`İslam faktoru dünya siyasətində ciddi rol oynayır` - Komitə sədri

`İslam faktoru dünya siyasətində ciddi rol oynayır` - Komitə sədri
  18 Yanvar 2017    Oxunub:1988
Əgər Sovet İttifaqı dağılarkən ölkəmizdə 17 məscid fəaliyyət göstərirdisə, bu gün onların sayı 2000-i ötüb.
AzVision.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "Azərbaycan" qəzetində dərc olunan məqaləsində bildirib. Onun sözlərinə görə, təkcə son 13 il ərzində ölkədə 200-dən çox məscid inşa olunub, 80-dən artıq məsciddə əsaslı təmir və yenidənqurma işləri aparılıb:

“Azərbaycanın dövlət-din modelinin uğuru həm də ondan ibarətdir ki, dünyada dinlərarası və məzhəblərarası qarşıdurmaların baş verdiyi müasir dövrdə ölkəmizdə bu sahədə hansısa gərginlik yaşanmır. Əsrlərdir ki, İslam dünyasının iki böyük - şiə və sünni məzhəblərinin nümayəndələri ibadətlərini fərqli şəkildə və fərqli məkanda həyata keçirirlər. Tarixdə bir neçə dəfə onların birliyinə, həmrəyliyinə təşəbbüslər göstərilsə də, indiyədək bu təşəbbüslər davamlı xarakter almayıb. İslam aləmində məzhəb məsələsinin ön plana çıxdığı bir dövrdə - keçən ilin yanvar ayının 15-də Bakıdakı Heydər məscidində məzhəbindən asılı olmayaraq, ölkə müsəlmanları ilk dəfə bir araya gələrək eyni vaxtda, bir yerdə, bir sırada vəhdət namazı qıldılar və bu, ənənəyə çevrilərək digər məscidlərdə də tətbiq olunmağa başladı”.

M.Qurbanlı bildirib ki, bu gün beynəlxalq aləmdə özünəməxsus yer tutan və İslam Əməkdaşlıq Təşkilatında birləşən müsəlman ölkələri dünya əhalisinin təqribən 22 faizini təşkil edir: “ Bu göstəricinin 2050-ci illərdə 30 faizə yaxınlaşacağı ehtimal olunur. Bu isə onu göstərir ki, İslam faktoru dünya siyasətində çox ciddi rol oynayır. Tarixən İslam dünyasının bir parçası, mədəni və dini mərkəzlərindən biri olan Azərbaycanın özünəməxsus xüsusiyyəti ondan ibarətdir ki, ölkəmiz müxtəlif məsələlərlə əlaqədar müsəlman dövlətləri arasındakı bu və ya digər problemlərdə münsif rolunu oynaya bilir”.

AzVision.az




Teqlər:  





Xəbər lenti