Milli Parkın direktoru cəzalandırıldı - 4200 manat cərimə

Milli Parkın direktoru cəzalandırıldı - 4200 manat cərimə
  16 Yanvar 2017    Oxunub:2547
Maralgöldə təbiətə qarşı qanunazidd münasibət göstərənlər cərimələnib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Göygöl Milli Parkının Maralgöl ərazisində yanvarın 3-də müvafiq qayda və qanunları pozan şəxslərin sosial şəbəkə vasitəsi ilə yayılan görüntüləri dərhal nazirliyin əməkdaşları tərəfindən təhlil edilib və qanunu pozan 7 nəfərdən ibarət qrupun dairəsi tam müəyyən olunaraq şəxsiyyətləri dəqiqləşdirilib.

Nazirlikdən bildirilib ki, qanun pozucuları barəsində akt və protokol tərtib olunaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən onların hər biri 600 manat olmaqla ümumilikdə 4200 manat məbləğində cərimə edilib.

Eyni zamanda, Göygöl Milli Parkının Maralgöl sahəsinin mühafizəsinə cavabdeh olan 2 əməkdaşı tutduğu vəzifədən azad edilib, Milli Parkın direktoruna isə töhmət verilib.

Xatırladaq ki, bir neçə gün əvvəl bir qrup şəxs Toğana kəndi istiqamətindən dolayı yollarla atlar vasitəsi ilə qanunsuz olaraq Göygöl Milli Parkının ərazisinə daxil olub və Maralgöldə, icazə verilməyən yerdə təbiətə qarşı qanunazidd davranışlar nümayiş etdiriblər.

AzVision.az


Teqlər:  





Xəbər lenti