Ağdam yolunda bitən 150 illik oyun - Mübariz Əhmədoğlunun şərhi

      Ağdam yolunda bitən 150 illik oyun    - Mübariz Əhmədoğlunun şərhi
  17 İyul 2023    Oxunub:3545
Qarabağ münaqişəsinin olduğu dövrdə ermənilər özləri üçün bir neçə “alternativsiz variant” uydurmuşdular. Bunlardan biri Qarabağ erməniləri ilə Ermənistan arasındakı əlaqədə Laçın dəhlizinin alternativsizliyi fikri idi. Son iki ildə Laçın dəhlizi uğrunda apardıqları “mübarizənin” də əsas mahiyyəti budur.
Laçın dəhlizi fəaliyyət göstərəcəksə, ermənilərin Qarabağ erməniləri üzərində qurduqları oyun davam edəcək. Laçın dəhlizi faktorunun ortadan qalxması, ona alternativin yaranması ermənilərin Qarabağ oyununun tam şəkildə bitməsi deməkdir. Brüsseldə 15 iyulda keçirilən görüşdə Avropa İttifaqının prezidenti Şarl Mişel Ağdam marşrutunun legitimliyini bildirdi. Bununla da ermənilər sonuncu mühüm blef qalalarını tərk etməyə məcburdurlar. Əslində təkcə Ağdamdan deyil, Füzuli, Zəngilan, və Zəngəzurdan da logistik kommunikasiyalar ola bilər.

Bunun nə demək olduğunu başa düşmək üçün erməni tarixinə nəzərə salmaq lazımdır. Ermənilərin heç vaxt torpağı olmayıb. Dövlətçilik üçün torpaq (ərazi) birinci şərtdir. Ona görə erməninin dövləti də olmayıb. Tarixçilər erməni dövlətinin deyil, erməni xalqının tarixini yazıblar.

1870-ci illəri ermənilərin Osmanlı imperiyasında torpaq mübarizəsinin başlanğıcı saymaq olar. O dövrdə Osmanlı imperiyasının tərkibində ermənilərin hər şeyi var idi. Yeganə xristian icma idilər ki, Osmanlı imperiyası öz dinlərində ibadət etməyə icazə vermişdi. Ermənilərin Osmanlı imperiyasında inkişafına, vəzifələr tutmalarına heç bir maneə olmayıb. Osmanlının son 100 ilində 11 nazir milliyyətcə erməni olub. Osmanlı sahibkarlarının hamısının müəssisəsində özündən sonrakı şəxs erməni idi. Onlar hətta “milləti-sadiqə” adını almışdılar. Nəhayət, Rusiya “sizə torpaq verəcəyəm” adı ilə erməniləri aldatdı. “Zeytun üsyanı” və ya 1890-cı ildə “Daşnaksutyun”un yaranması ilə ermənilərin torpaq uğrunda mübarizələri başladı.

Çar Rusiyası ermənilərin torpaqlara sahiblənməsində yeni mərhələ yarada bildi. Osmanlı imperiyasından, İrandan erməniləri tarixi Azərbaycan ərazilərinə köçürdü. Bu gün Ermənistanda əsasən Osmanlıdan, Qarabağda və İrəvanın bir qismində İrandan gətirilən ermənilər məskunlaşıblar.

SSRİ dövründə ermənilərin torpaq uğrunda mübarizəsinin yeganə zərərçəkəni təkcə Azərbaycan xalqı olmayıb, gürcülərə qarşı da müxtəlif iddialar irəli sürüblər. Sovet İttifaqı ermənilərin Türkiyəyə qarşı ərazi iddiası mövzusunu daim gündəlikdə saxlamasında maraqlı idi. Milli və dini ideologiyanı bütövlükdə rədd edən SSRİ-də 1965-ci ildə Ermənistanda “erməni soyqırımı” abidəsinin tikilməsinə icazə verildi. Bu da ermənilərin torpaq uğrunda mübarizəsinin SSRİ-nin marağında olmasının nəticəsi idi.

SSRİ dağılan ərəfədə ermənilər yeni qüvvə ilə torpaq uğrunda mübarizəyə başladılar. O vaxt ABŞ rəqibi SSRİ-ni dağıtmaq planına malik idi. O plan ermənilərin də aktiv iştirakı ilə reallaşdı. Sonradan ermənilər Azərbaycan torpaqlarının işğalına da nail oldular. Qarabağda başladıqları işğalçılıq mübarizəsinin adı əvvəlcə “miatsum” idi. Həmin ideyaya görə, Qarabağ erməniləri Ermənistan erməniləri ilə eyni xalqdırlar, buna görə də Qarabağ Ermənistana birləşdirilməlidir. Qorbaçovun köməkçisi Aqanbekyan “Humanite” qəzetində (Fransa) hətta SSRİ-nin iqtisadi problemini həll etməyin yolu kimi Qarabağın Azərbaycan SSR-dən ayrılıb Ermənistan SSR-ə birləşməsini təklif etmişdi. Ermənistan SSR Ali Sovetinin bu məzmunda yarımçıq müzakirələri və bunun əsasında qərarı var.

Ermənistanda dövlət büdcəsinin hesabına qərbi erməni dilindən şərqi erməni dilinə tərcümə kitabları çap olunub. Buna baxmayaraq, “miatsum” lazım gələndə onlar eyni xalq elan edilmişdilər...
“Miatsum” alınmadı. Çünki o zaman SSRİ-nin mərkəzi qanunvericiliyi buna imkan vermədi. Ermənilər belə başa düşdülər ki, Qarabağı “müstəqil dövlət” elan edib, sonradan Ermənistana birləşdirmək daha asandır. Və bu istiqamətdə fəaliyyətə başladılar. Hətta sübut etməyə çalışdılar ki, Qarabağdakı ermənilər erməni xalqı deyil, tamam ayrı etnoloji, antropoloji qrupdur. “Qarabağın erməni xalqı”, “Artsax xalqı” adlı xalqın mövcudluğunu sübut etməyə çalışdılar.

Qarabağdakı ermənilər İrandan köçmə olduqları üçün dillərində 15-20 faiz fars sözləri var. Buna görə onları “Ermənistan ermənilərindən fərqli xalq” adlandırmaq absurddur. Diaspor ermənisinin dili ilə Ermənistan ermənisinin dili arasında 100 faiz fərq var. Elə isə, onlar niyə özlərini “ayrı xalq” saymırlar?!

Ermənilər bu istiqamətdə də ciddi siyasi, elmi uğur əldə edə bilmədilər. Heç bir elmi etnoloji, antropoloji konfrans keçirə bilmədilər. “Qarabağın erməni xalqı” termininin beynəlxalq elmi-hüquqi əsası yoxdur. Erməni xalqı bir dənədir (xoşbəxtlikdən), o da öz müqəddəratını artıq təyin edib. Qarabağ erməniləri isə Azərbaycan vətəndaşları kimi Ermənistana gedib-gələ bilərlər. Əgər istəsələr.

Mübariz Əhmədoğlu
Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru
Xüsusi olaraq AzVision.az üçün


Teqlər: Qarabağ  





Xəbər lenti