“Hermes" “Şahid”lik edir

// İran PUA-larının "atası" kimdir: ABŞ yoxsa İsrail?

      “Hermes" “Şahid”lik edir
  16 Noyabr 2023    Oxunub:4756
40 ildən çoxdur ki, ağır sanksiyalar altında olan İran PUA istehsalı sahəsindəki uğurlarını necə qazana bilib? Daha dəqiq desək, Qərbin müasir texnologiyaları olmadan bu, necə baş verdi? Sualın çox maraqlı cavabı var.
İranın müasir dronlar yaratmasına təkan verən hadisə Amerikanın RQ-170 “Sentinel” pilotsuz təyyarəsinin ələ keçirilməsi olub. 2011-ci il, dekabrın 4-də İranın Hava Hücumundan Müdafiə Qüvvələri (HHQ) ölkənin şərqində ABŞ PUA-sını endirə bildi. O vaxt bununla bağlı xəbərdə qeyd olunurdu ki, Amerika PUA-sı MDB ölkələrindən birinin elektron müharibə üzrə ixtisaslaşmış mütəxəssislərinin köməyilə ələ keçirilib. Elektron idarəetmə sistemi sıradan çıxarılmış PUA minimal ziyanla İranın şərqində - Əfqanıstanla sərhəddən 225 kilometr aralıda yerləşən dağlıq əraziyə endirilmişdi. Bu hadisə iranlılara "MDB ölkələrindən birinin" mütəxəssislərinin köməyilə ilk dəfə PUA-nın quruluşunu öyrənməyə imkan verdi.


Amma ABŞ faktoru yalnız bu məqamla məhdudlaşmır. Hazırda İranda PUA-ların istehsalını əsasən Aviasiya Sənayesi Təşkilatı və Qüds Dövlət Aerokosmik Şirkəti həyata keçirir. Aviasiya sənayesinə bir neçə elmi-texniki təşkilat, bir sıra təyyarə istehsalı və təyyarə təmiri zavodları, eləcə də müxtəlif komponentlər istehsal edən çoxlu müəssisələr daxildir. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə sıx bağlı olan həmin müəssisələr İranın aparıcı fiziki elmlər və mühəndislik universiteti olan Tehran Şərif Texnologiya Universitetinin məzunlarını işə götürür. Bu universitet isə 1966-cı ildə ABŞ-nin Massaçusets Texnologiya institutunun metodologiyası və ənənələri əsasında fəaliyyətə başlayıb. Başqa sözlə desək, İranda PUA istehsalı sahəsinin yaranması və istehsalında həm Amerikanın təhsil müəssisəsinin, həm də ələ keçirilən PUA-sının rolu danılmazdır.

Hazırda İranın istehsal etdiyi ən məşhur ağır hücum dronları “Shahed 129” “Şahed 191”dir. 2012-ci ildə istifadəyə verilən “Şahed 129” uzun uçuş müddəti olan orta hündürlüklü əməliyyat-taktiki kəşfiyyat və zərbə dronudur. Bu dronun ABŞ-nin MQ-1 “Predator” və İsrailin “Hermes 450” PUA-larının əsasında yaradıldığı bildirilir. Onun xarici görünüşü isə məhz “Hermes 450”ni təkrarlayır.

İsrail “izi” daha inandırıcıdır

İtaliyalı jurnalist, “The Aviationist” saytının təsisçisi və redaktoru Devid Sensiotti (David Cenciotti) hələ 2012-ci ilin sentyabrında dərc etdiyi məqalədə İranın raketlər daşımaq funksiyasına malik “Şahid 129” yeni kəşfiyyat PUA-sının məhz İsrailin “Hermes 450/Watchkeeper” dronunun klonu olduğunu vurğulayıb. O, İranın yeni dronunun ABŞ-nin 2011-ci ilin dekabrında ələ keçirilmiş RQ-170 pilotsuz təyyarəsi ilə heç bir əlaqəsinin olmadığını iddia edib.


“Bu PUA-nın daxili avadanlığının, sensor massivinin və yerüstü idarəetmə stansiyasının təfərrüatları hələ də məlum olmasa da, yeni “Şahid 129” əsasən İsrailin “Hermes 450” modelinə əsaslanır. Eyni forma, ölçü, eniş mexanizmi növü və performans görünür. Sadəcə, qanad montajı İsrailin casus robotundan bir qədər fərqlidir. Lakin, tamamilə kəşfiyyat (İSTAR), müşahidə, hədəflərin alınması məqsədləri üçün istifadə edilən “Hermes Watchkeeper WK450”nin versiyalarından birinə bənzəyir”, - Sensiotti yazıb.

Uzun müddətdir ki, SAXAL-ın arsenalında yer alan “Hermes 450” PUA-sı “The Sunday Times” qəzetinin iddiasına görə, 2009-cu ilin martında Qəzza zolağına gedən İran silahlarının olduğu karvanı məhv edib. Böyük Britaniyanın “The Economist” nəşri isə 2012-ci ildə HƏMAS-ın silahlı qanadının rəhbəri Əhməd Cabbarinin məhz bu dron vasitəsi ilə öldürüldüyünü bildirib.


Sensiotti və bir sıra digər mütəxəssislərin İranın “Şahid” dronlarının məhz İsrailin “Hermes-450” PUA-sının klonu olduğunu və ABŞ-nin ələ keçirilən pilotsuz təyyarələrinin bu məsələdə rol oynamadığını iddia etməsi çox maraqlı səslənir. Belə təsəvvür yaranır ki, İranın PUA istehsalı sahəsinin inkişafında Vaşinqtonu dolayı məsuliyyətdən yayındırmağa cəhd göstərilir. Halbuki, İran “Hermes-450” PUA-sını xeyli sonra ələ keçirib. İstənilən halda, İranın PUA istehsalında ABŞ və İsrail “izi”nin mövcudluğu silah-sursat istehsalında, onların satışında və istifadəsində maksimum dərəcədə ehtiyatlı davranmağın nə qədər vacib olduğunu təsdiqləyir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: İran   PUA   İsrail  





Xəbər lenti