Bakıya 51 ölkədən 400-dən çox idmançı gələcək
Gimnastlar üçün doğma məkana çevrilmiş arenada dörd gün davam edəcək qitə çempionatında gimnastikanın dörd növü - fərdi batut, sinxron batut, tamblinq və ikili mini-batutu üzrə yarışlar təşkil olunacaq.
Çempionatın birinci və ikinci günlərində həm gənclər, həm də böyüklər arasında bütün növlər üzrə təsnifat mərhələləri və komandalar arasında final yarışları keçiriləcək.
Aprelin 14-də gimnastlar gənc və böyüklər üzrə sinxron və fərdi proqramda təsnifat mərhələlərində çıxış edəcəklər. Avropa və dünya çempionatlarının formatına əsasən, fərdi proqramda təsnifat iki mərhələdən ibarət olduğundan çempionat çərçivəsində batut gimnastikası üzrə fərdi yarışlarda finaldan əvvəl ilk mərhələdə yaxşı nəticə göstərmiş 24 idmançı arasında yarımfinal mərhələsi də təşkil ediləcək.
Turnirin sonuncu günündə isə hər dörd növ üzrə finallarda (fərdi batut, sinxron batut, tamblinq və ikili mini-batut) mükafatçıların adları məlum olacaq.
Avropa çempionatının əsas xüsusiyyəti odur ki, gənc gimnastlar bu il keçiriləcək gənclər arasında Olimpiya, böyük gimnastlar isə II Avropa Oyunlarına lisenziyanı məhz Bakıda qazanacaqlar.
Çempionata biletləri Milli Gimnastika Arenasının kassasından əldə etmək mümkündür. Yarışların ilk iki günü üçün biletlərin qiyməti 10, son iki günü üçün isə 15 manatdır.
AzVision.az
Teqlər: Bakı İdmançı Çempionat