"Rusiyanı da Sovet İttifaqının taleyi gözləyir" – Vladimir Bekiş

   "Rusiyanı da Sovet İttifaqının taleyi gözləyir" –    Vladimir Bekiş
  13 İyul 2023    Oxunub:1630
NATO-nun Vilnüs sammitinin sonuncu günü G7 ölkələrinin liderləri və Ukrayna prezidenti Kiyevə hərbi yardım və təhlükəsizlik zəmanətləri haqqında Bəyannaməni imzalayıblar. G7 ölkələri uzunmüddətli perspektivdə Ukraynanın təhlükəsizliyini təmin etməyi və gələcəkdə, yəni hazırkı müharibə başa çatdıqdan sonra Rusiyanın mümkün təcavüzünə dərhal cavab verəcəklərini öhdələrinə götürüblər.
Hər şeydən göründüyü kimi, Ukraynanı NATO-ya qəbul etmək üçün alyans öz daxilində nizamnamə prinsiplərini dəyişməyə hələ ki hazır deyil. Amma deyək ki, NATO-nun Ukraynaya yardımı haqqında Müqavilə bağlamaq olar. O zaman qanuni əsaslarla istənilən silahdan istənilən qədər vermək mümkündür. Məsləhətçilər, muzdlular və kəşfiyyat məlumatları ilə də təmin etmək olar.

NATO üzvü olan dövlətlər bu cür Müqavilələri təcavüzdən, zorakılıqdan və hərbi müdaxilədən qorunmağa ehtiyacı olan hər bir ölkə ilə bağlaya bilər. Prezident Bayden artıq bu barədə danışıb. O, Ukraynanı hələlik formal olaraq NATO-ya qəbul etmək təklifini irəli sürüb. Bununla belə, Ukrayna ilə ABŞ arasında təhlükəsizlik sazişini imzalamağa hazır olduğunu açıqlayıb.

Amerikanın İsraillə uzun illərdir imzaladığı və qüvvədə olan belə bir Sazişi var. Bu Müqavilə çərçivəsində Amerika İsrailə milyardlarla dollar həcmində ciddi çoxşaxəli yardım edir. Eyni zamanda, öz hərbi bazalarını və qoşunlarını onun ərazisində yerləşdirmək hüququna malikdir.

Hesab edirəm ki, NATO-nun hazırkı sammiti məhz bununla bağlı idi. Rusiya ilə qarşıdurmaya illər və milyardlar sərf olunacaq. Təbii ki, Rusiya çoxillik müharibə bataqlığına düşmək və buna böyük vəsait xərcləmək istəmir. Mən şəxsən əminəm ki, Kreml Qərbi tərəddüdə, geri çəkilməyə məcbur etmək üçün həqiqətən də hərbi əməliyyatların kütləvi qırğın silahlarının tətbiqinə qədər genişləndirilməsini nəzərdən keçirir. Bununla da münaqişənin ən azı dondurulmasına nail olmaq istəyir. Düzdür, bizim zavodlarımız ordumuzu lazım olan hər şeylə təmin edir. Amma bu, həyəcanlı situasiyadır. Çünki əgər zavodlar sutkada 24 saat işləyərək tank istehsal edirsə, buna xammal, metal, enerji, pul xərclənirsə, bu, böyük vəsait deməkdir. Bir sutkadan və ya bir həftədən sonra tanklar məhv edilirsə, xərclənən bütün vəsait havaya sovrulmuş olur.

Dünyada və təbiətdə resursları boş yerə xərcləyib, uğurla, firavan yaşayan ölkələr, iqtisadiyyatlar hələ ki yoxdur. Xüsusən də nəzərə alsaq ki, indi Rusiya ilə Qərb arasında silahlanma yarışı şiddətlənir. Rusiya iqtisadiyyatının və sənayesinin səviyyəsi Qərbin ümumi səviyyəsindən bir neçə dəfə aşağıdır. Bunun nə ilə bitəcəyi sirr seyil. Təbii ki, Rusiyanı da iqtisadiyyatların hərbi-sənaye rəqabətində Qərbə müqavimət göstərməyə çalışan Sovet İttifaqının taleyi gözləyir.

Vladimir Bekiş
Rusiyali hərbi-siyasi analitik, strateji təhlükəsizlik sahəsində ekspert, Yaxın Şərq üzrə mütəxəssis
Xüsusi olaraq AzVision.az üçün



Teqlər: Müharibə   Ukrayna  





Xəbər lenti