`Sanksiya` söhbətinin əsl məqsədi

`Sanksiya` söhbətinin əsl məqsədi
  17 Dekabr 2015    Oxunub:5216
Sahib Məmmədov

Qərb dövlətləri Azərbaycana təzyiq taktikasından əl çəkmək niyyətində deyillər. ABŞ Konqresinin Helsinki Komissiyasının “Azərbaycanda Demokratiya” Aktının qəbul olunması təşəbbüsü buna parlaq misaldır.


Son günlərdə humanizm prinsipi əsas götürülərək, səhhətində olan problemlə əlaqədər bir neçə şəxsin şərti azad edilməsi, İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun da təklifləri nəzərə alınmaqla Prezident yanında Əfv Komissiyasının məhkum edilmiş şəxslərin, o cümlədən adları müxtəlif siyahılara daxil olunmuş insanların əvfi ilə bağlı Prezidentə tövsiyələr təqdim etməsi əslində bu dairələri sevindirməli idi. Onlar isə bu addımları alqışlamaq əvəzinə, təzyiqləri daha da artırmaq qərarına gəliblər.

Paralel olaraq beynəlxalq transmilli şəbəkə və ölkədaxili qüvvələrə hərəkətə keçmək işarəsi verilib. Təsadüfü deyil ki, bu günlərdə məlum şəbəkəyə daxil olan beynəlxalq QHT-lərin antiAzərbaycan ritorikası güclənib. Azərbaycanda olan və birbaşa ABŞ hökumətinin qeyri-leqal maliyyəsilə fəaliyyət göstərən bəzi qruplar da bəyanatlarla çıxış etməyə başlayıblar.

Səbəb nədir? Bu qüvvələr ölkə daxilində dialoqun olmasında, demokratik təsisatların möhkəmlənməsində maraqlı deyillər. Onlar yaxşı bilirlər ki, daxildə stabillik, həmrəylik, əminamanlıq oluqca, Azərbaycanı xaosa sürükləmək, dini radikalizmi daha da gücləndirmək mümükün olmayacaq.

Məhkumların azad edilməsi onların əlindəki əsas bəhanələrdən birinin əldən çıxması deməkdir. Onlar üçün “sevdikləri” şəxslərin həbsdə olması daha yaxşıdır. Bu, kimlər üçünsə təzyiq, kimlər üçünsə pul mənbəyidir. Belə bəyanatlar verməkdə və belə bədnam layihələr hazırlamaqda da yalnız bir məqsəd var. Hakimiyyəti qıcıqlandırmaq və müsbət qərarlar qəbul etməkdən çəkindirmək.

Helsinki komissiyası əslində əsl məqsədini gizlədə bilməyib. Ermənistan tərəfindən işğal olunmuş ərazilərin Azərbaycandan ayrılması istiqamətində erməni lobbisinin tapşırığını yerinə yetirmək lazımdır. Bunun üçün isə bəhanə tələb olunur.

Fikrimcə, hakimiyyət və sağlam qüvvələr növbəti provokasiyaya əhəmiyyət verməyəcək.


Teqlər:  





Xəbər lenti