Pandelection: Qarabağdakı rejim niyə fövqəladə vəziyyətdə “seçki” keçirdi? – TƏHLİL

      Pandelection:    Qarabağdakı rejim niyə fövqəladə vəziyyətdə “seçki” keçirdi? –    TƏHLİL
  15 Aprel 2020    Oxunub:8956
Adətən, seçki vaxtı insanları məntəqələrə gəlməyə səsləyirlər. Amma dünən baş tutan bir seçkidə əksinə, namizədlərdən biri yaşlı insanları məntəqəyə gəlməməyə səsləmişdi: “Mən onları öz sağlamlıqları ilə risk etməməyə çağırıram”. İkinci namizəd ümumiyyətlə, tərəfdarlarını səs verməməyə çağırıb və heç özü də seçkiyə getməyib. Buna baxmayaraq, seçki baş tutmuş sayılır. Absurddur? Bəli. Amma təəccüblü deyil, çünki həmin seçkinin özü zatən başdan-başa absurd teatrı idi.
Söhbət Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsində keçirilən “seçki”dən gedir. Maraqlıdır ki, ondan bir gün əvvəl cinayətkar rejim bölgədə koronavirus pandemiyasına görə “fövqəladə vəziyyət” elan edib. Elə isə, ağla gələn ilk sual bu olur: “Seçki”nin ikinci turunu mayın 12-dən, yəni föqəladə vəziyyət başa çatandan sonra keçirmək olmazdımı? Axı koronavirus təhlükəsi ilə bağlı fövqəladə vəziyyət elan olunmuş Ermənistanın özündə aprelin 5-nə təyin olunmuş referendum təxirə salınmışdı. Amma Qarabağda bu, baş vermədi. Niyə?

Aydındır ki, bu seçki onsuz da legitim deyil və onu heç kim nə müşahidə edib, nə də tanıyacaq. Fövqəladə vəziyyət rejimində keçirilməsi isə onu ümumiyyətlə, maskarada çevirdi. Çünki dünyanın heç bir yerində fövqəladə vəziyyət zamanı seçki keçirilmir. İkincisi iə, erməni politoloqlarının da qeyd etdikləri kimi, cinayətkar rejimin “qanunvericiliyində” heç fövqəladə halın elan edilməsi proseduru da nəzərdə tutulmayıb.

Son dərəcə aşağı “seçici” fəallığı ilə keçən “seçki”də təxminən 45 faizin məntəqələrə gəldiyi deyilsə də, bu, qətiyyən inandırıcı deyil. Çünki Qarabağda pandemiya ilə bağlı vəziyyət xüsusilə gərgin olduğundan, insanlar məntəqələrə getmək istəməyiblər. Belə bir vəziyyətdə cinayətkar rejimin keçmiş “baş naziri” Araik Arutyunyan səslərin sayılması başa çatmamış böyük üstünlüklə (85%) qalib elan olunub. Onun rəqibi isə cinayətkar rejimin xaerici işlər naziri Masis Mailyan idi. Demək, ümumiləşdirəndə belə bir mənzərə alınır: Pandemiya şəraitində cinayətkar rejimin rəhbərliyi öz “qanunvericiliyində” olmayan fövqəladə vəziyyət elan edir, sonra isə rejimin iki “naziri” arasında “seçki” keçirilir və onlardan biri qalib elan olunur. Niyə? Belə açıq və həyasız oyun nə üçündür?

Əvvəla, yerli “rəhbərliyin” Qarabağ xalqının nəzərində legitimliyinin minimal olması bu tamaşanın əsas rejissoru olan rəsmi Yerevana və Nikol Paşinyana sərf edir. Paşinyan öz nəzarətində olan bir fiquru Qarabağda cinayətkar rejimin başına gətirmək istəyirdi. Həmin fiqurun yerli camaatın nəzərindəki legitimliyi nə qədər aşağı olsa, Yerevandan asılılığı da bir o qədər çox olacaq. Araik Arutyunyan isə məhz belə “seçildi”. İndi o, yerli müxalifətin təzyiqlərindən qorunmaq üçün Paşinyanın diqtəsini qəbul etməyə məcbur qalacaq.

İkincisi, vətəndaşların sağlamlığını riskə ataraq, pandemiya şəraitində seçki keçirmək keçirmək cinayətklar rejimin böyük pulları silmək arzusu ilə bağlı olub. Cəmi 103 min nəfər seçicinin olduğu Qarabağ kimi balaca bir yerdə, fövqəladə vəziyyət rejimində seçkiyə xərclənən 10 milyon dollar – fantastik rəqəmdir. Əgər seçici sayına bölsək, bu, tarixdə ən bahalı seçki olacaq. Cinayətkar rejimin “konstitusiya”sında seçkilərin təxirə salıması mexanizmi yoxur. Onu bütövlükdə ləğv edib, pandemia bitəndən sonra yenidən keçirə bilərdilər, amma onda da təzədən bu qədər pul ayırmaq sadəcə, mümkün olmayacaqdı.

Üçüncüsü, indi bütün dünyanın başı pandemiyaya qarışdığından, “dərə xəlvət, tülkü bəy” prinsipi ilə sakitcə “seçkini” yola verib, lazım olan adamları lazım olan yerlərdə oturtmaq üçün ideal məqamdır. Yəqin, rəsmi Yerevan “seçki” planını həm də buna uyğun hesablaşmışdı ki, başqa vaxt “seçki” çox sərt tənqid və hətta təzyiqlər də doğura bilər, amma indi dünya tanınmamış bir qurumunn keçirdiyi “seçki”yə baş qoşacaq vəziyyətdə deyil. Hərçənd, bunun tam şəkildə baş tutduğunu demək olmaz: Çünki “seçki” oyunu hər halda, istər beynəlxalq qurumlar, istərsə də ayrı-ayrı dövlətlər tərəfindən ciddi tənqid olundu.

Məhz bu səbəblərə görə Qarabağdakı cinayətkar rejim əhalinin sağlamlığını təhlükəyə ataraq, pandemiya dövründə qurama “seçki” keçirdi. Təəccüblü deyil: Onlar sadə xalqa həmişə qurbanlıq quzu kimi yanaşıblar, öz oyunlarını həyata keçirmək üçün aldadılmış insanlardan istifadə ediblər. Yenə də elə oldu. Bu oyunun yeganə real nəticəsi isə yəqin ki, iki həftə sonra özünü göstərəcək: Qarabağda koronavirus xəstələrinin sayının artmasında.

Vüsal Məmmədov
Azvision.az



Teqlər: Qarabağ   Seçki   Pandemiya  





Xəbər lenti