“Müharibə Azərbaycan-İsrail münasibətlərinə təsir etməyəcək” – Şapiro-Suliman

   “Müharibə Azərbaycan-İsrail münasibətlərinə təsir etməyəcək” –    Şapiro-Suliman
  14 Noyabr 2023    Oxunub:1837
“İsrail rəhbərliyinin günahı Qəzza zolağında HƏMAS-ın inkişafına mane olmamasıdır. Biz Fələstin ərəblərini yaxşı tanıyırıq. Onlar dövlət qurmaq əvəzinə HƏMAS-ı yaratdılar. İsrail donor pullarının Fələstinə axmasına icazə verdi ki, bu da son nəticədə raketlərin istehsalına, terrorçuların hazırlanmasına, tunellərin qazılmasına xərcləndi. Onlar hətta aldıqları maliyyə vəsaiti hesabına özlərini su və elektrik enerjisi ilə də təmin etmədilər. Ona görə də, bu gün mən İsrailin bütün bunları onlara verməsinin əleyhinəyəm”.
Bunu AzVision.az -a ictimai xadim, sülh səfiri, “Herut” Ümumdünya Sionist Hərəkatının Rusiya Federasiyasındakı rəhbəri, “İsrailin Dostları” Xaricdə Yaşayan Həmvətənlər Federasiyasının prezidenti Aleksandr Şapiro Suliman deyib.

Onun sözlərinə görə, SAXAL HƏMAS-ı məhv etməlidir, əks halda, gələn dəfə hər şey İsrail üçün çox pis bitə bilər. HƏMAS-ın oktyabrın 7-də İsrailə hücumu bir gecədə planlaşdırılmayıb. Bu gün terrorun əsas sponsoru olan İranın münaqişəyə müdaxilə riski çox yüksəkdir: “İstər İsrail, istərsə də Qərb dövlətlərinin bütün siyasətçiləri İranın bu işdə iştirakını ehtiyatla qeyd edir və onun potensialını dəyərləndirirlər. İran həmişə müdaxilə edib, edir və edəcək”.
“Biz papadan artıq müqəddəs olmayacağıq” – İsrailli hərbçi (Eksklüziv)

Ankaranın bu məsələdə mövqeyinə gəlincə, A.Şapiro Suliman hesab edir ki, Azərbaycan prezidenti İlham Əliyevin sayəsində İsrail və Türkiyə diplomatik münasibətləri bərpa edə bilmişdilər. Amma bu gün əlaqələrin yenidən qırılması riski var.

Sülh Səfirinin sözlərinə görə, Misir Fələstin-İsrail münaqişəsində qeyri-müəyyən mövqeyə malikdir. Qəzza zolağının sakinlərinə humanitar yardım göstərilməsinin tərəfdarıdır, lakin qaçqınlar üçün sərhədlərin açılmasının qəti əleyhinədir. İsrail isə əksinə, Qəzza sakinlərini buraxmağa hazır olduğunu bəyan edir, lakin Qəzzaya humanitar yardımın çatdırılmasının əleyhinədir. Buna görə də çıxılmaz vəziyyət yaranıb.

Sonda politoloq bəyan edib ki, İsraillə Azərbaycan arasında münasibətlər minilliklərə gedib çıxan tarixi köklərə malikdir: “İsraildəki təhlükəli vəziyyətə baxmayaraq, Azərbaycan HƏMAS-ın atəşi altında olan Aşkelon şəhərinə neft çatdırır. İsrailin bütün baş nazirlərinin Azərbaycan rəhbərliyi ilə yaxın və dost münasibətləri olub. Bütün bunlar İsraillə Fələstin arasındakı müharibənin Bakı-Yerusəlim münasibətlərinə təsir etməyəcəyini deməyə əsas verir. İlham Əliyevin səriştəli siyasəti nəticəsində bunun baş verməsi mümkün deyil”.

Seymur Məmmədov
AzVision.az


Teqlər:   İsrail   Qəzza  





Xəbər lenti