Fazil Mustafa parlamentdə təkləndi

Fazil Mustafa parlamentdə təkləndi
  22 Fevral 2013    Oxunub:1396
“Dindarların və dini qurumların hüquqlarını bu dərəcədə məhdudlaşdırmaq konstitusiyamıza uyğun deyil və yanlışdır”.
Bunu AzVision.az-a millət vəkili Fazil Mustafa Milli Məclisin bugünkü iclasda “Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklik edilməsinə münasibət bildirərkən deyib: “Belə bir məsələ müzakirə olundu ki, dini məzmunlu materialların hamısının müəyyən dərəcədə üzərində marka, müvafiq icra orqanının nişanı qoyulmalıdır. Bu da, məncə, yanlış bir şeydir. Kimsə Həccə gedir, özüylə dini ləvazimat, Quran kitabı gətirir. Bundan sonra belə bir hədiyyə etmək qanun pozuntusu sayılacaq. Bu, yolverilməzdir, yanlış mətn olaraq tərtib olunub”.

Millət vəkili bu dəyişikliyə qəti olaraq etirazını bildirib, çünki onun fikrincə, bu qədər məhdudlaşdırma işləməyən qanunları ortaya qoymuş olur: “İnsanların dini azadlıqlarına hörmət etmək lazımdır. Əslində cəmiyyət içərisində bu münasibətlər yenə də davam edəcək. Bu qanuna o qədər də ehtiyac duyulmayacaq. Hətta qadağalar belə insanların bir-birinə kitab hədiyyə və ya tövsiyyə etməsindən çəkindirə bilməyəcək. Ona görə də, qanunun əleyhinə səs verdim”.

F. Mustafa açıqlamasında bu qədər məhdudlaşdırmanın bir faydası olacağını düşünmədiyini də vurğulayıb: “Düşünürəm ki, dindarlar məsələyə daha təmkinli yanaşdıqlarından problem çıxmaz. Amma məncə, hər hansı ədəbiyyata bu qədər satış qadağası, xüsusi orqanın nəzarətini qoymaq ekstremizm ədəbiyyatın yayılmasının qarşısını almayacaq. Çünki bu, mümkündürsə, internet vasitəsilə də yayıla bilər”.

Onun sözlərinə görə, məhdudiyyət qoymaq əslində sağlam düşüncəli dindarların da müəyyən dərəcədə narazılığına səbəb olacaq. Deputat bildirib ki, Qanuna dəyişiklik edilməsinə qarşı çıxan yeganə deputat o olub, digər millət vəkilləri dəyişikliyin lehinə səs verib.

Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanunun “Dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materialları” ilə əlaqədar 22-ci maddəsində dəyişiklik edilməsi parlamentin bügünkü iclasında müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Sevinc


Teqlər:  





Xəbər lenti