`İnsanların psixologiyasını şikəst edirlər` – MÜSAHİBƏ

`İnsanların psixologiyasını şikəst edirlər` – MÜSAHİBƏ
  23 Sentyabr 2013    Oxunub:8163
`Reytinq xətrinə şüurlara təcavüz etmək olmaz`

“Azvision.az”-ın budəfəki qonağı Radio Antenn 101FM-in xəbər aparıcısı Əzizə İsmayılovadır. Müsahibimlə daha çox mediada yer alan kriminal xəbərlər barədə danışdıq. Bir xəbər aparıcısının bu tip xəbərlərə münasibətini öyrənmək istədik.



- Artıq 7 ildir ki, xəbər aparıcısısan. Kriminal xəbərlərlə aran necədir?

- Oxucu kimi bir kriminal, bir də mənasız maqazin xəbərlərilə heç aram yoxdu. Amma işimdən dolayı bütün xəbərləri oxumaq borcumdur. Çünki xəbərçinin gərək hər şeydən xəbəri olsun.

- Bu gün media əsasən qara xəbər üzərində köklənib, bəziləri deyir ki, bu, belə də olmalıdır, çünki, oxucu, tamaşaçı, dinləyici bunu istəyir, bəziləri isə bunun əksini deyir. Bəs sən nə düşünürsən?

- Əvvəla onu deyim ki, dediyiniz kimi, “qara xəbərlər”in dinləyici, yaxud oxucu tərəfindən istənilməsi fikrilə qətiyyən razı deyiləm. Çünki bu arqument sırf biz jurnalistlərin uydurmasıdır. İstər dinləyiciyə, istər oxucu və ya tamaşaçıya nəyi necə təqdim etsək, onlar elə də qəbul edəcəklər. İstənilən məlumatı hansı prizmadan göstərsək, kütlə onu o prizmadan qəbul edir, ona inanır. Yəni bu, nə tələbatdan nə də zərurətdən doğan bir şeydir.

- Bəs o zaman səncə niyə kriminal xəbərlərə bu qədər çox yer ayrılır?

- Çünki bu tip xəbərlərlə gündəm qurmaq və diqqət cəlb etmək çox asandır. İnsanların diqqətini neqativə kökləmək həmişə daha asan olur, nəinki pozitivə. Bunun üçün xüsusi istedad və ya qabiliyyət tələb olunmur. Kriminal hadisə onsuz da hər saniyə baş verir və özü-özlüyündə diqqəti çəkir. Onu əslində olduğundan da dəhşətli şəkildə təqdim etmək üçün isə xüsusi bacarıq tələb olunmur. Bir az pafoslu səs və fonda qorxunc səs və ya görüntü, vəssalam - bu, sırf subyektiv fikrimdir.

- Sənə elə gəlmir ki, bu gün kriminal xəbərlər daha çoxdu?

- Gəlir. Hətta hesab edirəm ki, bu gün kriminal xəbərlər həqiqətən də gündəmi o dərəcədə zəbt edib ki, buna hansısa bu işə məsul səlahiyyət sahibinin “dur” əmri verməsi lazımdır. İnsanların beyninə, psixologiyasına bu qədər təsir etmək olmaz. Onsuz da insanların əsəbləri kifayət qədər tarıma çəkilib. Adi bir mübahisənin sonu bıçaqlanma, yaxud hansısa bir faciə ilə bitir. Medianın da bu tip xəbərləri az qala şouya çevirməsi, həm bu cür hadisələrin ağırlığını adiləşdirir (yəni əksəriyyət ən ağır, ağılasığmaz cinayəti belə adi qəbul edilir), həm də sanki bilməyənlərə də “yol göstərir”.



- Demək istəyirsən, insanların kriminala yönlənməsində medianın da rolu var?

- Media elə bir qüvvədir ki, onun rolu hər sahədə var və o, cəmiyyəti istədiyi tərəfə çəkib apara bilər. Media ilə cəmiyyəti yaşatmaq da olar, məhv etmək də - onunla zarafat etmək olmaz. Belə deyim, nəyi təbliğ ediriksə, onu da yaşayırıq. Təsəvvür edin - səhər evdən çıxırsınız, iş dalinca gedirsiniz və əlbəttə ki, dünyada nə baş verdiyini bilmək üçün hər saat başı xəbərlərə köklənirsiniz və mən Əzizə sizə 3 dəqiqəlik efir müddətində xəbər çatdırıram –filankəs amansızcasına qətlə yetirildi, filan yerdə qəza oldu, kimsə kiminləsə yedi-içdi, axırda sözləri çəp düşdü və bıçaqladı, ata qızını zorladı, ər arvadın başını kəsdi, arvad ərini baltaladı... və s. Günün 10 saatında hər saat başı mən sizə bu tip xəbərlər çatdırıram. necə təsir edər sizə?
Yaxud da xəbər portallarına baş vurursunuz - eyni mənzərə, sosial şəbəkədə eyni mənzərə. Bir sözlə, hər yerdə bu tip xəbərlər. Siz özünüz də bilmədən bu tip informasiyanın əsirinə çevrilirsiniz.

Yəni deməyindən belə çıxır ki, kriminal xəbər olmamalıdır?

- Olmalıdır. Amma yerində və qədərində. İnsanların psixologiyasını zorlamağa kimsənin haqqı yoxdu. Mənə efir verilib, amma o efirdən insanların şüurunu zəhərləmək üçün istifadə etmə haqqı verilməyib. İlk olaraq düşünmək lazımdır - bu xəbər və ya məlumat cəmiyyətə nə qədər lazımdır? Bunun müsbət təsiri nə qədərdi, mənfi təsiri nə qədər ola bilər? Axı xəbər adı ilə hər şeyi yazmaq, demək, çəkib göstərmək olmaz. Bəzi xəbərlər var ki, böyük reytinq qarşılığında insanların psixologiyasını şikəst edir. Düşündüyüm qədərilə, bu tip xəbərləri qətiyyən efirdə vermək olmaz.

- Məsələn, nə tip xəbərləri?

- Məsələn, ata qızını zorladı, qardaş bacısına təcavüz etdi və s.

- Bəzi həmkarlarımız deyir ki, bu, belə də olmalıdı. Xəbəri seçmək olmaz.

- Həmkarlarımın fikrinə sayqı ilə yanaşıram, amma qətiyyən razılaşmıram. Məsələn, bu yaxın günlərdə hörmətli portallardan biri Baş Prokrorluq əməkdəşının qəzaya düşməsi və guya ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi xəbərini yaydı. Əlbəttə, xəbər partladı. Anında bütün digər portallar, sosial şəbəkə bunu tirajladı. Az sonra xəbərdə adı keçən insan işdə olduğunu və belə bir hadisənin olmadığını bildirdi. Nəticə etibarilə portal yanlış informasiyaya görə üzrxahlıq etdi, vəssalam. Bəs bu insanın yaxınlarına vurulan mənəvi ziyan? Xəbəri oxuyan, yaxud eşidən əzizlərindən biri infakt olsaydı, bu üzrxahlıq kimə lazım olacaqdı?..



Yaxud da, filan kənddə, filan küçədə, filan ünvanda ata qızını zorladı, nə bilim qaynata gəlini zorladı, kimsə kiminsə başını kəsdi... Amma bu hadisənin motivi nədir, necə olub, bunun nə dərəcədə əsası var - heç kim düşünmür. Təəsüf ki, bu gün çoxları araşdırmadan, bilmədən, kiminsə facebook statusu əsasında xəbər düzəldirlər. Heç olmasa statusu yazandan da soruşmurlar ki, bu, nə məsələdi? Hökm çıxarılmadan insanı cani edirlər. Bu cür xəbərləri çatdırmaqla cəmiyyətə veriləcək mesajın məzmunu nədir, mən onu anlamıram...
Həm də, bu tip xəbərlərinin əksəriyyətinin heç bir əsası olmur. Ən acınacaqlısı isə,bir sayt yazır, aradan 5 dəqiqə keçmir bütün saytlar qırmızı və ya tünd qara başlıqlarla, sanki çox vacib xəbər kimi tirajlayırlar. Sonra sosial şəbəkədə lazımsız müzakirələr gedir və nəhayətdə məlum olur ki, hər şey boşuna imiş. Yayılan xəbərin əslində heç bir əsası yoxdur.

- Bəs səncə saytları buna nə vadar edir?

- Saytları buna nə vadar edə bilər? Yəqin ya, sadəcə reytinq arxasınca qaçırlar, ya da qeyri peşəkarlıq. 1-ci hal daha çoxdur, düşünürəm.

- Bəs oxucu kütləsinin belə xəbərlərə olan "aclığı"? Səncə bu, səbəb ola bilməz?

- Xeyr. Bayaq da dedim, oxucu belə xəbərə "ac" deyil. Oxucu, yaxud dinləyici biz nə versək, onu oxuyacaq, onu dinləyəcək. Məsələn “Radio Antenn”də xəbərlərə qulaq asan mən hansı xəbəri versəm, ondan xəbər tutacaq. Mən desəm ki, bu gün dünyanın sonudur, 90% dinləyici düşünəcək ki, həqiqətən də dünyanın sonudur.

- Bu barədə həmkarlarınla mübahisə etdiyin olubmu?

- Mübahisə deməzdim, amma fikir bölüşdüyümüz çox olub. Sosial şəbəkədə də, elə gündəlik həyatda rastlaşanda da. Əlbəttə ki, razılaşanlar da olub razılaşmayanlar da. Təəssüf ki, bəzi jurnalistlər gündəm və alacaqları qonorar xətrinə belə ucuzluğa gedirlər. Bəzi həsas məsələlər var ki, onu qələmə alanda, yaxud efirdə səsləndirəndə, mən hesab edirəm ki, mütləq yüz ölçüb - bir biçmək vacibdir. Reytiq xətrinə şüurlara təcavüz etmək olmaz. Onsuz da bu gün insanlar dəhşət qoxusu gələn hadisələrə belə adi yanaşırlar. Hətta “burda nə var ki?”,- deyirlər. Son hadisə kimi elə Göyçayın Qanıx kəndində qayınata-gəlin məsələsini götürək. Heç kim heç nə bilmir amma düz 1 həftə yazdılar, çəkdilər, göstərdilər. Reytinq vurdu keçdi. Bəs zədələnən beyinlər? Onların reytinq cədvəlini kim tərtb edəcək?



- Sən kriminal xəbər vermirsən?

- Verirəm. Mən demirəm ki, kriminal xəbər vermək olmaz. Sadəcə, xəbərin mahiyyətini və cəmiyyətə hesablanıb-hesablanmadığını nəzərə almaq lazımdır, deyirəm. O xəbərin ki, informasiya tutumu cəmiyyət üçün lazımlıdır, təbii ki onu demək, yazmaq, göstərmək gərəkdir. Hər insanın xəbərə yanaşması subyektivdir. Man, məsələn, çalışıram verdiyim xəbərlər insanlarda ruh düşkünlüyü, həyata nifrət yaratmasın. Onsuz da yüklü beyinlərini bir az da mən yükləməyim.

- Kriminal xəbərləri oxuyanda bəzən bir çox aparıcılar xüsusi səs intonasiyalarından, xüsusi ifadələrdən istifadə edirlər. Sən necə?

- Bizə öyrədiblər ki, aparıcı neytral olmalıdır. Onun efir müddətində şəxsi münasibəti hiss olunmamalıdır. Təbii ki, canlı efirdir və biz də canlı insanlarıq. Bəzən hissləri cilovlamaq olmur. Məsələn, bu gün səhər İTV əməkdaşı Tural Bağırovun çəkilişə gedəndə qəzaya düşüb həyatını itirməsi xəbərini zorla oxudum. Nə qədər çalışsam da özümü toplaya bilmədim. Səsim əməlli-başlı əsirdi. Efir öncəsi su da içdim, özümü psixoloji hazırlamağa çalışdım, olmadı. Bütün dinləyənlər anladı ki, həyəcandan ürəyim dayana bilər. Amma bu hiss hər kriminal xəbərdən doğmur. Yəni aktyorluq etmək və sanki qeyri-adi bir şey çatdırırsanmış kimi rol oynamağa, hesab edirəm, ehtiyac yoxdur. Təbii, hər xəbərin öz ab-havası var. Polifoniklik lazımdır, amma yerində. Artıq olanda ürəyə vurur.

- Hər saat xəbər oxumaq çətinlik yaratmır ki?

- Xəbəri oxumaq yox, amma xəbər blokunu hazırlamaq yaradır. Çətinlik yaradan, dediyim kimi, kriminaldan kənar diqqət çəkəcək və insanlara lazım ola biləcək xəbərləri tapmaq olur.

- Bəs ölkə radiolarında xəbər aparıcılarının peşəkarlığı səni qane edirmi?

- Bütün həmkarlarıma sayqı duyuram. Amma mən özümü kiməsə qiymət verə biləcək qədər söz sahibi hesab etmirəm. Bu suala ancaq özüm radiodan gedəndən sonra cavab verə bilərəm. Hələki, bu sualın cavabı peşəkarlarda və siz dinləyicilərdədir.

- Nə vaxtsa televiziyaya keçmək fikrin yoxdu ki?

- Qətiyyən… Mən radionu heç vaxt televiziyaya dəyişmərəm. Radionun dadı başqadır.

Səbinə Məmmədova
Xüsusi olaraq AzVision.az üçün



Teqlər:  





Xəbər lenti