Bankların dirçəlməsi üçün daha bir şans – TƏHLİL

   Bankların dirçəlməsi üçün daha bir şans –    TƏHLİL
  19 May 2020    Oxunub:13057
Əmanətlərin Sığortalanması Fondunun (ADIF), Maliyyə Sabitliyi Şurasının tövsiyəsi əsasında, eyni zamanda, Mərkəzi Bank ilə razılaşdırılmaqla 2020-ci il iyunun 1-dən etibarən manatla qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin 10 faizdən 12 faizə qaldırılması haqda qərarı bu günlərdə 4 bankın bağlanması fonunda təqdirəlayiq addımdır.
İstənilən halda, əmanətlərin stimullaşdırılması tədbirləri banklar üçün əhəmiyyətli bir hadisədir. Bankların əsas vəzifəsi sərbəst pul vəsaitlərini cəlb edib, lazım olan istiqamətlər üzrə dövriyyəyə buraxmaq və hər iki fəaliyyət nəticəsində arada əldə olunan gəlirdən mənfəət götürməkdir. İstənilən bank fəaliyyətinin əsas məğzi bundan ibarətdir. Sərbəst vəsaitlərin isə banklara cəlb olunması üçün müvafiq stumullaşdırıcı amillərin olması mühüm şərtdir.

Sərbəst vəsaitlər banklara elə bir mexanizm çərçivəsində yerləşdirilməlidir ki, həmin vəsaitlərə sahib tərəflər bundan qazanc əldə etsin. Bazar iqtisadiyyatı şəraitində hər bir bank çalışır ki, sərbəst vəsaitləri daha üstün təkliflərlə cəlb etsin və bu yolla da kreditləşdirməni həyata keçirmək üçün lazımi səviyyədə maliyyə resurslarına sahib olsun. Bu, olduqca mühüm məsələdir. Çünki bazar iqtisadiyyatı şəraitində rəqabət ən mühüm amillərdən biridir. Hansı ölkənin bank sektorunda rəqabət amilləri yoxdursa, banklar arasında daha çox gəlir əldə etmək, daha çox maliyyə resurslarına sahib olmaq və əlverişli şərtlərlə depozit cəlbinə nail olmaq siyasəti yürüdülmürsə, deməli o ölkədəki bank sektoru sağlam vəziyyətdə deyil. Bunlar iqtisadiyyatın inkişafı üçün ən vacib elementlərdən biridir. Bank sektoru sağlam olmayan ölkədə isə normal iqtisadi inkişafdan söhbət gedə bilməz.

Dörd bank sistemdən silindikdən sonra hazırda ölkədə 26 bank qalıb. Bunların hamısı ADIF-in üzvüdür. Buna uyğun olaraq da üzvlük haqqı ödəyirlər. Əmanətlərin sığortalanması faizinin manat üzrə 2 faiz qaldırılması həm də real şəraitdə həm 4 bankın lisenziyasının geri alınması və həm də yaranmış ümumi iqtisadi çətinliklər fonunda sərbəst maliyyə resurslarının bundan sonra da banklara cəlbi baxımından bütün banklar üçün əhəmiyyətlidir.

Lakin bank əmanətlərinə marağın artırılması təkcə dövlətin vəzifəsi deyil. Dövlət və hökumət tərəfindən əmanətlərin sığortalanması faizinin artırılması ilə hökumət tərəfindən bir növ banklara əhalinin inamının çoxalması üçün addım atılmış oldu. Dövlət bununla, artıq 10 faizlə deyil, 12 faizlə yerləşdirilən əmanətlərə cavabdehlik daşıdığını nümayiş etdirdi. Ancaq banklara əmanət cəlb edilməsinin daha əlverişli xarakter kəsb etməsi üçün bankların özünün də addımlar atması lazımdır. Banklar özləri də çalışmalıdır ki, əhalinin, eyni zamanda sahibkarlıq sturkturlarının öz vəsaitlərini yerləşdirməkdə maraqları olsun. Bunun üçün müxtəlif stimullaşdırıcı vasitələrdən istifadə edilməlidir və banklar arasında bu sahədə rəqabət müşahidə olunmalıdır.

Dövlət bank əmanətlərinin bundan da yüksək faizlə sığortalanmasını öhdəsinə götürə bilər. Amma nəzərə almalıyıq ki, bankların fəaliyyəti tələb olunan şərtlərə cavab vermədikcə əmanət faizlərinin artırılması ilə dövlət özünü böyük bir risk altında qoyur. 2015-ci ildə iki dəfə devalvasiya olduqdan sonra 11-dən çox bank fəaliyyətini dayandırmalı oldu. Çünki onlar əvvəlcədən "xəstə" vəziyyətdə idilər. Onlara yerləşdirilən əmanətlərin qaytarılması isə dövlətin üzərinə düşdü.

Son olaraq, bir sual yaranır: bəs, manat üzrə əmanət faizlərinin sığortalanan hissəsinin 2 faiz qaldırılması ümumi kreditləşmə səviyyəsinə təsir göstərəcəkmi?

Normal halda baş verə biləcək təsirdən söhbət gedərsə, bu təsir ondan ibarət ola bilər ki, əhali banklara manatla depozit qoyuluşunu artırsın, banklar daha çox maliyyə vəsaitlərinə malik olsunlar və faizi artırmamaq şərtilə kredit təkliflərini genişləndirsinlər. Qeyri-normal halda isə əmanət faizinin artırılması banklara kredit faizlərini də artırmağa bəhanə verə bilər. Bunun hansının baş verəcəyini indidən proqnozlaşdırmaq çətindir. Əvvəla, manatla olan əmanətlərin sığortalanma faizi üçün 2% artırılma elə də böyük rəqəm deyil. İkincisi bizdəki kredit faizləri kifayət qədər yüksəkdir. Ona görə də prinsip etibarilə Əmanətlərin Sığortalanması Fondunun bu addımı ölkədə kredit faizlərinə faizlərin artması baxımından təsir etməməlidir. Əgər təsir edərsə, bu, bilavastiə bank sisteminin qeyri-sağlam vəziyyətindən irəli gələn hadisə olacaq.

Ümumiyyətlə, milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin qaldırılmasının ölkə iqtisadiyyatı üçün əhəmiyyəti bu ola bilər ki, real sektor bank sistemi tərəfindən maliyyələşdirilsin. Bu, bizdə ciddi problem olaraq qalır. Banklar ən çox istehlak kreditlərinə meyl edirlər. Manat üzrə əmanətlərin sığortalan hissəsinin faiz dərəcəsinin 2 faiz artırılmasının buna nə dərəcədə təsir edəcəyini söyləmək çətindir. Yəqin ki, biz bu təsiri hiss etməyəcəyik. Çünki bizdə bankların maliyyə resursları cəhətdən vəziyyəti real sektoru maliyyələşdirməyə o qədər də imkan yaratmır. Manat üzrə əmanətlərin sığortalan hissəsinin faiz dərəcəsinin 2 faiz artırılması ilə bu sahədə dönüş əldə ediləcəyini gözləmirəm. Hər halda, manatla depozit cəlbinə bu iki faiz həddində dəyişikliyin müsbət təsiri olarsa bu banklar tərəfindən ölkə iqtisadiyyatının maliyyələşdirilməsi səviyyəsinə də cüzi də olsa təsir edə bilər.


Pərviz Heydərov
Azvision.az üçün



Teqlər: Bank   Əmanətlər  





Xəbər lenti