Babamızın savaşı. II yazı: Qafqazdan Berlinədək tökülən azərbaycanlı qanı – TARİXİ ARAŞDIRMA

  03 May 2021    Oxunub : 6363
      Babamızın savaşı.       II yazı:    Qafqazdan Berlinədək tökülən azərbaycanlı qanı –    TARİXİ ARAŞDIRMA
Faşizm üzəridə qələbənin 76-cı ildönümü ərəfəsində AzVison.az babalarımızın o zəfərin qazanılmasında oynadıqları rolu daha yaxşı dərk etmək üçün iki dəyərli tarixçimizin araşdırmasını oxucularına təqdim edir.

AMEA-nın A.A. Bakıxanov adına Tarix İnstitutunun icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Cəbi Bəhramov həmin institutunun şöbə müdiri, tarix üzrə elmlər doktoru, professor Mais Əmrahovun “1941-1945-ci illər müharibəsində faşizm üzərində qələbədə Azərbaycan xalqının həlledici rolu haqqında” arayışı II Dünya Müharibəsində babalarımızın yazdığı şərəfli tarixi gözlər önünə sərəcək.
Bu silsilə yazıları izləyin və əmin olacaqsınız ki, Zəfər qazanmaq – bizim qanımızdadır.
Azərbaycan II Dünya Müharibəsi ərəfəsindəki vəziyyətini təsvir edən birinci yazını buradan oxuya bilərsiniz.

Müharibənin başlanması. Azərbaycan SSR-də hərbi və mənəvi səfərbərlik

1941-ci ildə Azərbaycan SSR-in əhalisi 3,4 milyon nəfər idi. Müharibə başlayanda respublikada hərbi səfərbərlik ümumxalq hərəkatına çevrildi. Minlərlə oğlan və qız hərbi komissarlıqlara ərizə ilə müraciət edərək, cəbhəyə getdilər. Müharibənin başlanğıcında təqribən 40 min adam könüllü surətdə əsgər köynəyi geyindi, təqribən 200 min adam xalq qoşununa yazıldı.

Müharibənin birinci ilində Azərbaycan K(b)P 40 min kommunisti cəbhəyə göndərdi. Ümumiyyətlə, müharibə illərində Azərbaycandan ordu sıralarına 678.950 nəfər kişi, 11 min 266 qadın səfərbərliyə alındı, 260 min nəfərə qədər evdar qadın, təqaüdçü, yeniyetmə istehsalata gəldi. Hərbi hissələr üçün 15 min tibb işçisi və sanitar drujinaçısı, 750 rabitəçi, 3 min sürücü hazırlandı. Azərbaycan SSR ərazisində 87 batalyon, 1123 özünümüdafiə dəstəsi, 77-ci, 223-cü, 271-ci, 396-cı, 402-ci, 416-cı atıcı diviziyalar formalaşdırıldı.

Mənəvi səfərbərlikdə qarşıda duran əsas vəzifələrdən biri xalqlar arasında dostluğun möhkəmlənməsi, adamların vətənpərvərlik və beynəlmiləlçilik ruhunda tərbiyəsi idi. Azəbaycan K(b)P MK və Azərbaycan SSR XKS-nin “Partiya siyasi işçilərin Qızıl Ordu sıralarına səfərbər edilməsi haqqında” 24 sentyabr 1941-ci il tarixli , “Azərbaycanlı qızıl ordu döyüşçüləri arasında partiya-siyasi işin qüvvətləndirilməsi tədbirləri haqqında” 10 oktyabr 1941-ci il tarixli, “Respublikada formalaşdırılmış hərbi hissələrdə siyasi tərbiyə işini genişləndirmək tədbirləri haqqında” 13 noyabr 1941-ci il tarixli qərarları mənəvi və hərbi səfərbərliyə təkan verdi.


1941-ci ilin 22 iyunu, Bakı. "Azərbaycan" kinoteatrının qarşısındakı meydanda əhali müharibənin başlaması haqda radioda verilən xəbəri dinləyir

Brest qalasının müdafiəsi əfsanələrə bənzər qəhrəmanlıq nümunələri ilə 1941-1945-ci illər müharibəsi tarixinə daxil oldu. Qalanın müdafiəsində Azərbaycanın 44 gənci iştirak etdi. İ.Səfərov, A.İmanov, M.Məmmədov, M.İbrahimov, H.Haqverdiyev, M.Qədirov, Ə.Əliyev, D.Abdullayev və başqaları xüsusi mərdlik göstərərək qəhrəmanlıqla həlak oldu.

Leninqradın alman-faşist işğalçılarından 900 günlük müdafiəsi müharibə tarixinin parlaq səhifələrindən birini təşkil etdi. Leninqrad uğrunda döyüşlərin qəhrəmanlarından biri Hüseyn Əliyev oldu. Hüseyn Balaəmi oğlu Əliyev ölümündən sonra “Lenin” ordeni ilə təltif edilmişdir.

Leninqradın müdafiəsində azərbaycanlı döyüşçülər - Bakı aeroklubunun yetişdirmələri Hüseyn Bağırov, Yevgeni Sıqanqov, Asəf Səmədov, Aleksandr Şitov, snayperçi Məmmədəli Abbasov, qvardiya baş leytenantı Volodya Bağırov, Lenin“ ordeni ilə təltif edilmiş İlyas İsmayılov, Məhərrəm Bayramov, Ələkbər Nadirov, sualtı qayıqçılarından biri 2-ci ranq kapitan M.İ.Hacıyev və başqaları iştirak etdilər.

“Tayfun”a qarşı duran azərbaycanlılar

Vermaxt Leninqrad uğrunda döyüşlərlə bərabər Moskva altında da xeyli qüvvə cəmləşdirmişdi. Moskvanın tutulması planının şərti kod adı “Tayfun” idi. Moskvanı müdafiə edən Bakı Hava Hücumundan müdafiə qüvvələrinin zenit artilleriya alayının döyüşçüləri düşmənin 40 təyyarəsini vurdu, 104 düşmən təyyarəsi zədələndi. Moskvaya yeni hərbi hissələr, silahlar, döyüş sursatları, ərzaq göndərilməyə başlandı. Bu sahədə Bakı xüsusilə fərqləndi. DMK-nin 1941-ci il noyabr tarixli tapşırığına əsasən Bakıda “PPŞ” (Pulemyot-pistolet Şnaqina) hazırlayan zavod yaradıldı. Burada məşhur “Katyuşa” minomyotu üçün milyona yaxın mərmi hazırlandı.

Azərbaycanlı döyüşçülər Moskva uğrunda döyüşlərdə igidlik göstərdilər. Belələrinin önündə Həzi Aslanov və İsrafil Məmmədov dayanırdı. Zenit batareyasının komandiri leytenant Məmmədrəsul Paşayev Moskvanın səmasını qoruyurdu. təltif olunmuşdu. Moskvanın müdafiəsində pulemyotçu İdris Vəliyev, zenitçi serjant Seyfəli Əlibalayev, həkim və tibb bacıları Aliyə Rüstəmbəyova, S.Qarayeva və b. iştirak etdilər .Bakıda təyyarəçilik kursunda təhsil almış Leyla Ələsgər qızı Məmmədbəyova, Zülexa Seyidməmmədova mərdlik nümunələri göstərdilər.

1942-ci il iyunun 22-də Sevastopolda ilk düşmən təyyarələri göründü, Sevastopol altında gərgin döyüşlər başladı. Sevastopol müdafiəçilərinin içərisində starşina Xankişiyev, qvardiya yefreytoru Həsən Həsənov, Nurəli Mirzəyev, Hacıyev, Kərimov, İbrahimov, top nişançısı Fəzli Əhmədov, batalyonun kəşfiyyatçısı Aslan Vəliyev, top nişançısı Denis Baxışov, doldurucu İsmayıl Məmmədov da var idi. Alfa Şirazi, hərbi həkim Sara İbrahimova, tibb bacıları Pakizə Manafova, Ə.Həsənova, B.Mircavadova, R.Əhmədova, Ş.Əsgərova, R.Gözəlova və onlarla başqaları yüzlərlə yaralını ölümün pəncəsindən aldılar.

Ölüm “üzüy”ünün qaşında

Stalinqrad vuruşması 6,5 ay (1942-ci ilin 17 iyulundan - 1943-cü ilin fevralın 2-dək) davam etdi. Döyüş əməliyyatları 100 min kv. km. ərazidə baş verdi, cəbhə xəttinin uzunluğu 400-800 km.-ə çatırdı. Stalinqrad döyüşlərində Azərbaycan əsgərləri mərdlik və qəhrəmanlıq nümunələri göstərdilər. Moskva ətrafındakı vuruşmalarda göstərdiyi hərbi təşkilatçılıq və şəxsi igidliyinə görə podpolkovnik rütbəsi almış Həzi Aslanovun 55-ci əlahiddə tank alayı Stalinqrad vuruşmasında feldmarşal Manşteynin ordusunun darmadağın edilməsində yüksək hərbi məharət göstərdi, xüsusi döyüş nümayiş etdirdi.

Stalinqrad vuruşmasında Azərbaycan xalqının mərd oğulları-təyyarəçilər Nuru Əliyev və Tacəddin Əfəndiyev, minomyotçu Şamil Hüseynov, topçu Xeyrulla Şahgəldiyev və başqaları döyüşlərdə qəhrəmanlıq göstərdilər. Stalinqrad vuruşmasında A.Axundov, A.Abbasov, M.Qəribov, M.İsrafilzadə, A.Əliyev, B.Ələsgərov, Ə.Kərimov, B.Muxtarov, A.Mustafayev, Ə.Həmidov, Ə.Hü-seynov, M.Cəfərov və başqaları igidliklə döyüşdülər . Top nişançıları F.Əhmədov və Baxışov, top sürücüsü Şahvəliyev, kəşfiyyatçı A.Vəliyev, doldurucu İ.Məmmədov, snayperçi Balaoğlan Abbasov və b. Stalinqrad uğrunda vuruşmalarda qəhrəmancasına həlak oldular. Düşmən tanklarına qarşı vuruşmalarda Kürdəmir rayonundan olan əsgər Maqadim Mərdan oğlu Məmmədov, Bakıdan leytenant Yusif Qurban oğlu Zeynalov, Astara rayonundan Müsaid Hüseyn oğlu Rəhimov, Kürdəmir rayonunun I Qaraqaşlı kəndindən olan əsgər Rəsul Qaib oğlu Salmanov, Laçın rayonundan leytenant Hüseyn Nadir oğlu Yusifov, Naxçıvan şəhərindən baş serjant Tahir Məmmədov, Bakıdan leytenant Bilal Rəsulov və leytenant Ələkbər Hacı oğlu Hacıyev igidlik göstərdilər. Zaqatala rayonundan olan rabitəçi leytenant Mustafa Əliabbas oğlu Mustafayev, D.Dünyamalıyev və L.Həşimov “İgidliyə görə” medalı ilə təltif olundular. Azərbaycan qadınları kişilərlə çiyin-çiyinə döyüşdülər. Həlimə Rzayeva, Zərifə Camalbəyova, ana və qız Bəyim və Səlimə Əlizadələr, Böyükxanım Bağırova Stalinqrad döyüşlərində iştirak etdilər.



Stalinqrad əməliyyatı 1942-ci il noyabrın 19-dan 1943-cü il fevral ayının 2-nə qədər davam etdi. “Kольцо” adlanan bu əməliyyat 2 fevralda düşmənin tam darmadağın edilməsi ilə nəticələndi. Cəbhənin qoşunları 131 min adam, o cümlədən 2,5 mindən çox zabit və başda feldmarşal Pauls olmaqla 24 general əsir aldılar. Əsirlərdən 1 nəfər general-polkovnik, 1 nəfər general-leytenant, 2 nəfər polkovnik-leytenant, 4 nəfər kapitan, 1.444 nəfər ober-leytenant, 182 nəfər leytenant idi .16.500 nəfərdən artıq azərbaycanlı döyüşçü „Stalinqradın müdafiəsinə görə“ medalı ilə təltif olundu. Stalinqradın müdafiəsinə görə 112 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. Təltif olunanlar arasında Azərbaycan xalqının qəhrəman oğlu Həzi Aslanov da vardı. Həzi Aslanova SSRİ Ali Soveti Rəyasət Heyətinin 1942-ci il 22 dekabr tarixli fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı fəxri adı, SSRİ Xalq Komissarları Sovetinin 1944-cü il 13 mart tarixli qərarı ilə general-mayor əsgəri rütbəsi verilmişdir. O, ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına 1991-ci ildə layiq görülmüşdür. Stalinqraddan Baltik sahillərinə qədər döyüş yolu keçən Həzi Aslanov 1945-ci il yanvarın 24-də Mitava şəhəri yaxınlığında qətlə yetirilmişdir.

Qafqaz döyüşlərində digər xalqlar və millətlərdən yaranan diviziyalar fəal iştirak etdi. Onların arasında Azərbaycanın 77, 223, 402 və 416-cı, 242, 392, 394 və 414-cü qırıcı atıcı və dağ-atıcı diviziyaları da vardı. Qafqaz uğrunda döyüşlərdə yüksək döyüş məharəti göstərən azərbaycanlı əsgərlərdən biri Qafur Nəsir oğlu Məmmədov idi. İsrafil Məmmədov,Akim Abbasov, Ədilə Babayeva, Humay Əlibəyli, Böyükxanım Bağırova, Roza İbadovanın döyüş yolu Şimali Qafqazdan başladı, Donbas, Çerkassk, Voroşilovqrad şəhərlərinin, Ukraynanın yüzlərlə kəndinin alınması döyüşlərində iştirak etdilər.
Hitlerin Qafqaz planları və ona mane olan Azərbaycan diviziyaları – DÖYÜŞ XRONİKAMIZ

Novorossiysk uğrunda döyüşlərdə azərbaycanlı oğullar - Oruc Ağayev, Xanbaba Muradov, Hüseynağa Sadıqov, Novruz Aslanov, Qaçay Bəhramov, Davud Qasımov (Bakı), Səki-nə Məmmədova, Süleyman Eldarov (Nuxa-indiki Şəki), İsmayıl Ağamirzəyev (Ağdam), Çoban Haqverdiyev (Ağstafa), Oruc Əsgərov (Jdanov - indiki Beyləqan) və başqaları əsgəri rəşadət göstərdilər.Novorossiysk, Kabardinka, Tuapse, Taman uğrunda vuruşmalarda cəsur qızlardan Dürrə Məmmədova, Səfiyyə Rüstəmbəyova, Səkinə Məmmədova, Adilə Məmmədova, Lyudmila Kərimova, Suzanna Salmanova, Naibə Həşimova, Suğra Paşayeva, Səkinə Əliyeva, Sara İbrahi-mova və başqaları mərdlik nümunələri göstərdilər. Novorossiyskin müdafiəçiləri döyüş dostları Dürrə Məmmədovanı daim xatırlayırlar. 18-ci ordunun tərkibində 33 millətin nümayəndələri, o cümlədən 1000 nəfərə qədər azərbaycanlı var idi. Ağamehdi Babayev, Tofiq Abbasov, Ağahüseyn Əliyev, Hacağa Əliyev, Hüseyn Babayev, Əliağa Cəfərov, Sadıq Sadıqzadə (Bakı), Fərman Nərimanov (Ağdam), Bəylər Xanlarov (Ağcabədi), Rəsul Muradov (Quba), Əli Məhərrəmov, Həsənxan İsmayılov (Qubadlı), İsmayıl Tağıyev (Lənkəran), Xalıq Qurbanov (Masallı), İman Abışov (Neftçala), Sofiya xanım Rüstəmbəyova (Sumqayıt), İbrahim Həsənov (İliç-indiki Babək rayonu), Məmməd Zeynalov (Ordubad), Novruz Xudiyev (Cəbrayıl) və başqaları Kiçik torpaqda döyüşdülər.

Krımın azad edilməsində Azərbaycanda təşkil olunmuş 77-ci və 227-ci atıcı diviziyalar iştirak etdilər. Krım uğrunda vuruşmalarda Ə.Piriyev, Ş.Əliyev (Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşlər - M.Ə.), Ə.Qurbanov, M.Dadaşov, Ə.Ağamirov, M.Məmmədov, Abdul Rəsul oğlu Xəlilov, Bala Ağa oğlu Qasımov, rota komandiri, yazıçı Əbülhəsən Ələkbərov, Kamal Məm-mədov, siyasi rəhbər Əsgərov, komandir Səlimov, siyasi işçi Şirinov və b. mərdliklə vuruşdular. Krım uğrunda döyüşlərdə Z.Manafova yoldaşlarına tibbi yardım göstərdi.

Azərbaycan övladları Sovet İttifaqı Qəhrəmanı adını almış Səlahəddin Kazımov, Pulemyotçu İbrahim Sultanov, döyüşçü Məmməd Məmmədov, Təyyarəçi İbrahimov, 2 dəfə “Qızıl Ulduz” və “Qızıl Bayraq” ordenləri ilə təltif edilmiş kapitan Baxış Mehdiyevin, “Qızıl Ulduz” ordeni ilə təltif edilmiş Əliş Manafov və Əli Əliyev, Dneprətrafı döyüşlərdə topçulardan Həsən Mirzəyev, Xanmirzə Hüseynov, İsfəndiyar Əliyev, Topçu İsfəndiyar Əliyev, serjant Həsənalı Məmmədov, kəşfiyyat manqasının komandiri Çərkəz Qurbanov Ukrayna torpaqlarının faşistlərdən təmizlənməsində iştirak etdilər , Belarusiyanın azad edilməsi əməliyyatlarında Q.Əkbərov və N.Rəfiyev Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldülər. Mogilyov şəhəri və Mogilyov vilayəti uğrunda döyüşlərdə 63 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. Onların arasında 1-ci qvardiya hücumçu mühəndis-minatəmizləyən briqadanın komandiri, qvardiya polkovniki azərbaycanlı A.F.Vəzirov və b. vardı. Minsk şəhərinin azad edilməsində H.Aslanovun qvardiya tank briqadasının döyüş fəaliyyəti Ali Baş Komandanlığin əmrində qeyd edilmişdi. 1945-ci il yanvar ayının 13-dən aprel ayının 25-dək çətin göl-bataqlıq ərazidə 2-ci və 3-cü Belarusiya və 1-ci Pribaltika cəbhəsi qoşunları Qırmızı Bayraqlı Baltik donanması ilə birgə Şərqi Rumıniya əməliyyatı keçirdi. Şərqi Prussiyada döyüşən azərbaycanlı əsgər Əliqulu Əmirov, Ələsgər Qasımov qəhrəmanlıq nümunələri nümayiş etdirdilər.



1945-ci ilin mart ayında Berlinə hücumu davam etdirmək üçün şərait yarandı. Mayın 1-də axşam 301-ci diviziyanın alayları 148-ci və 230-cu diviziyalarla qarşılıqlı əlaqədə faşist Reyxi başçılarının son sığınacağı olan baş komandanlıq qərargahını-İmperiya Dəftərxanasının binasını və bunkerini ələ keçirmək uğrunda döyüşə başladılar. 9-cu atıcı korpusun siyasi şöbəsinin təlimatçısı mayor Anna Vladimirovna Nikulina qələbə bayrağını İmperiya Dəftərxanasının binasına sancdı. Aprelin 30-da 3 dəfə Reyxstaqa hücum edildi. Reyxstaqı alan diviziyanın serjantları M.A.Yeorov və M.V.Kantariya bayrağı Rexstaqa sancdılar. Mayın 1-də müxbirlər binanın üzərində onlarla bayraq saymışlar. Hansının birinci sancıldığı bu günədək mübahisəlidir. SİTA-nın müxbiri Yevgeni Xaldeyin məşhur 2 may 1945-ci il tarixli “Qələbə bayrağı Reyxtaqda” fotoşəklində bayrağın sancılmasında dağıstanlı Abdulkərim İsmayılov, kiyevli Aleksey Kovalyov və Minskidən olan Aleksey Qoriçekin də iştirak etdiyi göstərilir.

Müqavimət hərəkatının azərbaycanlı iştirakçıları

Azərbaycanlı döyüşçülər Fransada müqavimət hərəkatında iştirak ediblər. Fransanın cənubunda, Rodez rayonunda ilk Azərbaycan alayı forma-laşdı. 1942-ci ilin yayında Polşanın Edlin şəhərində azərbaycanlı hərbi əsirlərdən gizli antifaşist təşkilatı yarandı. Təşkilatın üzvləri Hadı Qiyasbəyov, İsmayıl Heydərov, Hüseynrza Məmmədov, Feyzulla Qurbanov, Xələf Hacıyev və başqaları Fransa şəhərlərinin faşistlərdən azad edilməsində iştirak etdilər.Fransa müqavimət hərəkatının iştirakçılarından biri, müharibə illərində əsir düşməsinə baxmayaraq döyüş dostlarının köməyi ilə əsirlikdən qaçaraq, fransız partizanlarına qoşulan «Xarqo» ləqəbli döyüşçü Ə.Cəbrayılov, İtaliya müqavimət hərəkatında iştirak etmiş Nəsir Abdullayev, Məmməd Bağırov, Həmzə Əsgərov, Əli Babayev, Şahbaba Məcidov, Tahir İsayev, Həsən Kamalov və başqaları faşistlərə qarşı cəsarətlə vuruşmuşdular.



Ə.Cəbrayılov 1942-ci ildə ordu sıralarına səfərbər olunmuş, 1942-ci ilin may ayında yaralanmış, əsir düşmüş və Fransadakı Montobon həbs düşərgəsinə göndərilmişdi. 4167 №li əsir Əhmədiyyə Cəbrayılov 1942-ci ildə Marsel altındakı əsir düşərgəsindən düşərgənin xidmətçisinin köməyi ilə qaçır və Müqavimət hərəkatı sıralarına daxil olur. O, Fransanın Hərbi Xaç, Könüllü xidmətə görə xaç, Fransanın hərbi medalı, Fəxri Legionun Ali Ordeni ilə təltif olunmuşdur. Təltifləri Şarl de Qol və Morez Torezdən qəbul etmişdir.

Milli diviziyalar

Müharibənin ilk illərində Baş Komandan Stalinin 1941-ci il 18 oktyabr tarixli əmrinə əsasən bütün müttəfiq respublikalarda olduğu kimi, Azərbaycanda da milli diviziyalar təşkil olundu. Bu diviziyaların əsas heyətini azərbaycanlılar təşkil edirdi. 77, 223, 271, 306, 402 və 416-cı milli diviziyalar müxtəlif orduların tərkibində döyüş əməliyyatlarında iştirak etdi.

1944-cü il aprel ayının 13-də Simferopol uğrunda döyüşdə fərqləndiyi üçün Ali Baş Komandanlıq tərəfindən 77-ci diviziyaya mayın 24-də fəxri ”Simferopol ” adı verildi, diviziyanın 613 əsgər və zabiti döyüş mükafatları ilə təltif olundu . Onların arasında Həsən Quliyev, Əli Qarayev, Əmir Quliyev, Xudu Mehdiyev, Abdul Rəcəbov, Həsən Abbasov, Əbil Seyidov, Yəhya Bağırov və başqaları vardı. Qafqaz uğrunda vuruşmalarda 60 əsgər və zabitə (İdris Süleymanov, Qafur Məmmədov və b.) Sovet İttifaqı Qəhrəmanı adı verildi. Təqribən 600 döyüşçü “Qafqazın müdafiəsinə görə “ medalı ilə təltif olundu.77-ci diviziyanın döyüşçülərindən 1941-1945-ci illərdə 11 nəfər ”Lenin “, 2 nəfər ”Qızıl Ulduz “, 68 nəfər “Qırmızı Bayraq“, 15 nəfər “Suvorov“ və ”Aleksandr Nevski“, 1 nəfər “Boqdan Xmelnitski“, 101 nəfər I dərəcəli, 238 nəfər II dərəcəli“Vətən müharibəsi“, 1.149 nəfər “Qırmızı Ulduz“, 30 nəfər 2-ci dərəcəli “Şöhrət“, 412 nəfər 3-cü dərəcəli “Şöhrət“ ordeni, 208 nəfər “İgidliyi görə“, 1.131 nəfər “Döyüş xidmətlərinə görə“ medalı ilə təltif olunmuşdur. Döyüşçülərdən 8 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.

Baş Komandanlığın 1941-ci il 18 oktyabr tarixli əmri ilə 46-cı ordunun Gürcüstan SSR-dən gəlmiş 168-ci ehtiyat alayı əsasında yaradılan 223-cü diviziyaya təcrübəli rəislər komandanlıq et-mişlər. Diviziyanın komandiri polkovnik Romanov V.S., hərbi komissarı, alay komissarı Əliyev M.A., qərargah rəisi podpolkovnik Preobrajenski N.Q. idi. Diviziyanın qərargahı Bakı şəhərində yerləşirdi.1941-ci il dekabrın 23-də 223-cü diviziya Bakı neft yataqlarını müdafiə üçün şəhərin hüdudlarından kənarda hazırlanan müdafiə xəttində yerləşdirilir. 1942-ci il fevralın 22-də divi-ziya komandirliyini Vladimir Pavloviç Züvanov (Heybət Аtamoğlan oğlu Heybətov) qəbul edir.223-cü Azərbaycan atıcı diviziyası Belqradln alınmasındakı döyüş rəşadətinə görə 223-cü Azərbaycan atıcı diviziyası “Belqrad” diviziyası fəxri adı verilmişdir. Diviziya döyüşçülərinin fə-dakarlığı, yüksək döyüş məharətinə və igidliyinə görə 20 nəfər azərbaycanlı döyüşçüyə, o cümlədən A.Vəzirov, M.Vəliyev, A.Quliyev, M.Abdullayev, B.Mirzəyev, M.Cəbiyev və X.Məmmədova Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir . Bakıdan Praqaya qədər 6 dövlətin-Rumıniya, Bolqarıstan, Yuqoslaviya, Macarıstan, Avstriya və Çexosolvakiyanın ərazisindən keçən 223-cü diviziyanın döyüş yolu 5.000 kilometrə bərabərdir. 30 aylıq döyüşlər zamanı diviziya sahəsi 10.000 kvadrat kilometr olan 400-dən çox yaşayış məntəqəsinin, 19 şəhər, o cümlədən Mozdok, Georgiyevski, Dneprodzerjinsk, Benderı, Kotovskoye, Konstansa, Şumin, Rqotino, Bor, Yaqodino, Belqrad, Kralyevo, Budapeşt, Komarom, Vyana, Florisdorf, Qllabrunn və digər şəhərlərin azad olunmasında iştirak etmişdir. 223-cü diviziya döyüş yolunda irili-xırdalı 50-dən artıq çaydan, o cümlədən 4 dəfə Dunaydan keçmişdir. Alman faşistləri ilə döyüşlərdə 223-cü diviziyanın döyüşçüləri 45 mindən çox alman əsgərini məhv etmiş, 43.800 nəfər əsgər və zabit əsir alınmış, düşmənin 28 təyyarəsi, 113 tank və döyüş maşını, 549 səhra topu, 311 minaatan qurğusu, 1.152 pulemyotu, 25 mindən çox avtomaşını sıradan çıxarılmış, 28 təyyarə, 113 tank və zirehli maşın, 549 səhra topu, 311 minaatan, 1.152 pulemyot, 200-dən artın avtomaşın, 25 minə qədər tüfəng və avtomat, 219 paravoz, 7.400 vaqon, 1.350 at, 70 anbar və böyük miqdarda döyüş sursatını ələ keçirilmişdir.

402-ci Azərbaycan milli atıcı diviziyası 1941-ci ilin oktyabr ayınadək İranda (Cənubi Azərbaycanda) dislokasiya olunmuşdu. 1941-ci ilin oktyabr ayının əvvəllərində vətənə qayıdan diviziya Naxçıvan-Culfa-Bakı-Qudermes marşurutu ilə müharibə zonasına yola salınmışdır. Diviziyada azərbaycanlılar 55 %, ermənilər 18,6 %, ruslar 12 faiz, ukraynalılar 3,6 %, gürcülər 3,2 faiz, digər millətlərdən olanlar 1,7 faiz təşkil edirdi. Şəxsi heyətin 45 faizi təlim görməmişdi . 1943-1944-cü illərdə 402-ci diviziyadan digər milli diviziyaların tərkibini tamamlamaq və möhkəmləndirmək, döyüşçü və komandirlər hazırlamaq üçün əsas ehtiyat baza kimi istifadə olunmuşdur. Diviziya 1943-cü ildə 2.200 nəfər, 1944 - cü ildə 1.500 nəfər yeni çağırışçını qəbul edərək döyüşə hazırlamışdır.

Qırmızı bayraqlı və II dərəcəli “Suvorov” ordenli 416-cı diviziya 1942-ci ilin mart-sent-yabr aylarında yaradılmış milli diviziyadır. Müxtəlif vaxtlarda S.P.Starojilov, V.T. Maslov, T.A.Əliyarbəyov, D.M.Sızranov, H.M Zeynalov, P.M.Ryabov, R.Ə.Məcidov və b. diviziyanın komandanları, qərargah rəisi və siyasi rəhbəri olmuşlar. Diviziyanın tərkibindəki döyüşçülərin 11.050 nəfəri azərbaycanlı, 291 nəfəri rus, 225 nəfəri erməni, 110 nəfəri gürcü, 99 nəfəri ukrain, 72 nəfəri tatar, 28 nəfəri yəhudi, 23 nəfəri belarus idi. 1942-ci ilin iyun ayında diviziya Qafqazda döyüşən 44-cü ordunun tərkibinə daxil edilmişdir . Diviziya döyüşə-döyüşə 17 tank, 297 ədəd müxtəlif tipli top, 189 minomyot, 325 pulemyot, 1.067 yüngül pulemyot, 12.135 ədəd tüfəng, 18.990 avtomat, 818 avtomaşın, 164.873 mərmi, 38 zirehli maşın, 540 vaqon, 240 paravoz və s. texnikanı hərbi qənimət kimi ələ keçirdi. Müharibə dövründə alman-faşist işğalçılarına qarşı fəda-karlıqla vuruşduqlarına görə diviziyanın 152 döyüşçü qadınından 45 nəfər „Qızıl Ulduz“ ordeni, 42 nəfər „İgidliyə görə“, „Döyüş xidmətlərinə görə“ medalları ilə təltif olundu. 17 qadın zabit rütbəsi aldı. Reyxstaq divarlarına avtoqraf yazanlar sırasında Böyükxanım Mircavadova və Rəhi-mə Aslan qızı Babayeva da vardı. Rəhimə Babayeva „Döyüş xidmətlərinə görə“ Qafqazın, Berlinin, Almaniyanın alınmasına görə medalları ilə təltif olunmuşdu.

Berlin əməliyyatında iştirak edən 416-cı diviziya 1945-ci il aprelin 20-də Klosserdorfu tutub Reyxstaq istiqamətində hücumu davam etdirdi. 1945-ci il mayın 2-də diviziyanın bölmələri Brandenburq darvazasına qələbə bayrağı sancdılar.



1942-ci il aprelin 20-dən 1945-ci ilin mayın 2-dək Q afqaz dağlarından Berlinədək döyüş yolu keçən 416-cı diviziya 1942-ci il sentyabrın 30-dan 1945-ci ilin mayın 2-dək olan dövrdə düşmənin 22.996 nəfər əsgər və zabitini məhv etdi, 5.474 nəfəri əsir aldı, onlarla tank və zirehli maşın, 195 top, 31 minomyot, 210 ağır və 842 yüngül pulemyot, 4.997 tüfəng, 683 avtomaşın, 21 zirehli maşın, 800 atəş nöqtəsi və 68 müxtəlif ərzaq, sursat və ləvazimat sıradan çıxarıldı.1943-cü il avqustun 30-da Taqanroq şəhərinin azad edilməsində göstərdiyi əsgəri igidliyə görə „Taqan-roq“ diviziyası fəxri adı verilən diviziya „Qırmızı Bayraq“ ordeninə layiq görülmüşdür.416-cı diviziyanın döyüşçülərindən 8 nəfər Sovet İttifaqı Qəhrəmanı adı aldı, 11 nəfər “Lenin”, 358 nəfər “Qırmızı Əmək Bayrağı”, 3 nəfər 2-ci dərəcəli “Kutuzov”, 47 nəfər “Aleksandr Nevski”, 540 nəfər 1-ci dərəcəli “Vətən müharibəsi”, 1.756 nəfər 2-ci dərəcəli “Vətən müharibəsi” ordeni, 5.205 nəfər “Qızıl Ulduz” nişanı, 5.666 nəfər isə “İgidliyə görə” və ”Hərbi xidmətlərinə görə” medalı ilə təltif olundu. Ümumiyyətlə, diviziyanın təşkil olunduğu gündən Qələbə gününədək 14.369 nəfər müxtəlif orden və medallarla təltif edildi.

Faşizmə qarşı mübarizədə 121 nəfər Azərbaycan SSR vətəndaşı (onlardan 43 nəfəri azərbaycanlıdır) Sovet İttifaqı Qəhrəmanı adına, Həzi Aslanov bu ada iki dəfə (1942 və 1991) layiq görüldü, 30 nəfər (onlardan 15 nəfəri azərbaycanlıdır) “Şöhrət” ordeninin tam üç dərəcəsinin kavaleri oldu.

Azərbaycan övladlarının qəhrəmanlığından bəhs edən keçmiş Sov.İKP MK-nın Baş katibi L.İ.Brejnev 1970-ci ildə Azərbaycan SSR-nin 50 illiyi münasibətilə keçirilən təntənəli iclasda demişdi: "Azərbaycandan olan on minlərlə döyüşçü hitlerçi işğalçılarla vuruşmalarda rəşadət və qəhrəmanlıq göstərdiklərinə görə SSRİ-nin orden və medalları ilə təltif olunmuş... Sovet İttifaqı Qəhrəmanları Həzi Aslanovun, Mehdi Hüseynzadənin... İsrafil Məmmədovun, Qafur Məmmədovun, Gəray Əsədovun və çox-çox başqa azərbaycanlıların şanlı hünərləri xalqımızın yaxşı yadındadır” .

(Üçüncü yazı əfsanəvi partizan Mehdi Hüseynzadənin haqqında olacaq)

Cəbi Bəhramov
AMEA-nın A.A. Bakıxanov adına Tarix İnstitutunun icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent
Mais Əmrahov
AMEA-nın A.A. Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri, tarix üzrə elmlər doktoru, professor

Teqlər: II-Dünya-Müharibəsi   Azərbaycan-tarixi