Putin "Qarabağ münaqişəsi" demədi: Görüşün əsas nəticələri - TƏHLİL

 Putin "Qarabağ münaqişəsi" demədi:  Görüşün əsas nəticələri -  TƏHLİL
  21 İyul 2021    Oxunub:6666
Putinin dəvəti ilə Moskvaya gedən prezident İlham Əiyev rusiyalı həmkarıyla təkbətək görüş keçirdi. Heç bir yeni sənədin imzalanmadığı görüşdə diqqət çəkən bəzi məqamları təhlil etməyə çalışacağıq.
Regionumuzda baş verənlərin fonunda bu görüş həm də Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanın Moskva səfərindən sonra baş tutması ilə maraq doğurur. Həm Paşinyanın, həm də Əliyevin Moskva səfərinin ayrı-ayrı məqamları erməni KİV-lərində və sosial şəbəkələrdə tezislər şəklində analiz edildi. Paşinyanın Moskvaya gedəcəyi haqda xəbər çıxan kimi, erməni ekspertlər "Rusiyanın sərhəddə baş verənlərə müdaxilə edəcəyi", "artıq Putinin təngə gəldiyi və Azərbaycanla başqa dildə danışacağı", "9 noyabr Bəyannaməsinin müddəalarına dəyişiklik ediləcəyi" haqda utopik tezislər ortaya ataraq təhlillər verdilər.

Komediyanın ikinci səhnəsi erməni seqmentində İlham Əliyevin Moskva səfərinin vaxtının açıqlanmasından sonra başladı. Paşinyan-Putin görüşünün məğzinə varmağı ağıllarına belə gətirməyən erməni ekspertlərin sayıqlamaları "ciddi" sayılan erməni KİV-lərinin manşetini bəzədi. Tarixən öz problemlərini min cür oyunla başqa dövlətlərin çiyninə yükləyən ermənilər bu dəfə də Rusiyanın onların oyununa gələrək, Azərbaycanla münasibətlərini pozacağına ümid edirdilər. Amma bütün bunlar olmadı və İlham Əliyevin Moskva səfərinin, Putinlə apardığı danışıqların nəticələri açıqlandıqca erməni seqmentində ABŞ və Avropa İttifaqının şəninə virtual "tostlar" artmağa başlayır.

İndi isə gəlin, Putin-Əliyev görüşü zamanı bir neçə mühüm məqama diqqət yetirək. Bunu Rusiya prezidentinin Paşinyanla görüşü zamanı da müşahidə etdik. Putin həm Əliyev, həm də Paşinyanla görüşü zamanı "Dağlıq Qarabağ problemi" ifadəsini işlətmədi. Qarabağ ətrafındakı məsələlərdən bəhs edərkən Putin İlham Əliyevin işlətdiyi ifadələrlə "müharibədən sonrakı tənzimlənmə və regionda sülhün bərqərar olunmasından" danışdı.

İlham Əliyevlə görüşü zamanı da eyni ifadəni işlədən Putin daha çox pandemiyanın iqtisadiyyata təsirindən, bölgədə nəqliyyat və kommunikasiyaların açılmasının vacibliyindən, vaksin və onun Azərbaycanla birgə istehsalından danışdı. Ermənistanla sərhəddə baş verənlər ümumiyyətlə gündəmə gəlmədi və Rusiyanın heç bir dövlət strukturu bu haqda xırda bəyanat belə vermədi. Yalnız Kreml bir müddət əvvəl Peskovun və Mariya Zaxarovanın dili ilə "delimitasiya məsələsində vasitəçi ola biləcəyini" demişdi. Görüşdə prezidentlərin gözdən qaçmayan səmimi münasibəti fonunda ikitərəfli əlaqələrin güclənməsi üçün əlavə tədbirlərin görüləcəyi haqda bəyanatlar verildi, mal dövriyyəsinin artması və digər mühüm məsələlərdən danışıldı. Putin sonda Azərbaycan prezidentinə Qarabağ məsələsinin həllində göstərdiyi kompromis mövqeyə görə minnətdarlığını bildirdi.

Ermənilərin xəyallarının suya düşməsi bir tərəfə, Putinin "kompromis" sözləri erməni seqmentində çalxalanmaya səbəb olub. Ümumiyyətlə, son proseslərin nəticəsində bir şey aydın oldu ki, ermənilərin Qarabağda və sərhədin digər yerlərində törətdiyi təxribatların arxasında hansı məqsədin güdüldüyünü Rusiya yaxşı bilir və İrəvanın Moskvanı Cənubi Qafqazda hər hansə konfliktə çəkmək cəhdləri əbəsdir. Bu yaxınlarda İrəvanda səfərdə olmuş Rusiya Silahlı qüvvələrinin baş qərargah rəisinin müavininin Ermənistanın hərbi rəhbərliyi ilə görüşündən sonra da bənzər ruh düşgünlüyü yaşayan qonşular artıq başa düşürlər ki, etdikləri bütün təxribatlar ancaq özlərinin əleyhinə işləyir. Paşinyana Moskva səfəri zamanı kameralardan gizlin nə deyilmişdisə, bütün bunların nəticəsini biz Əliyev-Putin görüşməsi zamanı kameralar qarşısında gördük.

Çıxarılan nəticə isə birdir: Ermənistan gələcəkdə regionumuzun gesosiyasi və geoiqtisadi elementinə çevrilmək istəyirsə, son 30 ildə seçdiyi bütün yollardan imtina etməli, təhsil sistemindən tutmuş, vətəndaş cəmiyyətinin tərbiyələndirilməsinə qədər öz dövlət propaqandasına yenidən baxmalıdır. Əks təqdirdə, "Ermənistan" adlı ərazi vahidinin bölgəmizdə varlığı üçün heç bir perspektiv qalmayacaq.

Şahin Ömər
Azvision.az



Teqlər: Moskva-görüşü   Putin-Əliyev  





Xəbər lenti