“Elnur “O səs Türkiyə”də birinci olacaq...”

“Elnur “O səs Türkiyə”də birinci olacaq...”
  18 Fevral 2015    Oxunub:4719
“Elnur Hüseynov hər kəsdən öncə Azərbaycan tamaşaçısını düşünür. Onun beynində bir fikir var ki, ifası Azərbaycan tamaşaçısı tərəfindən yaxşı qiymətləndirilsin”.
Bu fikirləri AzVision.az-a məşhur bəstəkar Gövhər Həsənzadə deyib. Bəstəkar Türkiyənin məşhur “O səs Türkiyə” yarışmasınnın sabah keçiriləcək finalında çıxış edəcək Elnur Hüseynovdan danışıb. Qeyd edib ki, bütün yarışmalarda olduğu kimi burada da final gözlənilməz nəticələrlə yadda qala bilər:

“Müsabiqələrin hamısı eynidir. Belə ki, bütün müsabiqələr qeyri-adi bir nəticə verə bilər. Biz nə qədər məntiqlə düşünüb, hesablamalar aparsaq da, tamaşaçıların, müsiflərin tərifinə arxayın olub, proqnozlar versək də hər zaman müsabiqələrdə gözləmədiyimiz hallar baş verir. Elnurun artıq finala gəlib çatmağı onun qələbəsi deməkdir. Elnur tamaşaçı, dinləyici və müsif heyəti arasında diqqət, qayğı, simpatiya qazanıb. Elnurun türkcəsi o qədər də mükəmməl deyil. Elnur hansısa bir hadisə ilə orada sevgi qazanmayıb. O, çox az ünsiyyət qurur, hər bir azərbaycanlı ifaçı kimi səhnədə çox tərbiyyəlidir. Bunu Elnur da daxil olmaqla orada iştirak edən bütün ifaçılarımıza şamil edirəm. Bizim uşaqlar özlərini yarışmada çox yüksək səviyyədə təqdim etdilər. Elnur o yarışmada iştirak etmək üçün çox böyük bir yol keçdi. Bu çox böyük bir uğurdur”.

Bəstəkar hesab edir ki, Elnur yarışmaya türk musiqisinin bilicisi kimi getməyib.

“Elnur Avropa musiqisi ifa edir. O, heç vaxt pop musiqiyə müraciət etməyib. O, mürəkkəb musiqi parçalarına, həm də klassik janrda olan mahnılara müraciət edib. Bu müddət ərzində Elnur gözəl ifalar təqdim edərək səhnədən, efirdən Azərbaycan adına xoş sözlər eşitdirdi və böyük alqışlar qazandı. Elnur yetərincə uğur qazanıb”.

G.Həsənzadə qeyd edib ki, final heç də kiminsə mahnısının yaxşı olması və ifasının güclülüyü üzərində qurulmayacaq. Orada çox böyük amillər rol oynayacaq.

“Finala şou-biznes baxımından yanaşılacaq. Səs vermə isə bəxtə-bəxt olacaq. Bunlar artıq şans məsələsidir. Ən böyük arzum “O səs Türkyə”nin qalibinin Elnur olmasıdır. Çünki Elnur qələbəyə layiqdir. İfaçılığa qalsa orada tək qalib kimi mən Elnuru görürəm. Başqa heç kəsi qələbəyə layiq görmürəm. Elnur orada yeganə müğənnidir ki, ifasi zamanı zalnan təmasda olmur. O, tamamili ilə ifasının içində olur. Elnur çox peşəkarcasına səhnədə çıxış edir. Hamımıza uğur olsun. Elnurun uğuru hər birimizin uğuru olacaq. Elnur orada qələbə qazansa bizim bir çox gənc ifaçılarımızda böyük səhnələrə çatmaq üçün inam yaranacaq. Ona görə də bu qələbə bizə çox lazımdır. İnanıram ki, Elnur birinci olacaq”.

Qeyd edək ki, Türkiyənin məşhur “O səs Türkiyə” yarışmasının finalı sabah axşam olacaq. Bu gün axşam isə yarışmanın finalçıları məlum olacaq və sabah isə birinci yerin qalibi bəlli olacaq.

Bildirək ki, aparıcısı və yaradıçısı Acun Ilıcalı olan yarışın jüri heyəti Ebru Gündəş, Gökhan Özoğuz, Hadisə, Mazhar Alanson ve Özkan Uğurdan ibarətdir.

Finalçılar SMS səsverməsi ilə seçilib. Finalda yarışacaq yarışmaçılardan biri də Azərbaycan təmsilçisi Elnur Hüseynovdur. O, finalda Sahil Ekmekçi, Osman Vahit Özdal, Məhəmməd Vanal, Sarper Arda Akkaya, Emrah Güllü, Kaya Aslantepe, Zeo Javeedlə mübarizə aparacaq.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti