“Manat təxminən 10 faiz güclənib” - Vüsal Qasımlı

“Manat təxminən 10 faiz güclənib” - Vüsal Qasımlı
  08 İyun 2017    Oxunub:2198
Azərbaycan manatı təxminən 10 faiz güclənib. Manatın güclənməsi Azərbaycan iqtisadiyyatını proqnozlaşdırmaq imkanlarını gücləndirir.
AzVision.az xəbər verir ki, bu sözləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Azərbaycan-Avropa İttifaqı biznes-forumunda deyib. Onun sözlərinə görə, islahatlar nəticəsində manatın sabitləşdirilməsi, inflyasiyanın nəzarət olunan həddə endirilməsi, qeyri-neft ixracatının həcminin və çeşidinin artması, həmçinin strateji valyuta ehtiyatlarının artımına nail olunub.

“Manatın məzənnəsinin sabitləşməsindən sonra inflyasiya səviyyəsi nəzarətə götürülüb. Biz makroiqtisadi sabitliyi təmin etməklə iki nailiyyət əldə etmişik. Birincisi, qeyri-neft sektorunda ixraca daha çox şəxsləri cəlb edə bilmişik. İkincisi, qeyri-neft sektorunda ixracı artırmağa nail olduq. Bu il qeyri-neft sektorunda ixrac 50 faiz artıb. İndiki halda əsas hədəf əldə edilmiş makroiqtisadi nailiyyətlərin real sektorun orta və uzunmüddətli dayanıqlı inkişafına transformasiya edilməsidir.

Xüsusilə, maliyyə-bank sektorunun sağlamlaşdırılması, biznes mühitinin təkmilləşdirilməsi üzrə Tədbirlər Planının icrası və investisiya qoyuluşunun artması bu ildən başlayaraq iqtisadi artım tempinin bərpa edilməsinə gətirəcək. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi dövlət-özəl sektor dialoqu üçün bir platforma olaraq islahatların inklüzivliyi, effektivliyi və kommunikasiyası istiqamətində bütün maraqlı tərəflərlə əməkdaşlığa hazırdır", deyə Vüsal Qasımlı bildirib.

AzVision.az


Teqlər: manat  





Xəbər lenti