Üzeyir Hacıbəyovun ölümündən sonra açılan sirr - Hökumə Nəcəfova kim olub? (Video)

11:52   20 Aprel 2017    Oxunub: 21043

AzVision.az-ın müsahibi tanınmış müğənni Lalə Dadaşovadır. Xanım müğənni ilə söhbətimizi Azərbayacanın ilk qadın tarzəni, ilk qadın bəstəkarlarından biri olan Hökümə Nəcəfovaya həsr etmişik.

Qeyd edək ki, Hökümə Nəcəfova Lalə Dadaşovanın yaxın qohumu, atasının xalasıdır.

- Hökümə Nəcəfova necə bir ailədə yaşayıb. Onun haqqında nələri bilirsiniz?

-Hökumə xanımın özündən başqa Züleyxa, Məryəm, Xeyransa adlı 3 bacısı və iki qardaşı olub. Xeyransa xanım onun böyük bacısı, mənim isə nənəmdir. Hamısı ziyalı, oxumuş adamlar olub. Ataları vaxtı ilə Bakı milyonçularından sayılıb, varlı adam olub. Uşaqlarının hamısına təhsil verib. Ancaq Hökumə xanım konservatoriyada oxuyanda vəziyyət bir qədər dəyişib. Bolşeviklər Azərbayacanda milyonçulara aman vermirdilər. Onların var-dövlətini əlindən alıb, çox pis vəziyyətə salırdılar. Hökümə xanımın atası da təzyiqlərə məruz qalıb. Ulu babamın bütün sərvətini əlindən alıb, onu maddi çətinliklərlə üz–üzə qoyublar. Hökümə xanım isə həmin vaxt konservatoriyada oxuyub. O, həmin vaxt maddi sıxıntılar yaşayıb. Bütün bunlara baxmayaraq, ulu Babam onların təhsil alması üçün əlindən gələni edib.

Onun kiçik qardaşı indiki Musa Nağıyev adına Xəstəxanada Toksikologiya şöbəsinin baş həkimi olub. Uşaqların hamısı mənim atamın xalaları, dayılarıdır. Onların çoxu haqqında atam, Hökumə xanım, qardaşı Əbülfəz Nəcəfov daxil olmaqla Ensiklopediada geniş məlumatlar var.



-Hökümə xanıma bu istedad kimdən yadigar qalıb?

-O istedadını mənim nənəm, Xeyransa xanımdan götürüb. Onlar arasında 10 yaş fərqin olmasına baxmayaraq, dost kimi olublar. Xeyransa xanım konservatoriya bitirməmişdi, amma bitirənlərdən çox bilirdi. O vaxt ziyalıların evində pianolar olurdu. Əgər evdə musiqi aləti varsa, uşaqlardan kim istəyirsə, ona meyl salır. Hökumə xanım da evdə gözünü açandan nənəmin çaldığı musiqiləri dinləyib. Ulu babamın da musiqiyə marağı olub.

Onun anası ciddi qadın olub. Deyirmiş ki, övladlarım mütləq oxumalı, təhsil almalıdır. Onların nəsli iki sahənin – tibbin və musiqinin arxasınca gedib. Hökumə xanımın ailəsində də belə olub, kimi tibbi, kimi isə musiqini seçib. Balaca vaxtı atasına deyib ki, onun üçün tar alsın. Tar alınandan sonra hər gün saatlarla tarda məşq edirmiş. Onların evləri Əbilov adına Mədəniyyət Evinə yaxın olub. O, Səid Rüstəmovun rəhbərliyi ilə fəaliyyət göstərən tar dərnəyində Qızbəs Əsədova və Ağabacı Rzayeva ilə birgə dərs alıb. Sonradan Üzeyir Hacıbəyovla tanış olması onların həyatında yeni səhifə açıb. Daha sonra Asəf Zeynallı adına Musiqi Məktəbində təhsillərini davam etdiriblər. Həmçinin konservatoriyada bəstəkarlıq sinfində təhsil alıblar. Hökümə xanım həm də tar bölməsində oxuyub. Üzeyir Hacıbəyov qızların istedadlı olduğunu görüb onlara dövlət təqüdü ayırtdırıb.

Dediyim kimi, o vaxt sovet hakimiyyəti qurulmuşdu, Bakı onların əlində idi. Ulu babamın sərvəti əlindən alınmışdı. Bu səbəbdən ailədə maddi problemlər vardı. 4 qız, iki oğul böyütmək çox çətin idi. Üzeyir Hacıbəyov qızların bu sıxıntısından xəbərdar olduğu üçün onların təqaüd almasına səbəb olub.

Ancaq Uzeyir Hacıbəyov rəhmətə gedəndən sonra sirrin üstü açılıb. Qızlar gəlib həmişəki kimi növbəti ayın təqaüdünü almaq istəyəndə onlara deyiblər ki, Üzeyir bəy sizə təqaüdü öz cibindən verirmiş. O, rəhmətə getdiyi üçün daha sizə təqaüd verilməyəcək. Hökümə xanım Üzeyir Hacıbəyovu həmişə xoş xatirələrlə anırdı.

-Onun bəstələdiyi mahnıları Şövkət Ələkbərova, Elmira Rəhimova, Zeynəb Xanlarova oxuyub. Hökumə xanımın həmin sənətkarlarla münasibət necə olub?

-Onun mahnılarını Sara Qədimova, Elmira Rəhimova , Yalçın Rzazadə, Zeynəb Xanlarova, Şövkət, Cavanşir Məmmədov, Firuzə İbadova və digər müğənnilər ifa ediblər. Hökumə xanımın evində kimlər olmayıb ki? Onun “Kaş ki, gözəl olmayaydım”, “ Xalidəcan”, Həliməcan", “Ceyran bala” mahnılarını indi dillər əzbəridir. O, həmçinin uşaq mahnıları da yazıb.



-İndiyədək üzə çıxmayan mahnıları varmı?

-Əlbəttə, indiyə qədər nə qədər notları qalıb. 91 yaşında pianino arxasında oturub mahnı yazırdı, Onun notları, əl yazmaları hamısı öz evində idi. Təəssüflər olsun ki, indi o notların harda olduğunu dəqiq bilmirəm. Yaşadığı ev söküldüyündən bir az qarışıqlıq oldu.

-Sizə oxumaq üçün mahnı təklif edirdimi?

-Mən indi çox peşiman olmuşam. Mənə zəng vururdu ki, gəl, sənə mahnılar verim oxu. Mən də deyirdim, öz xalamdır da, haçan istəsəm oxuyaram.

-Xeyli uşaq mahnıları yazıb, amma təəssüf ki, övladı olmayıb...

-Övladı yox idi. Bir dəfə ailəli olmuşdu, övladı olmadığına görə həyat yoldaşından ayrılmışdı. Onun övladı elə bacılarının, qardaşlarının uşaqları idi. Onların musiqiyə marağının artmasında yaxından əməyi keçib.

-Sənət yoldaşları, tələbəlik illəri haqda nələri danışırdı? Qızbəs Əsədova və Ağabacı Rzayevanı yad edirdimi, onlar haqqında hansı xatirələri bölüşürdü?

-Əlbəttə danışırdı. Necə çətinliklə oxumağından, ailə qurmasından, İkinci Dünya Müharibəsini görməsindən – həyatının hər anından danışırdı. Kaş ki, onun övladı olaydı, yolunu davam etdirərdi. Biz tez-tez görüşürdük. Brilliant (xalq artisti Brilliant Dadaşova- red) xanım axır illərdə ona çox kömək etdi. Xəsətlənirdisə başının üstüdə olurdu, həkim çağırtdırırdı, maddi ehtiyacları ödənilirdi. Heç nədən korluq çəkmirdi.

-Mətbuatda, internetdə onunla bağlı məlumatlar çox azdır.

-Mahnıları indiyə qədər ifa olunursa, sevilirsə, deməli onun mahnıları ölümsüzdür. Mahnılarını oxuyurlarsa, deməli hələ də Hökümə xanım var.



Şahanə Rəhimli
AzVision.az

Teqlər: Tarzən   Bəstəkar    




Rubrikanın digər yazıları