Çin Qarabağ üçün nə edə bilər? - TƏHLİL

Çin Qarabağ üçün nə edə bilər? - TƏHLİL
  24 May 2014    Oxunub:4015
Məlum olduğu kimi, Azərbaycan prezidenti İlham Əliyev Uzaq Şərq səfəri çərçivəsində Çinin Şanxay şəhərində keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Zirvə Toplantısında iştirak edib. Səfər çərçivəsində İlham Əliyev çinli həmkarı Si Cinpin ilə görüşüb və hər iki dövlət rəhbəri bəyanatla çıxış ediblər. Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putinin Çinə səfəri və bu ölkə ilə qaz ixracına dair müqavilə imzalanması da həmin ərəfəyə təsadüf edir.

Azərbaycan Prezidenti İlham Əliyevin mövcud vəziyyətdə Çinə səfəri və bu ölkənin rəhbəri ilə danışıqlar aparması Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından hansısa rolu ola bilərmi? Hazırki geosiyasi və regional vəziyyəti və baş verən hadisələrin təhlili bu barədə müəyyən mülahizələr irəli sürməyə imkan verir.

Geosiyasi reallıq ondan ibarətdir ki, Rusiya Ukraynadakı vəziyyətlə əlaqədar ABŞ və Avropanın təzyiqləri ilə üzləşib və Çindən onunla qaz ixracı ilə bağlı müqavilə imzalamasını istəyirdi ki, qərb qarşısında aciz görünməsin. Bu müqavilə Putinə daha çox “piar” kimi istifadə üçün nəzərdə tutulduğunu da əminliklə söyləmək olar. Ən vacib məqam isə ondan ibarət idi ki, Çin-Rusiya danışıqlarında tərəflər bərabərhüquqlu tərəfdaş kimi görsənmirdi: Putin daha çox “əl açıb yalvran”, Çin isə “mərhəmətli qəyyum” rolunda çıxış edirdi. Rusiya bu müqavilənin imzalanması üçün hansı məsələlərdə güzəştə getdiyini demək çətin olsa da, müqavilə üçün Putinin Cinpinin demək olar ki, hər bir şərtini qəbul etməyə hazır olduğunu əminliklə demək olar.

Məhz belə bir məqamda, yəni müqavilənin imzalanması ərəfəsində Azərbaycan prezidenti İlham Əliyev Şanxaya gedir. Azərbaycanın belə bir şansdan öz maraqları üçün istifadə etməyəcəyini demək sadəlövhlük olar. Yəni, Çin Rusiyaya “tövsiyə” edə bilər ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konstruktiv mövqe tutsun. Həmsədrlərin problemin Madrin prinsiplərinə uyğun həlli ilə bağlı kifayət qədər konstruktiv hesab oluna biləcək təklif vermələri mühüm tarixi şansdır. Bu təkliflərdə ilkin mərhələdə 7 rayonun qeyd-şərtsiz Azərbaycana qaytarılması nəzərdə tutulur. Moskva hələ ki, məsələyə dair öz mövqeyini bildirməyib. Problem ondan ibarətdir ki, təkliflər Amerika tərəfindən verilib və bu Rusiyaya sərf eləsə belə Moskva Vaşinqtonla düşmənşilik etdiyinə görə təkliflərlə razılaşmaya bilər. Odur ki, Azərbaycan məcburdur ki, Kremli yola gətirmək üçün Çin cəbhəsindən diplomatik hücuma keçsin.

Təbii ki, Pekinin Bakının xeyrinə addım atmağa həvəsləndirmək üçün müəyyən arqumentlər irəli sürülməlidir. Bu baxımdan bir neçə faktor var ki, Azərbaycan Çinlə danışıqlarda bu amillərə söykəndiyi ehtimal olunur.

Birincisi, Çin rəhbərliyi üçün uzun illər əməllicə baş ağrısına çevrilmiş Sinsizyan-Uyğur problemi. Bu məsələdə Azərbaycan Çinin rəsmi dövlət mövqeyini dəstəkləyir. İlk baxışda belə bir qənaət hasil oluna bilər ki, Azərbaycanın bu məsələdə mövqeyi Çin üçün bir o qədər əhəmiyyət daşımır. Ancaq nəzərə almaq lazımdır ki, Sinsizyan-Uyğur vilayətində yaşayanlar və mərkəzi Çin hakimiyyətinə qarşı muxtariyyət uğrunda mübarizə aparanlar etnik türklərdir. Azərbaycan və Türkiyə kimi türk dövlətlərinin hansısa mənada onların mübarizəsinə dəstək vermələri uyğur türklərinin mübarizəsinin alovlanmasına ciddi təsir edə bilər. Sinsizyan-Uyğurda vəziyyətin gərginləşməsi və nəzarətdən çıxması isə paralel olaraq Tibet vilayətinə də təsir göstərəcək. Təsadüfi deyil ki, Çinin sədri Cinpin öz çıxışı zamanı Azərbaycan rəhbərliyinin bu məsələdə rəsmi Pekinin mövqeyini dəstəkləməsini yüksək qiymətləndirib.

İkinci məqam isə Azərbaycan prezidentinin Çinə səfər etməzdən əvvəl Vyetnama getməsi və danışıqlar aparmasıdır. Məlumdur ki, Vyetnam Çinlə mübahisəli adalar ilə bağlı münaqişəli vəziyyətdədir. Bu ölkənin energetika sektorunun inkişafına son on il ərzində Rusiya böyük dəstək göstərmiş müştərək şirkətlər yaradılmışdır. Eyni zamanda Vyetnam Rusiyadan aldığı hərbi gəmilər hesabına donanmasını gücləndirə bilmiş və son hadisələr göstərdi ki, artıq Çinə qarşı müəyyən müqavimət göstərmək iqtidarındadır. Lakin, Rusiya Çin yaxınlaşmasından sonra güman etmək olar ki, Pekinin təsiri ilə MoskvaVyetnama dəstəyi dayandıracaq.

Vyetnam belə olan halda dalana dirənmiş vəziyyətdə qalır. Bir tətəfdən əvvəlki illər özlərinə qarşı ABŞ və Yaponiya tərəfindən törədilmiş aqressiya ilə bağlı vyetnamlılar qərblə əməkdaşlıqdan ehtiyatlanır, ictimai rəyin mənfi münasibətindən qorxurlar. Digər tərəfdən Rusiya onlardan üz döndərir və belə vəziyyətdə Çinlə ərazi mübahisəsi aparmaq zorundadırlar. Azərbaycanın energetika sahəsində Vyetnama dəstək göstərməsi Vyetnam üçün vəziyyətdən ən ideal çıxış yoludur. Təbii ki, bu xəbər Çin rəhbərliyinin ürəyincə olmayacaq və Vyetnamı zəiflətmək istəyən Çin Azərbaycanı bu ölkə ilə əməkdaşlıqdan çəkindirməyə çalışacaq.

Məhz bu iki vacib arqumentdə Pekinin mövqeyini dəstəkləmək müqabilində Azərbaycan çinlilərdən Rusiyaya Dağlıq Qarabağ məsələsində təzyiq göstərməsini istəyə bilər. Əlbəttə, Rusiya isə belə bir əsas gətirə bilər ki, Azərbaycan Amerika ilə birgə mövqedən çıxış edir və Dağlıq Qarabağ probleminin həlli ümumilikdə Cənubi Qafqaz regionunu Vaşinqtonun təsiri altına keçməsi ilə nəticələnə bilər. Belə olan halda, Moskvanın bu şübhələrini götürmək üçün Azərbaycan Amerika ilə süni şəkildə münasibətlərin gərginləşdirilməsi görüntüsünü yaratmaq istəyə bilər.

Tofiq Əsgərov
AzVision.az



Teqlər:





Xəbər lenti