İnflyasiya səngiyib: Səbəb nədir və bahalaşma qayıdacaqmı – TƏHLİL

      İnflyasiya səngiyib:    Səbəb nədir və bahalaşma qayıdacaqmı –    TƏHLİL
  31 İyul 2023    Oxunub:4780
Cari ilin yanvar-may aylarında ölkədə istehlak qiymətləri indeksi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 13,1%, o cümlədən, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 15,8%, qeyri-ərzaq malları və əhaliyə göstərilən ödənişli xidmətlər üzrə isə 11,6 və 10,6 % artıb. Başqa sözlə, bahalaşma və inflyasiya tempi davam edib.
Lakin 2023-cü ilin mayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,4% az, keçən ilin mayına nisbətən isə 11,5% çox təşkil edib. Bu isə deməkdir ki, az qala iki il yarımdır ardıcıl davam edən bahalaşma və inflyasiya tendensiyası ilk dəfə mayda səngiyib.

Uzun müddətdir davam edən inflyasiya amilinin mayda səngiməsinə hansı amillər şərait yaradıb?

Bahalaşma və inflyasiya prosesinin sürəti apreldə zəifləməyə başlamış, mart ayında qeydə alınmış 0,7%-ə qarşı 0,3% təşkil etmişdi. Odur ki, mayda tempin səngiyəcəyi aydın görünürdü. Buna ən çox qlobal miqyasda da anoloji tendensiyanın baş verməsi əsas yaradırdı. Belə ki, dünyada inflyasiya əslində xeyli əvvəl səngiyib. İl başlanandan bəri dünya bazarlarında bir sıra strateji məhsullar, o cümlədən, ərzaq malları ucuzlaşıb.

2021-ci ilin əvvəlindən artmağa başlanan və bütövlükdə keçən il ərzində Rusiya-Ukrayna müharibəsinin təsiri nəticəsində daha da alovlanan qiymətlər buildən ucuzlaşmalı idi və ucuzlaşdı da. Buna enerjidaşıyıcıları qiymətlərinin sabitləşməsi də əsas yaradırdı. Prosesin səngiməsi üçün bu vacib şərt idi. Qlobal enerji bazarlarında ajiotaj yatmasa, ölkəmizə inflyasiya idxalı səngiməyəcəkdi. Buna qarşı mübarizə aparmaq mümkün deyil. Daxili bazarımız idxal məhsullarından asılı olduğundan, yerli istehsal nə qədər çox stimullaşdırılsa belə, inflyasiya idxalından yaxa qurtarmaq alınmayacaqdı.

Diqqət yetirək: mayda əvvəlki aya nisbətən daha çox qarabaşaq yarması, çörək, təzə balıq, süd, yumurta, marqarin, kərə, günəbaxan və qarğıdalı yağları, çiyələk, banan, xiyar, pomidor, bibər, sarımsaq, soğan, kartof, araq ucuzlaşdığı halda, idxal olunan digər mallar - düyü, mal, qoyun və toyuq əti, yoqurt, xama, zeytun yağı, limon, alma, balqaba, kələm, yerkökü, şəkər və şəkər tozu, mineral sular bahalaşıb. Digər ərzaq məhsulları isə sabit qalıb. Bu faktın özü də kənardan idxal olunan malların qiymət tendensiyasının daxili bazarımıza necə təsir etdiyini bir daha göstərir.

Ölkə daxilində inflyasiyanı səngidən digər faktor isə qonşu dövlətlərin, başqa sözlə desəm, əsas ticarət tərəfdaşlarımızın milli valyutaların dəyərsizləşməsi prosesidir. Bu, həmin ölkələrdən idxalın ucuzlaşmasına səbəb olub. Söhbət ilk növbədə Rusiya Federasiyası ilə Türkiyədən gedir. Rubl ilə lirənin ABŞ dollarına nəzərən dəyər itirməsi adları çəkilən milli valyutalara sahib ölkələrdən mal və məhsul idxalının ucuzlaşmasına şərait yaradıb.

Ölkədə bahalaşma və inflyasiya prosesinin səngiməsində Mərkəzi Bankın (AMB) və hökumətin bu sahədə apardığı siyasət, gördüyü tədbirlər də müəyyən rol oynayıb. İstər ölkədə həyata keçirilən sərt pul-kredit siyasəti, istər manatın dəyərinin inzibati yolla saxlanılması, istərsə də hökumət tərəfindən bəzi gömrük və vergi mexanizmlərinin tədbiqi prosesi cilovlamaq baxımından əhəmiyyətli olub.

Odur ki, sual yaranır: inflyasiya prosesinin səngiməsi uzunmüddətli xarakter daşıyacaqmı?! Bahalaşma bərpa oluna bilərmi?

İlin ikinci yarısı üçün hökumətin və AMB-nin verdiyi proqnozlar fərqlidir. Birincisi 10,4% olmaqla ikirəqəmli, ikincisi isə 8,3% təşkil etməklə birrəqəmli proqnoz irəli sürüb. Bunun hansının doğru olacağını zaman göstərəcək. Hələliksə, fikrimcə, cari ilin qalan dövrü ərzində də Azərbaycanda inflyasiyanın səviyyəsini qlobal bazarlardakı vəziyyət müəyyən edəcək ki, ciddi siyasi-hərbi böhran yaranmasa, bu il enerji daşıyıcılarının qiymətlərinin bir az da ucuzlaşacağı gözlənilir. Bu isə ərzaq və digər bazarlarda da qiymətlərin düşməsinə səbəb olacaq. Nəticədə ölkəmizdə ilin ikinci yarısında da inflyasiya tempi azalmaqda davam edəcək və qiymətlər sabitləşəcək.

Ancaq bu azalmanın ikiqat olub-olmayacağını söyləmək çətindir. Yəni, inflyasiyanın birrəqəmli, yoxsa ikirəqəmli oilacağı məlum deyil. Burada hökumətin tənzimlənən qiymətlərə dair hansı siyasəti yürüdəcəyi mühüm rol oynayacaq. Əgər benzin, enerji, su, qaz qiymətləri artırılmasa, inflyasiya azalacaq.

Hökumət diqqətini əsas etibarilə ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına yönəltməlidir. Belə ki, əsas növ ərzaq məhsulları üzrə istehsal təhlükəsizlik səviyyəsinə çatdırılmalı, bu mümkün olmadıqda isə, idxal sahəsində vergi və rüsumlar sıfırlanmaqla bahalaşma cilovlanmalıdır.

Pərviz Heydərov
Xüsusi olaraq AzVision.az üçün


Teqlər: İnflyasiya  





Xəbər lenti