İstehlak bazarı niyə “yanır” və nə vaxt “sönəcək”? – TƏHLİL

   İstehlak bazarı niyə “yanır” və nə vaxt “sönəcək”? –    TƏHLİL
  18 Mart 2021    Oxunub:8580
Bahalaşma elə bir şeydir ki, onu hər şeydən öncə, bazar diqtə edir. Hətta, ən güclü inhisarçılıq şəraitində belə, qiymət artımı üçün "qarmaq keçirməyə" əgər cüzi də olsa, bir səbəb yoxdursa, bahalaşma heç bir halda baş verə bilməz. Çünki bazar amili, tələb və təklif nisbəti əsas faktordur. Ümumiyyətlə, hər hansı bir malın və məhsulun qiyməti yüksəlirsə, demək, ya maya dəyəri qalxıb, ya da istehsalı azalıb; yox, əgər kənardan gətirilirsə, xərcləri genişlənib. Süni qiymət artımı üçün yalnız bütün bu amillərdən sonra şərait yaranır.
Son aylar ərzində istehlak bazarımızda qiymətlərin yüksəlməsi sözsüz ki, ciddi narahatlıq doğurur. Ancaq bu, təbii qarşılanmalıdır, çünki gözlənilən idi. Bahalaşma prosesinin tədricən, yəni asta templə baş verməsi də buna sübutdur. Yəni demək istədiyim odur ki, hazırda ölkədə heç bir süni qiymət artımından söhbət gedə bilməz və bunun bir neçə səbəbi var.

Əvvəla, ən çox işlənilən enerjidaşıyıcısı olan Aİ-92 benzini və dizel yanacağı bu ilin yanvarında bahalaşdırıldı, üstəlik, fevralın 1-dən suyun da tarifi artırıldı. Bütün bunlar istehlak malları da daxil, xidmət sahəsində qiymətlərin artması ilə nəticələnməli idi və bu da baş verdi.
İkinci tərəfdən isə, bahalaşma ilin əvvəlindən dünya üzrə də müşahidə edilir. Demək olar, hər şeyin qiyməti yüksəlib. Bunu bir tərəfdən keçənilki pandemiya şəraitinin təsirləri (istehsala dəymiş zərbə), digər tərəfdən isə neftin bahalaşması, tələbin sürətlə bərpası və sair amillər şərtləndirir. Bundan yan qaçmaq əsla mümkün deyil.

Məsələn, keçən il pandemiyanın təsiri, bu il isə əkilən sahələrdən az məhsul götürüləcəyinə dair proqnozlar iri buğda ixracatçısı kimi tanınan ölkələri satışı məhdudlaşdırmağa sövq edib və edir. Belə bir fonda subsidyalaşdırmaya getmək heç bir effekt verə bilməz. Ümumiyyətlə, maya dəyərinə oturan hər hansı kiçik bir elementin belə, qiyməti yüksəlirsə, subsidiya əhəmiyyətsiz sığortalayıcı vasitəyə çevrilir və səmərəsiz siyasət olur. Buna gərək yoxdur.

Təsadüfi deyil ki, bu, özünü un məmulatlarının qiymətlərində də göstərir. Təkrar edirəm, bir şey ki, idxaldan asılıdır və üstəlik, dünya bazarlarında onun qiyməti qalxırsa, həmin məhsulun dəyərini sabit saxlamaq mümkün deyil. Subsidya yolu ilə bazarda sabitliyi qoruyub saxlamaq müvəqqəti xarakter daşıyacaq.

Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmə əsasən, 2021-ci ilin yanvar-fevral aylarında istehlak qiymətləri indeksi 2020-ci ilin müvafiq aylarına nisbətən 103,7 faiz olub. Bu, rəsmi göstəricisidir. Real olaraqsa inflyasiya bundan yüksəkdir. Çünki bahalaşmanı yaradan əsas faktor məhz benzinin ilə dizelin, o cümlədən, suyun qiymətindəki artımlardır. Bu artımların təsiri nəticəsində bazarda baş verən bahalaşma rəsmi açıqlanılan səviyyədə ola bilməz.

Ümumiyyətlə, ilk gündən yazmışdım ki, “yanacaq ilə suyun tariflərinin artırılması istehlak bazarına təsiri etməyəcək” kimi fikirlər əsassızdır. Hətta, aqrar istehsalçılara verilən subsidiyaların artırılmasına rəğmən, dizelin qiymətindəki bahalaşma kənd təsərrüfatı məhsullarının qiymətinə mütləq şəkildə təsir etməli idi, etdi və edir də. Benzin və su isə xidmətlərin bahalaşmasına gətirib çıxarıb.

Bütün bunları yazmaqda məqsədim yanacaq ilə suyun qiymətinin artırılmasına irad bildirmək deyil. Bu da iqtisadiyyatın müvafiq sektorlarının inkişafı və səmərəliliyin artırılması üçün özlüyündə bir tələbdir. Sadəcə olaraq, sözügedən tarif dəyişikliklərinə qış aylarında gedildiyi üçün, ərzaq məhsullarının qiymətlərinə tez təsir göstərdi. Sözügedən addım əgər yayda atılsaydı, qiymətlərə belə tez və ciddi təsir göstərməyəcəkdi.

Bəs, bahalaşma nə qədər davam edəcək? Hesab edirəm, proses ilin birinci yarısının sonunadək çəkə bilər. Həm xarici faktorların, həm də daxildəki tarif dəyişikliklərinin, o cümlədən, ümumi iqtisadi fonun əlverişsizliyi səbəbi və təsirləri nəticəsində bahalaşmanın aprel-may aylarında da davam edəcəyinin şahidi ola bilərik.

Yeri gəlmişkən, bir cəhəti qeyd edim: Çoxlarının dediyinin əksinə olaraq, maaş və pensiya artımlarının ölkədə inflyasiyaya ciddi təsiri olmadığını və yaxud da hökumətin onun qarşısını aldığını dəfələrlə görmüşük. Amma xarici faktorların və tənzimlənən tariflərin artırılmasının təsiri və nəticəsində yaranan bahalaşmanın qarşısını almaq çətin olur.

Ümumiyyətlə, Azərbaycanda ikirəqəmli inflyasiyanın qeydə alındığı illərə diqqət yetirsək bunun hər dəfə ya neftin ucuzlaşması nəticəsində ortaya çıxdığını, ya da qlobal iqtisadi çətinliklər səbəbindən baş verdiyini görürük. Bu baxımdan, düşünürəm, istehlak bazarında qiymətlərdəki indiki yüksəliş tendensiyasının hələ bir müddət də davam edəcəyinə rəğmən, sırf xarici mənfi faktorların az olması səbəbindən kəskin xarakter almayacaq. Çünki ən başlıca amil olan neftin qiyməti əlverişli səviyyədədir.

Amma hər halda, proses diqqət mərkəzində saxlanılmalı, çərçivəyə alınmalıdır. Bundan ötrü isə ilk növbədə inhisarçılığa qarşı sərt mübarizə aparılmalı, əsas növ ərzaq məhsulları üzrə lazım gələrsə mövcud vergi siyasətinə yenidən baxılmalı, iqtisadi aktivliyin yaranması və artması üçün istehlak dəstəklənməlidir.

Əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin daha yaxşı təşkili və gücləndirilməsinə gəldikdə isə bu, bazardakı qiymət rəqslərinə bağlı məsələ və siyasət deyil. Sözügedən siyasət daimi xarakter daşımalı, ardıcıl və əsaslandırılmış şəkildə həyata keçirilməlidir. 2019-cu ildə hökumət sözügedən istiqamətdə çox addımlar atdı. Və bir daha qeyd edirəm ki, bazar, buna demək olar, heç bir reaksiya vermədi. Bu gün isə bazar “qaynayır”.


Pərviz Heydərov
Azvision.az üçün

Müəllifin əvvəlki yazısı:

"Pandemiya böhranı" nə vaxt bitəcək? - TƏHLİL



Teqlər: Bahalaşma  





Xəbər lenti