Amerikada Azərbaycanın önəmini anlamağa başlayırlar

Amerikada Azərbaycanın önəmini anlamağa başlayırlar
  28 İyun 2013    Oxunub:1821
Corc Fridmən
“Stratfor” Araşdırmalar Mərkəzi

Son aylarda ABŞ-ın tanınmış mətbu orqanlarında, qabaqcıl araşdırma mərkəzlərinin hesabatlarında, görkəmli təhlilçilərinin məqalələrində Azərbaycanın Amerika Birləşmiş Ştatları üçün əhəmiyyəti barədə bir sıra maraqlı yazılar dərc olunmuşdur. Yazılarda əsas məqam müəlliflərin Azərbaycanın ABŞ üçün nə qədər əhəmiyyətli olduğunun ölkələrində tam başa düşülməməsinin ağır nəticələrə yol verə biləcəyinə diqqət çəkilməsidir. Bu baxımdan “STRATFOR” Araşdırmalar Mərkəzi tərəfindən bu yaxınlarda dərc edilmiş “Geosiyasi səyahət: Azərbaycan və Amerika” adlı məqalənin xüsusilə böyük maraq doğurduğunu nəzərə alaraq, onu Azərbaycan dilində oxucularımızın diqqətinə çatdırırıq.

Üç böyük dövlətin – Rusiya, Türkiyə və İranın qarşılaşdığı bir yer var – bu Qafqazdır. Hazırda onların yolları Azərbaycan adlanan ölkədə kəsişir. Bu fakt Azərbaycanı bu üç böyük dövlətin döyüş meydanına çevirmiş və bu dövlətlər müxtəlif sərhədlərdə əsrlər boyu bir-birləri ilə mübarizə aparıblar. 1991-ci ilə qədər Azərbaycan Cənubi Qafqazın digər ölkələri kimi Sovet İttifaqının bir hissəsi idi. Lakin Rusiya sərhədi şimala doğru çəkilincə tarix bir daha Ermənistan, Gürcüstan və Azərbaycanı üzə çıxardı. Bu üç ölkə içərisində Azərbaycan üç regional nəhəng ilə sərhədə malik olmaq kimi geosiyasi mükafatı qazanıb.

O, həmçinin əsas enerji istehsalçısı kimi meydana çıxdı. 19-cu əsrin sonunda dünya neftinin yarısı Azərbaycanda hasil edilirdi. Paytaxt Bakı ətrafındakı neft yataqları dinamit və mükafatlara görə məşhurlaşmış Nobel qardaşları tərəfindən inkişaf etdirilmişdir. Məhz burada onlar öz sərvətlərini qazanmışlar. Mən bir neçə il bundan öncə dövlət rəsmilərinin qonağı kimi onların evində nahar etmişəm. Başqalarının həmin evdə nə hiss etdiklərini bilmirəm, mən burada təcili olaraq Bakını və onun neftini əldə etmək istəyən Hitler və onun Stalinqraddakı fəlakətinin əslində Azərbaycanın neft yataqlarını ələ keçirmək cəhdinin bir hissəsi olması barədə düşünürdüm. Bir zamanlar Azərbaycan imperiya üçün mükafat idi. İndi isə o, çox təhlükəli bir yerdə müstəqil ölkədir.

Amerika Birləşmiş Ştatları: Gənc Qlobal Güc Mərkəzi

Mən 2008-ci ildə yen qlobal sistemdə Azərbaycanın geosiyasi baxımdan mühüm ölkə kimi göstərildiyi Növbəti 100 il kitabının dərc edilməsindən sonra bir neçə dəfə Azərbaycana səfər etmişəm. Bu kitab dərc edildikdən sonra Azərbaycana səfər etmək üçün dəvət aldım və nəzəriyyəmin həsr olunduğu ölkəni gördüm. Azərbaycanın istər Qafqazda meydana çıxan mübarizədə, istərsə də ABŞ üçün mühüm ölkə olduğu fikrimdə qaldığım üçün, mən ölkəyə yenə səfərlər edir, heç zaman bitməyən naharlardan və mənim qaraciyərimi sınağa çəkən tostlardan həzz almaqda davam edirəm. Lakin mən heç zaman bir şeyi unutmuram: Hitler Bakını və onun neftini ələ keçirmək üçün bütün risklərə gedirdi. O buna nail ola bilmədi və bizim zamanın tarixi bu faktla dəyişir.

Mənim son səfərim ABŞ-Azərbaycan əlaqələri üzrə konfransla bağlı idi. ABŞ-da Azərbaycan barədə düşünən az sayda insan var və onların əksəriyyəti bəzi konqres üzvləri, dövlət rəsmiləri və çox sayda azərbaycanlılar ilə birgə burada idilər. Azərbaycanla ilk tanışlığımdan sonra ölkə ilə maraqlanan insanların sayı kifayət qədər artmışdır.

Bu cür mövzulara həsr olunan konfranslar qlobal xarakter daşıyır. İstər Vaşinqtonda, istər Sinqapurda, istərsə də Bakıda onlar bir-birinə bənzəyir. Mənim gördüyüm fəaliyyətlə məşğul olanda siz il ərzində bir neçə dəfə eyni insanlarla görüşürsünüz. Bəzən onların sizə deməyə yeni sözü olur; bəzən isə mən onlara yeni bir şey söyləyirəm. Bu tez-tez baş verir. Maraq doğuran isə adətən görüşmədiyiniz insanlardır: yerli elm adamları, dövlət rəsmiləri, biznesmenlər və digərləri. Vaxt keçdikcə siz səfər etdiyiniz ölkədə dostlar əldə edirsiniz. Ən çox şeyi də bu insanlardan öyrənirsiniz. Azərbaycanda onların ABŞ-la dost olmaq arzularına və Amerikanın laqeydliyindən təəccüblərinə qulaq asırsan.

Bu, mənim səfərlərimdə tez-tez rast gəlinən bir məsələdir. Hamı ABŞ-ın ya nəyisə etməsindən, ya da heç nə etməməyindən təəssüflənir. Hər iki halda onlar ABŞ-ın ümidlərini doğrultmadığını fikirləşirlər və mən bəzən şəxsən özümü günahkar hiss edirəm. Bir qayda olaraq mən onlara müvafiq cavab verə bilirəm. Lakin Azərbaycanla bağlı mən müdafiə mövqeyi tuturam. Onlara elə gəlir ki, ABŞ ümidlərini doğrultmayıbdır və bu doğrudan da belədir. Bu, sentimentallıq məsələsi deyil. Millətlər dostlara malik deyil və mənim Azərbaycanda qurduğum dostluq münasibətlərindən asılı olmayaraq, bu dostluq mənim üçün həqiqi və mühüm xarakter daşıyır, ABŞ öz maraqlarını həyata keçirməlidir. Belə suallara cavab verən zaman üzləşdiyim problem ondadır ki, mən inanıram ki, Azərbaycanla əməkdaşlıq etmək Amerikanın marağındadır və bundan geri çəkilmək zəruri olmayan risklərlə üzləşmək deməkdir. Mən başqa bir ölkədə öz ölkəmi tənqid etməyi xoşlamıram, buna görə də müzakirəni başqa bir mövzuya keçirməyə çalışıram. Lakin bu, nadir hallarda mənə kömək olur.

Mənim Azərbaycana olan marağım daha geniş izah olunmalıdır. Növbəti 100 il kitabında mən Avropa İttifaqının ciddi şəkildə zəifləməsindən və Rusiyanın gücünün nisbətən artmasından başlayaraq bir sıra hadisələri proqnozlaşdırmışam. Rusiyanın öz problemləri var. Lakin Avropanın Rusiyanın enerjisindən asıllığı və Rusiyanın Avropada aktivlər almaq üçün nağd pula malik olması nəzərə alınarsa, Avropanın tənəzzülü daha güclü Rusiyanın ortaya gəlməsi deməkdir. Bu gücü hiss edəcək ölkələr keçmiş Sovet İttifaqı ilə həmsərhəd olan ölkələr olacaqlar. Bu isə Polşadan Türkiyəyə, sonra isə Türkiyədən Azərbaycana, Avropanın şərqindən başlayaraq Xəzər dənizinə qədər olan əraziləri əhatə edir.
Mən yazmışdım ki, İslam dünyasında müharibə aparmaqdan geri çəkiləcək ABŞ get-gedə daha da ehtiyatlı və qeyri-müəyyən olacaq. ABŞ dünyada əsas güc mərkəzi olmaqda davam edəcək. O, iqtisadi cəhətdən ən çox həyat qabiliyyətli və hərbi baxımdan ən güclü ölkə kimi qalsa da, hərəkətlərində uzaqgörənliyi və ya tarazlığı olmayacaq gənc bir güc olacaqdır. Mən bildirmişdim ki, 1991-ci ildə Sovet İttifaqının süqutuna qədər ABŞ əsas qlobal güc mərkəzi deyildi. O dövrə kimi ABŞ soyuq müharibədə Sovet İttifaqı ilə birgə hökmranlıq edir və rəqabət apardı. Bu rəqabət tez-tez qızğın hal alırdı və buradan ABŞ-ın qalib çıxıb-çıxmayacağı aydın deyildi. Koreya, Vyetnam və bəzi digər, daha az tanınmış əməliyyatlarla yanaşı “soyuq” müharibədə təxminən 100 000 amerikalı vəfat etmişdir ki, bu da demək olar ki, I dünya müharibəsində həlak olanların sayına bərabər idi və bir çoxları bu fakta lazımı qiymət vermirlər. Biz geriyə, Koreya və Vyetnama baxanda bu vaxtı Amerika dövrü kimi təsvir etmək çətindir.

Sovetlər sayıqlığı itirdiyi üçün ABŞ soyuq müharibədən qalib çıxdı. Buna baxmayaraq, qələbə qələbədir və ABŞ tək qalaraq həqiqətən də olduğu yerə heyrətlənir, Yeni Dünya Qaydası haqqında danışır, lakin sonradan nə edəcəyini doğrudan da bilmirdi. Əvvəlcə o fikirləşirdi ki, müharibə başa çatıb və indi pul qazanmaq vaxtıdır. Sonra ona elə gəldi ki, növbəti əsri yalnız islamçı terrorçularla mübarizəyə həsr edəcək. İndi isə belə görünür ki, o, dünya işlərinə qarışmamaq qərarına gəlib. Lakin mən anlamıram ki, dünyanın ümumi daxili məhsulunun təxminən 25 faizinə malik olan və okeanlara nəzarət edən bir ölkə dünya işlərinə necə cəlb olunmaya bilər.

ABŞ-ın xarici siyasəti üzrə mütəxəssislər iki düşərgəyə bölünür. Bir qrup realistlərdir. Onlar fikirləşirlər ki, ABŞ öz maraqlarını həyata keçirməlidir. Onlardan milli marağın nə olduğunu müəyyənləşdirməyi xahiş edənə qədər belə mövqe ağlabatan görünür. Digər düşərgə idealistlərdən ibarətdir. Onlar Amerikanın gücündən istifadə etməklə yaxşı işlər görmək istəyirlər. Bura demokratiyanın bərqərar edilməsi və ya insan hüquqlarının pozuntusu hallarının qarşısının alınması kimi işlər daxildir. Onlardan bunu necə etmək istədiklərini soruşana qədər bu ideya yaxşı ideyadır. Adətən cavabı müdaxilə edərək yalnız pis insanları öldürmək şəklində verirlər. Güman ki, həmin insanlar üzərilərində müəyyən nişanələr gəzdirəcəklər.

Məsələ burasındadır ki, ABŞ dünyanın qlobal güc mərkəzi olsa da, o, bir münaqişədən başqa münaqişəyə, bir konsepsiyadan başqa bir konsepsiyaya meyl edir. Gücdən necə istifadə etməyi anlamaq müəyyən vaxt aparır. Britaniya lazımı fikrə gəlmək üçün Amerikanı itirməli oldu. ABŞ-ın bəxti gətirib. O, zəngin olmaqla yanaşı təcrid olunmuş şəkildədir. Hətta terrorçular bizlərdən bəzilərini qətlə yetirsələr belə, Fransa və ya Polşa kimi işğal olunmayacağıq. Bizim yetkinləşmək üçün vaxtımız var. Bu, dünyanın digər hissəsini çox rahatsız edir. Bəzən ABŞ izah olunmaz şeylər edir. Bəzən isə o, zəruri şeyləri etmir. ABŞ səhv etdikdə, əsasən başqa ölkələr bundan ziyan çəkir və təhlükəyə məruz qalır. Buna görə də dünyanın bəzi yerlərində ABŞ-ın yox olmasını arzulayırlar. Bu baş verməyəcək. Dünyanın digər yerlərində ABŞ-ın onların təhlükəsizliyi üçün məsuliyyəti üzərinə götürməsini istəyirlər. Bu da baş verməyəcək.

Ardı burada


Teqlər:  





Xəbər lenti