`İnşaatçılar`ın I vestibülü təmirə bağlanır

`İnşaatçılar`ın I vestibülü təmirə bağlanır
  18 Yanvar 2017    Oxunub:1402
“İnşaatçılar” stansiyasının I vestibülü 3 ədəd eskalatorların yeniləri ilə əvəz olunması və aparılacaq təmir-bərpa işləri ilə əlaqədar olaraq sərnişinlərin giriş-çıxışı üçün bağlanılacaq.
AzVision.az xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.

Qurum rəsmisi bildirib ki, “İnşaatçılar” stansiyasının I vestibülü (ATS tərəf) 23 yanvar 2017-ci il tarixində saat 06:00-dan etibarən sərnişinlərin giriş-çıxışı üçün müvəqqəti bağlanacaq. II vestibül (“20 Yanvar” tərəf) isə əvvəlki qaydada sərnişinlərin giriş-çıxışı üçün açıq olacaq.

“2016-cı ildə stansiyanın II vestibülü tam təmir olunmuş və istismar müddətini başa vurmuş eskalatorlar yeniləri ilə əvəz edilib. I vestibül də eyni görkəmdə təmir ediləcək, yeni quraşdırılacaq eskalatorların sayı isə 3 ədəd olacaq. I vestibül bağlı olsa da, keçid piyadalar üçün açıq olacaq. Yəni, sakinlər keçiddən istifadə etməklə A.M.Şərifzadə küçəsini bir tərəfdən digər tərəfə keçməkdə hər hansı problemlə üzləşməyəcəklər”, - deyə N.Paşayev qeyd edib.

Qeyd edək ki, 1986-cı ildə istifadəyə verilmiş “İnşaatçılar” stansiyası keçən 30 il ərzində fasiləsiz olaraq sərnişinlərin istifadəsində olub. Bu illər ərzində stansiyanın I vestibülünün estetik görünüşü köhnəlmiş, mərmər üzlüklər sıradan çıxıb. Həmçinin həmin stansiyada eyni tarixdən istismar olunan ET-5 tipli eskalatorların 30 illik istismar müddəti başa çatıb, yük daşıyan konstruksiyaları, hərəkət edən mexanizmləri texniki aşınmaya məruz qalıb.

AzVision.az


Teqlər:





Xəbər lenti