Putin Bakıya yaxınlaşır: hədəf Sarkisyanı devirməkdir

Putin Bakıya yaxınlaşır: hədəf Sarkisyanı devirməkdir
  22 Yanvar 2015    Oxunub:21177
Ermənistanın Gümrü şəhərində 102-ci hərbi bazanın əsgəri Valeriy Permyakovun 7 nəfərdən ibarət erməni ailəsini qətlə yetirməsi Rusiya ilə Ermənistan arasında münasibətlərdə dönüş yaratdı. Ermənistan rəhbərliyi bu hadisəyə “soyuqqanlı” münasibət göstərsə də sıravi ermənilər Gümrü olayına etiraz etdi. Yüzlərlə erməni küçələrə axışaraq Moskvaya etirazını bildirdi, hətta ermənilər Rusiya bayrağını belə təhqir etməkdən çəkinmədilər.

Sonradan üzə çıxan faktlar göstərdi ki, hadisə təsadüfən baş verməyib. Belə ki, Permyakov iddia edir ki, Avetisyan ailəsinin əvvəllər həbsdə olmuş üzvü onun qohumunu qətlə yetirib və ailəni məhv etməsi qısasla bağlıdır.

Baş verənlər həm Ermənistan-Rusiya münasibətlərinə, həm də Azərbaycan-Rusiya münasibətlərinə necə təsir edəcək? Hadisənin pərdəarxasında hansı məqamlar durur

Politoloq Elman Nəsirov AzVision.az-a şərhində bildirib ki, Gümrü olaylarından sonra Rusiya ilə Ermənistan münasibətləri kəskin şəkildə pisləşir.

“Rusiya-Ermənistan münasibətlərində çatlar əmələ gəlib. Hadisələrin sonrakı inkişafından asılı olaraq iki ölkə arasında münasibətlərin konturları məlum olacaq. Bir neçə versiya mümkündür. İlk versiya xalq etirazlarının daha da güclənməsidir. Xalq Sarkisyan rejimini hakimiyyətdən süpürüb atmağa çalışacaq. Bu hadisə də katalizator rolunu oynayır. Onsuz da xalq bezib, bu azmış kimi Sarkisyan rejimi elə hakimiyyət formalaşdırıb ki, rusiyalı əsgər bir ailəni tamamilə məhv edə və Ermənistanda mühakimə olunmaya bilir. Bu da Sarkisyan əleyhinə etirazlar dalğasını daha da genişləndirə bilər. Buna cavab olaraq isə Sarkisyan 2008-ci ilin mart hadisələrində 8 nəfəri güllələdiyi kimi xalqı gülləbaran edə bilər. Zorla öz hakimiyyətini qoruyub saxlaya və etirazların qarşısını ala bilər.

İkinci versiya xalqın diqqətini problemlərdən yayındırmaq ola bilər. Bu məqsədlə Sarkisyan hakimiyyəti cəbhədə, Azərbaycan-Ermənistan sərhədində böyük hərbi insidentə əl ata bilər. Faktiki olaraq hərbi əməliyyatların başlanması təhlükəsi yarana bilər və auditoriyanın diqqəti Qarabağa yönəldilə bilər”.

Politoloq hadisələrin inkişafının Sarkisyan hakimiyyətinin devrilməsi ilə nəticələnə biləcəyini də istisna etmir:

“Başqa bir versiya isə budur ki, hadisələr dərinləşdikcə, xalqın etiraz dalğası gücləndikcə, hətta Sarkisyan xalqı güllələdikdən sonra belə nəinki xalq sakitləşir, daha da hərəkətə keçərsə, belə olan halda Moskvanın “qurbanlıq keçi” arayışına çıxması istisna deyil. Burada isə “qurbanlıq keçi” Sarkisyan və onun komandası ola bilər. Yəni, Moskva bu qərara gəlsin ki, xalq artıq ayağa qalxıb, onun yatırmaq mümkün deyil, hətta gülləbaran da işə yaramır, belə şəraitdə Sarkisyanın hakimiyyətdən uzaqlaşdırılması ilə xalqın sakitləşməsinə nail olmaq Moskvanın əsas ssenarisi ola bilər. Sarkisyan və komandası qurban verilə, yerinə yeni biri gətirilə bilər ki, xalq öz məqsədinə çatdığını düşünsün”.

Baş verənlərin Rusiya-Azərbaycan münasibətlərinə necə təsir edəcəyinə gəlincə, politoloq qeyd edib ki, bu ölkələr arasındakı münasibətlər ikitərəfli tərəfdaşlıq xarakterindədir:

“Bizim bir sıra fundemantal məsələlərdə ortaq mövqeyimiz var. Rusiya-Ermənistan münasibətlərinin gərginləşməsi və Ermənistanın anti-Rusiya siyasəti yürütməsi avtomatik olaraq Azərbaycanla Rusiyanın yaxınlaşmasına təkan verə bilər. Hətta rəsmi Moskva Ermənistanı qıcıqlandırmaq, siyasi qısqanclıq yaratmaq üçün Azərbaycanla təmasları gücləndirə bilər. Moskva çağışa bilər ki, bu yolla Ermənistana dərs versin: Rusiya ilə oyun oynamaq olmaz, onun müəyyən etdiyi xəttlə hərəkət etmək lazımdır. Necə deyərlər, siyasi özfəaliyyətlə məşğul olmaq Rusiya tərəfindıən qadağandır, bu, heç bir halda qəbul edilmir və bu qaydanı pozan tərəf də cəzalandırılır”.

Bəs, Rusiyanın özündə ba verənlərə reaksiya necədir? İki ölkə arasındakı münasibətlərin hazırkı durumu və sonrakı inkişafı necə şərh edilir?

Rusiyanın “Exo Moskva” radiostansiyasının şərhçisi, nüfuzlu jurnalist Yuliya Latınina isə hətta bu hadisədən sonra Ermənistan-Rusiya münasibətlərində ciddi gərginliklərin olmayacağını şərh edir:

“Ermənistan bizdən heç cür yaxa qurtara bilməz: ölkə hər cür azərbaycanlılardan fərqli olaraq Gömrük İttifaqına üzv olub, o cümlədən həmin Ukraynanın özündən fərqli olaraq”.

Jurnalist əlavə edib ki, Gümrü hadisələri ölkə daxilində də yeniliyə səbəb olmayacaq:

“Nəticədə minlərlə nümayişçi Rusiya hərbi bazasını mühasirəyə aldı. Mənim iki sualım var. Aydındır ki, bu hadisəyə görə Ermənistanda kritik heç nə olası deyil. Çətin ki, orada Sərkisyanı aşıran “Maydan” başlasın. Ancaq iki məsələ var. Bizə elə gəlir ki, Ermənistan çox uzaqdır. Doğrudanda uzaqdır, ancaq o, bizim döyüşdüyümüz “lənətlənmiş pindoslar” deyil, hər halda Zaqafqaziyadır. Kifayət qədər qaynar regiondur. Qonşuda isə Azərbaycan var, hansı ki, onunla münasibətlər də bizə vacibdir. İndi budur, Azərbaycan xalqı Ermənistanda baş verənləri sevincək baxır və deyir: “Görürsünüz, sizin ikinci sort müstəmləkəçiləriniz sizinlə necə davranır?”.

“Regnum” İnformasiya Agentliyinin baş redaktoru Modest Kolerov isə ermənipərəst mövqeyi ilə tanınsa da son hadisələrdən sonra Ermənistanla bağlı kəskin tənqidi fikirlər səsləndirib:

“İrəvanın sadəcə 500 yaşı var və o, 1918-ci ildə məhz Rusiyanın köməkliyi ilə Ermənistanın paytaxtı olub. Buna qədər isə həmin ərazi İrəvan xanlığının mərkəzi idi. Tarix isə hələ də heç bir erməni imperiyası tanımır və əgər 1918-ci ilə qədər Qafqazda erməni dövləti olubsa, o zaman onun hara itməsindən tarixçilər indiyə qədər niyə baş çıxara bilmir"-deyən Modest Kolerov erməniləri türklərin mətbəxini oğurlamaqla yanaşı onları Suriya səhralarında itib batan. dəvə peyni iyi verən xalqa bənzədib” .

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti