əvvəlindən əsas məqsəd hazırlıqları maksimum keyfiyyətlə başa vurub qarşıdan gələn yarışlarda uğurla çıxış etməkdir: “Bu turnirdə iştirak da hazırlığımızın tərkib hissəsidir. Turnirə qədər isə Qazaxıstan və Türkmənistan yığmaları ilə birgə iki təlim-məşq toplanışı keçmişik. Komandalarımız Avropa çempionatına qədər də daha bir neçə təlim-məşq toplanışına qatılacaq. Sərbəst güləş yığmamız aprelin əvvəlində Dünya Kubokunda mübarizə aparacaq. Bu turnirin yekunlarına görə həm Dünya Kuboku, həm də bütün komandalar üzrə Avropa çempionatına yollanacaq heyəti müəyyənləşdirəcəyik”.

Vitse-prezident qeyd edib ki, güləşçilərimizdən Qalib Əliyev, Taleh Məmmədov, Elvin Mürsəliyev, Həsən Əliyev, Orxan Nuriyev və İslam Abbasov turnirdə Ermənistan təmsilçiləri ilə qarşılaşıb: “İdmançılarımız bu görüşlərin beşini qələbə ilə başa vurub. Bu görüşlər zamanı pəhləvanlarımız əzmkarlığı, qətiyyətli mübarizəsi ilə yadda qaldı. Onların bu əzmkarlığı arenaya toplaşmış azarkeşlər tərəfindən də alqışlarla qarşılandı. Güləşçilərimizin özləri isə “Xalçada ancaq rəqib var, qırmızı və ya göy geyimdə. İdmanda rəqibə qarşı qərəz yolverilməzdir. Ancaq düşmən ölkənin idmançıları ilə mübarizədə biz ikiqat artıq motivasiya olur, bəzən lazımından artıq güc sərf edirik ki, qalib gələk. Bu turnirdə belə görüşlərin beşində qalib gəldik. Bu kiçik qələbəmizi Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edirik”.

F.Umudov işğalçı ölkənin idmançıları ilə mübarizədə idmançılarımızın əzmkarlığının hər bir azərbaycanlıda qürur hissi yaşatdığını vurğulayıb: “İdmanı siyasətdən uzaq tutmaq istəsək də, bəzən milli məsələlərdə buna göz yummaq lazım gəlir. Hansı idman növü olursa olsun, idmançılarımızın erməni rəqibləri ilə qarşılaşmada meydanı başıuca tərk etmələri hər bir Azərbaycan vətəndaşını sevindirir, qürurlandırır. Bu idmançılarımız öz əzmkarlıqları ilə rəqiblərinə qalib gəlib. Bu turnir artıq başa çatdı. Yarışda udmaq da var, uduzmaq da. Bu qələbə də artıq geridə qaldı. Bir məsələ var ki, Xocalı soyqırımının ildönümü ərəfəsində bizim erməni rəqiblərimizə uduzmağa mənəvi haqqımız yox idi. Bu qalibiyyət üçün güləşçilərimizə təşəkkür edirəm. Bu gün işğalçı Ermənistan müvəqqəti olaraq bizim torpaqlarımıza sahiblənir. Əminik ki, cənab Ali Baş Komandanın başçılığı altında tezliklə haqq-ədalət öz yerini tapacaq və biz əzəli torpaqlarımıza əbədi sahib olacağıq.”

AzVision.az


Teqlər: Firdovsi-Umudov   Güləş   Kiyev  





Xəbər lenti