"Şimal-Cənub": Geosiyasətin nəqliyyata təsiri – Rusiyadan baxış

      "Şimal-Cənub":    Geosiyasətin nəqliyyata təsiri –    Rusiyadan baxış
  15 İyul 2023    Oxunub:7052
“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin (BND) taleyinə siyasi və digər amillər fövqəladə təsir göstərir. Pandemiya zamanı nəqliyyat-logistika sənayesinin fövqəladə şəraitdə fasiləsiz fəaliyyət göstərə biləcəyinə şübhələr səbəbindən 2020-ci ilin ikinci yarısında yükdaşıma tariflərində qlobal artım baş verdi. Rekord qiymətlər bir ildən çox davam etdi və 2021-ci ilin payızında yerini bəzən tənəzzülü xatırladan enişə verdi. Lakin Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatı nəqliyyat xidmətləri bazarında qeyri-sabitliyin başqa bir səbəbinə çevrildi. Qiymətlərin ümumi düşməsi fonunda "Rusiya seqmenti"ndə malların daşınması xərcləri sabitləşdi və hətta artırmağa başladı.
Bu sözləri AzVision.az -a müsahibəsində iqtisad elmləri doktoru, Sankt-Peterburq Dövlət Universitetinin professoru Stanislav Tkaçenko deyib. Ekspert bildirib ki, hazırda Rusiyanın “Şimal-Cənub” BND-yə marağının canlanması ilk növbədə sanksiyalarla əlaqələndirilir:


- Rusiya bu gün tranzitin təhlükəsizliyini iqtisadi gəlirlilikdən üstün tutur. Yəni Moskva onu xarici dünya ilə birləşdirən nəqliyyat dəhlizlərinin inkişafına böyük sərmayə qoymağa hazırdır. 2023-cü ilin mayında İran dəmir yolu şəbəkəsində çatışmayan seqmentin (Astara-Rəşt dəmir yolunun bir hissəsi) tamamlanması üçün Rusiya büdcəsindən 1,3 milyard dolların ayrılması bunu təsdiqləyir. Lakin fövqəladə hallar Rusiya iqtisadiyyatını təhdid etməyi dayandırdıqdan sonra Kremlin İran yollarına sərmayə qoymağa marağı azala bilər.

- "Şimal-Cənub" Nəqliyyat Dəhlizinin üç marşrutu var: Qərb qolu Azərbaycandan, Transxəzər xətti Xəzər dənizindən, Şərq istiqaməti Qazaxıstandan keçir. Üç istiqamətindən hansı daha sərfəli və cəlbedicidir?
- Bu gün bu sualın dəqiq cavabı yoxdur. Hazırda Şimal-Cənub BND ilə daşınan konteynerlərin sayı azdır: 2022-ci ildə təxminən 22 min ədəd 20 futluq konteyner daşınıb. Buna baxmayaraq, müsbət dinamika müşahidə olunur. Konteynerlərin çoxu Azərbaycan ərazisindən daşınır. Onların sayı ildə 300-500 minə yaxınlaşanda bütün tranzit dövlətlər, ilk növbədə, Azərbaycan üçün son dərəcə sərfəli olacaq.
Rusiyanın Olya limanından İranın şimalındakı Ənzəli limanına qədər uzanan Transxəzər dəniz yolu ağır yüklərin, o cümlədən metal prokatının, gübrələrin, sement, koks və ferroərintilərin daşınması üçün faydalıdır. Bu gün həmin xüsusi yüklərin daşınmasına tələbat azdır, ona görə də, “orta” marşrut üzrə yük dövriyyəsi olduqca ləng gedir və hələ ki, gəlir gətirmir, əksinə, investorlara ziyan vurur.

Qazaxıstan, Özbəkistan və Türkmənistandan keçməklə Rusiyadan İrana gedən Şərq quru yoluna gəlincə, indi, yəni 2022-2023-cü illərdə məhz onunla yük daşımalarının ən sürətli artım tempi müşahidə olunur. Bunun izahı sadədir: SSRİ dövründən orada dəmir yolu fəaliyyət göstərir və hazırda saz vəziyyətdədir. Buna görə də, ağır yüklərin, o cümlədən, konteynerlərin daşınması üçün istifadə edilə bilər. Lakin gələcəkdə bu marşrut üzrə nəqliyyatın artımı zəifləyəcək, çünki o, Hind okeanı regionundan Rusiyaya, daha sonra Avropaya uzanan optimal və ən qısa marşrutdan uzaqda yerləşir.
Ümumiyyətlə, hər üç marşrut hələlik daşıyıcılar üçün cəlbedici deyil. Çünki onlardan istifadə artıq formalaşmış iki marşrut - Süveyş kanalı, eləcə də Çindən Avropaya uzanan Trans-Sibir dəmir yolu ilə həyata keçirilir. Bu isə malların çatdırılma müddətini uzatmaq deməkdir. Nəzərdə tutulan nəqliyyat marşrutlarının hər üçü yenicə formalaşdığından, yüklərin daşınması və saxlanması infrastrukturunun inkişaf etməməsi, böyük həcmli yüklərlə tez işləmək qabiliyyətinə malik mütəxəssislərin olmaması səbəbindən nəqliyyat xidmətlərinin keyfiyyətinin aşağı düşməsi riskləri var. Bütün bu problemlər, əlbəttə ki, həllini tapacaq, lakin bunun üçün 5-10 il vaxt lazımdır.

- İqtisadi baxımdan Rusiya üçün dəhlizin hansı qolu daha cəlbedicidir?
- Azərbaycan ərazisindən keçən Qərb qolu gələcəkdə Rusiya üçün əsas olacaq. Çünki o, ölkənin sıx məskunlaşan cənub rayonlarına, eləcə də Rusiyanın qərb bölgələrindəki sənaye mərkəzlərinə (Moskva, Sankt-Peterburq, Volqaboyu bölgələrinə) gedir. Onun tam işləməsi üçün vaxt və nəhəng investisiyalar lazımdır.
Qərbin sanksiyalarının tətbiqinə qədər Şimal-Cənub dəhlizi Rusiyanın biznes və hökumət strukturları üçün az maraq kəsb edirdi. 2022-ci ilin fevralında Rusiya nəqliyyat sektorunun tamamilə məhv edilməsinə yönəlmiş sanksiyalarla üzləşəndə hər şey dəyişdi. Moskva nəqliyyatın inkişafı ilə bağlı yeni və təxirəsalınmaz vəzifələrlə üzləşdi. Beləliklə, 2023-cü ilin yazında Rusiya 2030-cu ilə qədər Şimal-Cənub BND-nin Qərb marşrutunun öz ərazisindən keçən nəqliyyat və logistika infrastrukturunun yaxşılaşdırılmasına, ilk növbədə dəmir yollarının tikintisinə və modernləşdirilməsinə, habelə terminallar, gömrük və sanitar nəzarət məntəqələri, malların köçürülməsi və saxlanması üçün avadanlıqların alınmasına 250 milyard rubldan çox vəsait ayırmaq qərarına gəlib. Bu gün "Şimal-Cənub" BND Rusiya iqtisadiyyatının Avropa bazarlarından Yaxın Şərq, Hind okeanı və Cənub-Şərqi Asiyaya istiqamətləndirilməsi üçün mərkəzi həlqələrdən biridir.

Qərb marşrutunun əsas problemləri Azərbaycanda nəqliyyat-logistika sektorunun kifayət qədər inkişaf etməməsi və İranın nəqliyyat şəbəkəsinin arxaik keyfiyyəti ilə bağlıdır. Azərbaycanın nəqliyyat-logistika kompleksinin inkişafı ilə bağlı bütün əsas qərarlar artıq qəbul edilib. İndi onların həyata keçirilməsi - yəni gömrük terminallarının tikintisi, informasiya sistemlərinin qonşu dövlətlərlə inteqrasiyası, logistika üzrə mütəxəssislərin hazırlanması tələb olunur. İranda yol şəbəkəsinin modernləşdirilməsi hələ yeni başlayır.

- İranın nəqliyyat infrastrukturu “Şimal-Cənub” BND-nin “zəif bənd”inə çevrilməyəcək ki?
- Bu gün biz İranın öz nəqliyyat şəbəkəsini yenidən qurmasından danışırıq. Mütəxəssislərin fikrincə, İranın nəqliyyat sektorunun yerüstü infrastrukturuna təcili olaraq 20-25 milyard dollar sərmayə qoyulmalıdır. Oradakı mövcud dəmir yolları Rusiya standartı (1520 mm) ilə müqayisədə dardır (1435 mm). İranda dəmir yolları yüngül yüklərin daşınması üçün ingilislər tərəfindən tikilib. Onlar çəkisi 30 tondan çox olmayan vaqonların daşınması üçün nəzərdə tutulub, bu isə SSRİ və Rusiyada tikilmiş dəmir yollarından iki dəfədən çox azdır.


İranda həmçinin avtomobil yolları şəbəkəsinin əhəmiyyətli hissəsinin yenilənməsi, liman komplekslərinin və terminalların tikintisi, ekspeditor şirkətlər ekosisteminin yaradılması, hüquqşünasların, sürücülərin, fitosanitar nəzarəti üzrə mütəxəssislərin hazırlanması və s. həyata keçirilməlidir. Bu, nəhəng bir işdir və onu tam şəkildə başa çatdırmaq yalnız qoyulan investisiyaların geri qaytarılmasına zəmanət verildikdə mümkün olacaq. Bu gün Cənubi Qafqaz regionunun təhlükəsizliyi və yüklərin çatdırılması üçün alternativ yollarla rəqabət apara bilinməməsi ilə əlaqədar olaraq belə zəmanətləri əldə etmək sadəcə mümkün deyil.

Bayaq qeyd edildiyi kimi, “Şimal-Cənub” BND üzrə yükdaşımaların ən sürətlə inkişaf etdiyi Şərq marşrutudur, çünki daşınan yüklərin həcminin artırılması üçün bütün lazımi ilkin şərait mövcuddur.
Amma daşınan malların və ya konteynerlərin 4-5 dəfə yenidən yüklənməsi, Türkmənistandan İrana keçərkən dəmir yolu relslərinin dəyişdirilməsi, Rusiyaya və qeyri-regional daşıyıcılara tanış olan infrastrukturun olmaması, sənəd dövriyyəsində tərəflərin uyğunsuzluğu, “həssas mallar"ın qeydiyyatı bu bazar seqmentini investorlar üçün problemli hala gətirir. Şimal-Cənub dəhlizi çərçivəsində işgüzar yazışmaların hansı dildə aparılacağı məsələsində də tərəflər arasında razılıq yoxdur.

Beləliklə, bu gün nəzərdən keçirdiyimiz “Şimal-Cənub” BND marşrutlarına investisiyaların səmərəliliyini əvvəlcədən hesablamaq imkanı yoxdur. Maraqlı dövlətlər BND-nin faktiki tikintisinin maliyyələşdirilməsinə dair qərar qəbul edərkən, investisiyaların gəlirliliyini qiymətləndirmək imkanına malik deyillər. Rusiyanın ABŞ və müttəfiqləri ilə iqtisadi müharibəsi on ildən çox davam edəcək, buna görə də cənuba gedən etibarlı nəqliyyat və logistika marşrutunun mövcudluğu Rusiya üçün strateji əhəmiyyətə malikdir. 40 ildən artıqdır ki, sanksiyalara məruz qalan İranın da marağı göz qabağındadır.

Bütün digər dövlətlərə (Azərbaycan, Qazaxıstan, Türkmənistan və bir sıra digər ölkələr) gəldikdə, onlar iki çağırışa hazır olmalıdırlar:
  • Qlobal bazarda şiddətli qiymət rəqabətinə və malların daşınmasında xidmət keyfiyyətinin daim yüksəldilməsinə;

  • Aydın başa düşməyə: "Şimal-Cənub" BND yalnız o halda əhəmiyyətli və asan gəlir gətirəcək ki, Süveyş kanalının istismarında dayanmalar olacaq və ya Hindistandan Rusiyaya, Aİİ ölkələrinə və Şimali Avropaya sənaye mallarının ixracı kəskin şəkildə artacaq.



Teqlər: Şimal-Cənub   Nəqliyyat   İnfrastruktur  





Xəbər lenti