SSRİ-ni beyinlərə yeridən mallar - Rusiyanın gizli Neyromaketinqi

SSRİ-ni beyinlərə yeridən mallar - Rusiyanın gizli Neyromaketinqi
  06 Yanvar 2015    Oxunub:12617
Fərrux Həsənov

Bir tədqiqatçı dilənçinin əlindəki “açam, pula ehtiyacım var” cümləsi yazılmış kağızı alıb, əvəzində dilənçiyə “Siz də ac ola bilərdiniz...” yazılmış kağızı verib. Nəticədə dilənçinin gəliri 250% artıb.


ABŞ-da əhalinin təqribən 60%-ə yaxını dünya xəritəsində Amerikanı göstərə bilmir. Birləşmiş Ştatlar əhalisin böyük hissəsi Prezidentdən başqa heç bir rəsmi dövlət qurumunun rəhbərini tanımır. Niyə?

Amerikalılar özləri deyirlər ki, “əhalinin sosial durumu və yaxud yaşam tərzi yaxşı təmin olunanda siyasi rəhbərliyi tanımaq o qədər də önəm kəsb etmir”. Axı, nə də olsa, sadə vətəndaş üçün başlıca şərt onun maddi və mənəvi təminatı - yəni yeməyi, içməyi, asudə vaxtıdır. Atalar boşuna deməyiblər ki, “qarın qardaşdan irəlidir”.

Bütün bunları sadalamaqda məqsədim mövzunu Neromarketinqə və onun siyasi-şüuri sferadakı tətbiqinə yönəltməkdir.

Neyromarketinq nədir? İstehlakçı bazarlıq edərkən özünün də xəbəri olmadan şüuraltısı psixoloji müdaxiləyə məruz qalır. Onun beyinə xüsusi impulslar göndərilməklə bu nəticə əldə olunur. İngiliscədə buna “impulse buying” deyilir, yəni məhsulun alınması üçün beyinə ötürülən siqnal. Əlbəttə, Neyromarketinqin əsas silahı reklamdır. Onun vasitəsilə alış-veriş edən şəxsin beynində avtomatik olaraq məhsul haqqında ilkin informasiya kodlaşır. Reklam aparıcı qüvvə olaraq istənilən məhsul markalarını kütlənin yaddaşına ötürür və beyində məhsul haqda mükəmməllik vizionu formalaşdırır.

Dünyaca məşhur brendləri Neyromarketinqdən geniş istifadə edən şirkətlər sırasına daxil etmək olar. O şirkətlərin nəzdində sırf Neyromarketinq məşğul olan psixoloqlar qrupu çalışır. ABŞ və Avropada Neromarketinq geniş tətbiq olunur və çox böyük effekt verir.

Son vaxtlar Moskvanın SSRİ-ni yenidən formalaşdırmaq cəhdləri hər kəsə məlumdur, amma Neyromarketinq sferasında SSRİ adlı brendə çox az adam diqqət edib. Genişlənməkdə olan, hətta, SSRİ-nin haradasa təkrarı ola biləcək Avrasiya İttifaqının yarandığını hər kəs yaxşı bilir, lakin SSRİ-nin yenidən sosial-psixoloji atmosferini qurmaq üçün mütləq sadə əhalini cəlb edə biləcək yollar olmalıdır.



Şəxsi təcrübəmə əsaslanaraq deyə bilərəm ki, Rusiya marketlərində SSRİ adı və rəmzləri ilə məhsullar satılır. Onların əksəriyyəti hər bir təbəqənin asanlıqla ala biləcəyi ərzaqlardır. Bir növ bununla, həm tarixi yaddaş canlandırılır, həm SSRİ siyasi-psixoloji prizmadan bir markaya çevrilir, həm də vesternizasiyaya (qərbləşməyə), o cümlədən, amerikalaşmaya qarşı dayanıqlı baza yaratmağa çalışırlar. Yəni qloballaşmaya alternativ ideoloji brend formalaşdırırlar.

Məhz bu addım Rusiyanın Neyromatketinq vasitəsilə yenidən Sovet İttifaqının geoşüur məkanını formalaşdırmaq istəyindən başqa bir şey deyil. Rusiya `öncə daxili, sonra xarici mühit` prinsipilə hərəkət etməkdədir. Bir növ Brüssel və Vaşinqtonun siyasi ənənələrinə oxşayan bu psixoloji-taktiki gediş hərtərəfli hesablanıb.

Elə götürək Azərbaycanı. Hər birimiz yaşlı nəsildən dəfələrlə sovet dövrünün yaxşı olduğunu eşitmişik. Şübhəsiz, sadə insan məsələyə sırf maddi təminat tərəfindən baxır; çünki Sovet insanı üçün azadlıq, müstəqillik, suverenlik, bir sözlə dünya arenasında azad aktor olmaq o qədər də maraqlı deyil. Digər bir maraqlı məqam elə bu rakursdan yanaşdıqda ortaya çıxır. Bizim ölkədə bəzi məhsulların reklamı sırf 60-70-ci illər ruhunda gedir. Söhbətin hansı məhsullardan getdiyi hər birimizə yaxşı məlumdur. Səthi yanaşılası hal deyil, SSRİ-nin sadə xalıqın beynində yenidən canlandırılması, sırf o dövrün məhsulları fonunda yenidən beyinlərin ələ alınması nəzarət olunmalı ciddi məqamdır. Nə də olsa, burda çox incə Neyromarketinq nüansı olmaqla, psixoloji-siyasi və mədəni-siyasi punktlar da sezilməkdədir.


Teqlər:  





Xəbər lenti