`Ağ qızıl` ölkəmizə milyonlar qazandıracaq

`Ağ qızıl` ölkəmizə milyonlar qazandıracaq
  22 Sentyabr 2016    Oxunub:4692
Xəbər verdiyimiz kimi, sentyabrın 17-də Sabirabadda prezident İlham Əliyevin sədrliyi ilə pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilib. Müşavirədə ölkəmizdə pambıqçılığın inkişaf etdirilməsi ilə bağlı geniş müzakirə aparılıb. Pambıq əkilən rayonların icra başçıları hazırki vəziyyətlə bağlı çıxışlar ediblər.

Ölkə başçısı çıxışı zamanı bildirib ki, bu il görülən tədbirlər nəticəsində biz ən azı 100 min ton pambıq tədarükünü gözləyirik, əgər məhsuldarlıq 20 sentner ətrafında olarsa:

“Gələn il üçün daha da böyük istehsal gözlənilir, əgər məhsuldarlıq 20 sentner səviyyəsində olarsa. Mən hesab edirəm ki, daha da çox olmalıdır. Gələn il 200 min tondan çox pambıq istehsal ediləcək. Mən heç bir rəqəm səsləndirmək istəmirəm. Heç bir xüsusi göstəriş vermək istəmirəm, onu həyat göstərər. Amma biz bilməliyik ki, pambığın istehsalını hansı ardıcıllıqla artırmalıyıq. Hesab edirəm ki, 2017-ci ildə əgər bütün tapşırıqlar yerinə yetirilərsə, - belə də olmalıdır, - biz 250 min, hətta 300 min ton pambıq istehsal edə bilərik”.



Pambıq əkininin statistikasına gəlincə, bu il ən çox Saatlı rayonunda əkilibdir - 8 min 100 hektar. Ondan sonra Sabirabad - 6 min 100 hektar. Daha sonra Biləsuvar - 6 min hektar, İmişli - 5 min hektar, Beyləqan - təxminən 4 min hektar, Ağcabədi 3 min 600 hektar, Bərdə 3 min hektar və sair. Beləliklə, 24 rayonda pambıq əkilib.

Gələn ilin hədəfləri isə bundan ibarətdir: Yenə də birinci yerdə Saatlı rayonudur – 17 min hektar. Ondan sonra Sabirabad - 15 min hektar, Biləsuvar - 10 min 500 hektar, Neftçala - 10 min hektar, - bu il cəmi 1500 hektar, yəni, Neftçala rayonunda yəqin ki, ən sürətli artım gözlənilir, - İmişli - 10 min hektar, Beyləqan - 8 min 500 hektar, Bərdə - 8 min 500 hektar, Ağcabədi - 8 min hektar, Salyan - 7 min hektar. Salyan rayonunda ancaq bu il pambıq əkilib - 2180 hektar sahədə. Gələn il 7 min hektarda əkin gözlənilir. Goranboy rayonunda 5 min hektar, Kürdəmirdə 4 min hektar, Yevlax, Ağdaş, Tərtər, Zərdab, Ağdamda 3 min hektar, Ağsu və Ucarda 2500 hektar, Füzulidə 1500 hektar, Hacıqabulda 1200 hektar, Göyçayda 1000 hektar, Samuxda 500 hektar, Cəlilabadda 500 hektar, Cəbrayılda 60 hektar.

Dünya bazarında pambıqdan gəlir götürən ölkələrə gəlincə, ilk onluğa ardıcıl olaraq Çin, Hindistan, ABŞ, Pakistan, Vyetnam, Türkiyə, İtaliya, Braziliya və Almaniya daxildir. Hazırda 1 ton pambığın dünya bazarında qiyməti 1700 dollardır.

Pambıqçılığın inkişaf etdirilməsi ölkəmizə iqtisadi cəhətdən nə vəd edir?



Millət vəkili Vahid Əhmədovun sözlərinə görə, vaxtilə pambıqçılıq Azərbaycanda ən önəmli sahələrdən biri olub. Deputat qeyd edib ki, Azərbaycanda 1 milyon tona yaxın pambıq istehsal edilən dövrlər olub.

“Cənab prezidentin dediyi kimi bu il 100 min tona yaxın pambıq istehsalı gözlənilir. Gələn il bu rəqəmin 250-300 min tona yaxın qaldırılması planlaşdırılır. Bunun üçün bütün şərait var. Pambıq istehsalı bu sahə ölkəyə müəyyən qədər gəlir gətirəcək.Ona görə də bu, diqqət çəkən və Azərbyacana valyuta gətirə biləcək bir sahədir. Pambıqçılığın inkişafı 2016-2017-ci illərdə dövlət büdcəsinə müsbət təsirini göstərəcək”,- deyə V.Əhmədov söyləyib.

Millət vəkilinin fikrincə, pambıqçılıq sahəsi 2017-ci ildə öz bəhrəsini verəcək: “Pambıq istehsalı ilə bərabər paralel sahələrdə də müəyyən işlər gedir. Toxuculuq və digər yaxın sahələrin inkişaf etdirilməsindən söhbət gedir. Növbəti ildən bu sahənin xeyrini görəcəyik. Çünki dövlət tərəfindən fermerlərə yardımlar göstərilir və onların da bu sahəyə marağı var. Gələn il 250-300 min tona yaxın pambıq istehsal edilsə, 100 milyondan çox gəlir götürəcəyik”.



İqtisadçı-ekspert Vüqar Bayramov Azərbaycanın SSRİ dövründə ən çox pambıq istehsal edən ölkələrdən biri olduğunu xatırladıb. Ekspert qeyd edib ki, 1981-ci ildə 831 min ton pambıq istehsal edilib.

“Müstəqillik qazandığımız illərdə 539 min ton pambıq istehsal edilib. Təəssüflər olsun ki, sonraki dövrlərdə pambıqçılıq diqqətdən yayınıb. 2014-cü ildə Azərbaycanda 41 min ton pambıq istehsal olunub. 2015-ci ildə isə bu rəqəm 35 min ton olub. 1991-ci ildə 246 min hektar sahədə pambıq əkilirdisə, 2015-ci ildə cəmi 23 min hektar pambıq əkilib. Əslində rəqəmlər ondan xəbər verir ki, pambıqçılıq sahəsində ənənənin olmasına baxmayaraq, son illər bu ənənədən istifadə edilməyib və nəticə etibarı ilə pambıq istehsalı kəskin azalıb. Bu il 100 min ton pambıq istehsal ediləcək. 2017-ci ildə isə bu 200 min tona qədər artırılacaq. Məhsuldarlıq təxminən 22 sentnerdir. Amma məhsuldarlığın artırılması vacibdir”.

V.Bayramov hazırda müxtəlif sektorları inkişaf etdirməklə valyutanın həcminin genişləndirilməsinə ehtiyac olduğunu deyib. Ekspert vurğulayıb ki, pambıqçılıq ölkəyə valyutanın daxil olmasına imkan yarada bilər: “Pambığın dünya bazarında 1 paundu (1 kq, 2,2 paunddur-red) 69 sentə satılır. Bu ondan xəbər verir ki, hal-hazırda pambığın hər kiloqramının qiyməti təxminən 31 sentdir. Burada söhbət birinc növ pambıqdan gedir. Bunlar New-York və Liverpul standartlarına uyğun hazırlanmış pambıqdır. Müstəqillik illərində pambığın dünya bazarında qiymətinin dəyişməsinə diqqət yetirsək, yalnız 2001-ci ildə pambığın 1 paundu 37 sentə düşüb. Ondan sonra orta göstərici 70-80 sent arasında dəyişib. Bu, o deməkdir ki, Azərbaycan pambığı xam mal və eləcə də emal edərək satsa, 2017-ci il istehsalını nəzərə alsaq, bu ölkəyə təxminən 200 milyon dollara yaxın vəsaitin daxil olmasına imkan verəcək. Bu sahənin inkişafı həm də onun üçün lazımdır ki, pambıqçılıq yüngül sənaye üçün xammaldır. Pambıqçılığın inkişaf etməsi yüngül sənayenin inkişaf etməsinə gətirib çıxaracaq”.



İqtisadçı hesab edir ki, Azərbaycan pambıqçılığı inkişaf etdirərsə yüngül sənaye də daxil olmaqla 100 min yeni iş yeri açılacaq: “Pambıq strateji məhsuldur. Gələcəkdə subsidiyanın həcmini 40 manat artırmaq mümkün olsa, bu fermerlər üçün daha cəlbedici olar. Satış qiymətinin 500 manatdan 580 manata artırılmasını təklif edirik. Dünya bazarındakı qiyməti nəzərə alsaq, satış qiymətini artırmaq mümkündür. Ucuz qiymətə gübrələrin verilməsi, lizinq şərtlərinin yüngüləşdirilməsi fermerlərin pambıq istehsalına marağını daha da artıracaq”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti