UnHerd: “Avropanın Ukrayna üzrə planı yoxdur”

      UnHerd:    “Avropanın Ukrayna üzrə planı yoxdur”
  19 Fevral 2025    Oxunub:551
Britaniyalılar və avropalılar Avropanın “sülhməramlı” qüvvələrinin Ukraynada yerləşdirilməsi ideyasını qəti şəkildə rədd etdiyinə görə Rusiyaya minnətdar olmalıdırlar.
AzVision.az xəbər verir ki, “UnHerd” nəşrinin iddiasına görə, bu reallıq avropalıları növbəti dəfə alçaldılma və ehtiyatsız vədlərini yerinə yetirmək zərurəti arasında seçimdən xilas edəcək.

“Fevralın 17-də Fransa prezidenti Emmanuel Makronun ev sahibliyi ilə Parisdə keçirilən Avropa liderlərinin fövqəladə sammitində avropalıların gizli ehtiyatlılığı, müxtəlif partiyalar arasında ənənəvi dərin fikir ayrılıqlarının olduğu üzü çıxdı”, - nəşrin təqdim etdiyi materialda deyilir.

Məsələn, Böyük Britaniyanın baş naziri Kir Starmer Birləşmiş Ştatların “dəstəkləməsi” şərti ilə Britaniya qoşunlarının Ukraynaya göndərilməsini təklif edib. ABŞ-nin Müdafiə naziri Pit Heqset belə bir zəmanəti artıq açıq şəkildə istisna etdiyi üçün Starmer Britaniyanın hərbi əməliyyatlarda iştirakının mümkünsüz olduğunu açıqladı.

Almaniya kansleri Olaf Şolz deyib ki, döyüşlər bitənə qədər Avropa qoşunlarının Ukraynada yerləşdirilməsinin müzakirəsi “tamamilə erkən” və “çox yersiz”dir. Hətta Ukraynanın ən hay-küylü tərəfdarlarından biri olan Polşanın baş naziri Donald Tusk da orada Polşa hərbçilərinin yerləşdirilməsini istisna edib.

- Amma Avropa liderləri Ukrayna ilə bağlı yeni öhdəliklər barədə razılığa gəlsələr belə, çətin ki, ortamüddətli perspektivdə belə öhdəlikləri yerinə yetirsinlər. Çünki Avropa siyasətindəki tektonik dəyişiklik, xüsusən də Fransada 2027-ci il prezident seçkilərindən sonra, çox güman ki, bu cür öhdəlikləri yerinə yetirmək niyyətində olmayan hökumətlərin yaranmasına gətirib çıxaracaq”, - məqalənin müəllifi proqnozlaşdırır.

Hazırda Ukraynada təhlükəsizliyin təminatında Avropanın rolu ilə bağlı təkliflərə nikbin və bədbin yanaşmalar mövcuddur.

1.Nikbinlər bu təklifləri Ukraynanın sülh danışıqlarında mövqelərini gücləndirmək vasitəsi kimi görürlər: onların ortaya qoyacaqları mövqe sonradan Rusiyanın güzəştləri ilə mübadilə edilə bilər. Bu düşərgəyə bəzi Qərbi Avropa dövlətlərinin hökumətləri daxildir.
2.Pessimistlər təkliflərə sülh danışıqlarını tamamilə pozmaq imkanı kimi baxırlar: Moskvaya heç vaxt qəbul etməyəcəyi bir şərt qoyulacaq. Bu cəbhədə Polşa və Baltikyanı ölkələr yer alıblar.


Bununla belə, daha önəmlisi, Aİ, NATO və Böyük Britaniyanın sülh prosesində oynamalı olduqları mühüm rolu göstərmək üçün onların nə isə etməsinə və ya ən azı deməsinə inamın olmasıdır.

“Bu, Britaniya və Fransanın dünya miqyasında özlərini böyük dövlətlər kimi göstərmək istəyinin, eləcə də Avropa Komissiyasının (AK) - xüsusilə onun indiki rəhbərliyi altında - özünü Avropa super dövlətinin hökuməti kimi aparmağa çalışmaq cəhdlərinin nəticəsidir. Bu, həm də ABŞ-nin Avropadan üz döndərməsi ilə bağlı dərin narahatlığın və Avropanın ona əvəz tapmaq üçün təcili nə isə etməli olduğu hissinin nümayişidir”, - materialda vurğulanır.

FT: “Aİ sammitində qarşıdurma yaşanıb”
Amma, müəllifin fikrincə, Avropanın qorxusu şişirdilib. Donald Tramp administrasiyası NATO-dan çıxmağı düşünmür, çünki alyansa üzvlük ABŞ-nin Almaniyadakı Ramştayn aviabazasına və İtaliyanın Neapoldakı hərbi dəniz bazasına nəzarətini təmin edir. Bu bazaların hər ikisi ABŞ-nin Yaxın Şərqdəki nüfuzu və Trampın tək qoymaq niyyətində olmadığı İsrailə dəstək üçün çox vacibdir. Bu baxımdan, Oruellin “1984” romanındakı “NATO əvvəlkitək “bir nömrəli uçuş-enmə zolağı” olacaq ifadəsini xatrılatmaq yerinə düşür.

Beləliklə, ABŞ hazırkı sərhədləri daxilində NATO-nun müdafiəsinə zəmanət verməyə davam edəcək. Tramp, sadəcə olaraq, alyansın daha da genişləndirilməsi ideyasından imtina edir. Çünki bu, yeni böyük öhdəliklər və təhlükəsizlik riskləri ilə nəticələnəcək.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Avropa   Ukrayna   plan  





Xəbər lenti