İran Azərbaycana və İslam dininə münasibətdə səmimi olmalıdır

   İran Azərbaycana və İslam dininə münasibətdə səmimi olmalıdır
  09 İyul 2023    Oxunub:1822
İranın Azərbaycana və İslam dininə münasibəti elementar sınaqdan çıxmır. Hazırkı məqamda rəsmi Tehran Ermənistan rəhbərliyinin İran hökumətinə hörmətlə yanaşmamasının səbəbləri barədə ciddi düşünməlidir. İranın Ermənistan qarşısında öz “xarizma”sını itirməsi tarixi qüsurdur və indiki rəhbərlik dəyişən kimi bu məsələyə mütləq yenidən qayıdılacaq.
Nikol Paşinyan İrana birinci səfəri çərçivəsində bu ölkənin prezidenti və ali dini liderinin fəaliyyəti ilə tanışlıqdan sonra Ermənistana qayıdan kimi ən çox əlaqə yaratmağa cəhd göstərdiyi dövlət İsrail oldu. Onun bu addımını Təl-Əvivə “Mən İranın içi boş şar olduğunu təsdiqləyirəm və mənim arxamda dursan İranı dağıdacağam” mesajı kimi qiymətləndirmək olar. Amma İsrailin İran üzrə öz xüsusi siyasəti var ki, bu da Təl-Əvivə və Tehrana aid olan məsələdir.

Tehran isə Ermənistanın istənilən əlverişli məqamda onu vurmağa hazır olduğundan nəticə çıxarmaq əvəzinə hər vəchlə bizim əleyhimizə gedir ki, bunu da guya Azərbaycandan gələ biləcək hipotetik “təhlükə” ilə izah edir.

Halbuki, Azərbaycan İrana qarşı ədavət mövqeyi tutmaq və ya onunla vuruşmaq istəsəydi, ABŞ kimi qüdrətli dövlətlərin İranla bağlı kəskin təkliflərini qəbul edərdi. Ermənistan Tehrana əsas ölçü meyarından birinin İranın İslam dininə münasibəti olduğunu gizlətmir. İran rəsmiləri Qurban və Ramazan bayramları münasibətilə Ermənistan rəhbərlərinin ərəb dövlətlərini, Türkiyəni neçə dəfə təbrik etməsini və həmin bayramlar münasibətilə neçə dəfə İran rəhbərliyinə təbrik göndərdiklərinə diqqət yetirsələr yaxşı olar! Say fərqi aydın göstərəcək ki, Ermənistan üçün nüfuzlu, hörmətli İran dövləti, İran cəmiyyəti yoxdur. Ermənistan üçün onun əlində Azərbaycan və Türkiyəyə qarşı alət olan İran dövləti var.

Kommunikasiyalar məsələsində İran paradoksu

Zəngəzur dəhlizi mövzusunda İranın Qara dənizə, Bolqarıstana Türkiyədən yolu var. Dəmir və avtomobil yolu, neft-qaz kəməri hazırda fəaliyyətdədir.
Lakin İranın ali rəhbəri yalnız Ermənistan və Gürcüstan vasitəsi ilə Qara dənizə və Bolqarıstana çıxmaq istəyir. Halbuki həmin istiqamətdə də heç bir infrastruktur layihəsi yoxdur. İran 15 ildir ki, bu mövzuda danışsa da, hələ heç nəyə nail olmayıb. İndi ən aktula mövzulardan biri də Avropaya qaz satışıdır. Bununla belə, İran Azərbaycanın geniş imkanlarından istifadə etmir. İran Astarasından Azərbaycanın Qazax rayonuna qədər sovet dövründə çəkilmiş qaz kəməri mövcuddur. Cüzi bərpa işləri aparmaqla həmin kəmərdən tamamilə istifadə etmək olar ki, bu da ildə 5-8 milyard m3-rə qədər qazın nəqlinə imkan verir. Bu Gürcüstan üzərindən həm Ermənistana, həm də Avropaya İran qazının çatdırılması üçün eksperiment ola bilər. Eksperiment uğurlu alınsa, sonradan İran Azərbaycan üzərindən və yaxud başqa ərazi üzərindən daha iri diametrli kəmər çəkə bilər. Lakin İran Azərbaycan və Türkiyədə hazır infrastrukturları qoyub, heç bir infrastrukturu olmayan Ermənistandan qərbə doğru dəmir yolu, qaz kəmərı çəkmək ideyasının üstündə dayanıbsa, İəvanın Tehrana başqa qiymət verəcəyini düşünmək sadəlöhvlük olardı.

İranda Quranın yandırılması dinimizə ziddiyyətli münasibətin nəticəsidir

Qəribə məntiqdir: İsveçdə xristian Quran yandıra bilməz, amma İranın daxilində onun vətəndaşı bir neçə Quran yandıra bilər.

Məcburi hicabla bağlı çoxdan gedən böyük mübahisə də bu qəbildən olan təzadlardandır. Belə çııxr ki, iranlı idmançı xanımların guya hicab qaydasında beynəlxalq arenada çıxışı ilə bağlı təsvirlərdən, videolardan İranın ali dini rəhbərinin xəbəri yoxdur. İran rəsmiləri bir tərəfdən hicab qaydasını qoruyurlar, digər tərəfdən isə bunu pozmaqla məşğuldurlar.

Qadınlar arasında oturaq voleybol, həndbol üzrə dünya çempionatı kimi əcaib idman yarışları sanki hicab qaydasını pozmaq üçündür. Hicab tək saçın örtülməsi deyil. Həzrəti Peyğəmbərin dediyi hicab qadının bütün bədən formasını gizlətməlidir. Hələ həmin idmançıların hərəkətləri bir yana qalsın. Söhbət qadının davranışında deyil, hicaba olan münasibətdədir. Hicabı pozmaq əgər İranın dövlət siyasətinə xidmət edirsə, o zaman Quranda hicab ayələrini inkar etmək olar.

Quranda ayələrin inkarı mövzusunda əyani misallardan biri İranda İslam bankçılığına qadağa qoyulmasıdır. Bütün banklar Avropada, dünyanın qalan hissəsində olan banklar kimi faizlə işləməlidir. Faiz də İslam dinində qadağandır. İranın Azərbaycan üzrə ayrılmış dini qrupu təbliğ edir ki, Quran 4 faizlik sələmə icazə verir. Sələmlə bağlı 7 aydın şəkildə qadağa ayəsi var, buna riayət olunmur. Hicabla bağlı cəmi 3 ayə var, onların da ikisi konkret hökmə malik deyil. Amma bir ayədən ötrü bu boyda canfəşanlıq edilir.

Azərbaycan prizmasından baxdıqda İranın hazırda iki gündəliyi var:

ı. İran dövlətinin iki yerə bölünən gündəliyi: a) İranın ali dini rəhbərinin ofisinin gündəliyi; b) İranın prezident aparatının gündəliyi
ıı. İran mətbuatının (Səhər telekanalı və s.) gündəlikləri.

İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan Azərbaycana səfərə gələrək, mühüm tədbirdə iştirak və çıxış edir. Azərbaycan Prezidentiin qəbulunda olur, Bakıda Azərbaycan və İran jurnalistləri üçün mətbuat konfransı keçirir. Amma İran mətbuatı, xüsusilə “Səhər” kanalı yalnız özünə sərf edən qaydada materialları təqdim edir. H.Ə.Abdullahiyanın İranla Azərbaycan arasında yeni olan, müsbət ümid yarada bilən və vəziyyəti normallaşma istiqamətində dəyişən bəyanatları barədə İran mətbuatı heç bir şey yazmır.

Əgər bu, H.Ə.Abdullahiyanın şəxsiyyətinə qarşıdırsa, onda belə zəif nüfuza malik olan Xarici İşlər naziri İranın nəyinə lazımdır?! “Səhər” kanalının İranın Xarici İşlər nazirliyi elan edilməsi və orada səslənən fikirlər əsasında bizim İrana münasibətdə öz işimizi qurmağımız daha məntiqli olardı. İranın istənilən rəsmisinin diskreditasiyası bizim marağımızda deyil. İran kəşfiyyat orqanları tez-tez İranın daxilində olan İsrail casuslarını tapır. İranda bir kənddə və qəsəbədə şuluqluq salan İsrail niyə İran məmurunu nüfuzdan salan mətbu orqanını görmür?! Bəlkə görüb?!

Münasibətləri gərginləşdirmək dəbi

Son günlərdə İranla Azərbaycan arasında yenidən münasibətləri gərginləşdirmək dəbdədir. Tehran bütün hallarda vəziyyətin gərginləşməsinin səbəblərini Azərtbaycan tərəfində görür. İranın mətbuat sahəsindəki publik şəxsləri və təbliğatçıları, demək olar ki, sağlam məntiqdən çox uzaq olan adamlardır. İranın təbliğat maşınının yaydığı məlumatları dinləyəndə belə təsəvvür yaranır ki, onların beyin nayihəsində keçirilən ağır cərrahiyyə əməliyyatlarının doğurduğu fəsadların acı məhsulunu görürsən.

İran diplomatiyasının hansı “nüfuz”a sahib olmasını isə ölkənin ali dini liderinin hərəkətləri faş edir. Ali dini lider İran diplomatlarını vaxtaşırı toplayaraq ən azı bir neçə saat onlara adi terminləri izah edir. Deməli, ya ali dini rəhbərin İran diplomatlarının peşəkarlığı barədə təsəvvürləri səhvdir (ona yanlış məlumatlar da verə bilərlər) və ya İran diplomatlarının savadı həqiqətən də lazımi səviyyədə deyil.

Belə elementar həqiqətləri görməyən İranın təbliğat maşını, Azərbaycan Prezidentinin Ermənistanın baş naziri ilə bir dəqiqəlik zarafatlaşmasını şüar edərək gecə-gündüz efirə verir. Halbuki İranın rəsmi publik mövqeyi Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasıından ibarətdir. Maraqlıdır ki, İran mətbuatında hökm sürən bu səbatsızlığı əslində daha çox Tehranın düşmən elan etdiyi İsrail arzulaya bilər.

Beyin mərkəzlərindən bir neçəsi İranın yerində olmayan aparıcılardan birinə Azərbaycan Prezidenti haqqında danışmağı qadağan ediblər. Ola bilər ki, bu müvəqqəti bir haldır. Amma həmin aparıcı az qala unudulmuş mövzunu aktuallaşdırmaqla gündəmdə qalmaq üçün yeni üsul tapdı: Şahçıraq məsçidində terror aktı törədənlərdən biri Azərbaycan əsillidir. Eyni zamanda, Natanza PUA uçuşu, ondan əvvəl İsrailin İrana casus göndərməsinə şərait yaratmağımız, İranın nüvə alimlərinin öldürülməsində iştirakımız, indi də əzəli-əbədi onlar üçün mövzuya çevrilmiş Şahçıraq məscidindəki terror hadisələri kimi sərsəm ittihamlar yenidən yada salındı.

Amma Azərbaycan İranın belə hədə və şantaj cəhdlərini çox görüb. Tehran Azərbaycana qarşı bütün uydurduğu yalanları, hədələri, anti-İslami bəyanatlarını götürüb bir daha diqqətlə nəzərdən keçirsə, belə yolla heç nəyə nail ola bilmədiyini görəcək. Məhz buna görə də Azərbaycanla dialoqda bu ritorikadan əl çəkməlidir.

Halbuki, Məkkədə Həcc ziyarəti zamanı 600-yə yaxın İran zəvvarının öldürülməsini Səudiyyə Ərəbistanı məhz Tehranın əməli hesab edir. Səudiyyə Ərəbistanında və Bəhreyndə şiələrin qızışdırılıb eşafota göndərilməsi və üst-üstə 200-ə yaxın şiənin öldürülməsi də İranın əməllərinin nəticəsi kimi təqdim olunur.

Birinci Qarabağ müharibəsində ermənilərin öldürdükləri 20-25 min müsəlmanın arasında İrandan olan soydaşlarımız da var. Ölənlərdən 32-si İran rəsmiləridir. Amma bu cinayətin qarşılığında İranın ali dini lideri nəinki Qarabağ ermənilərinin toxunulmazlığını elan edib, hətta az qala bu toxunulmazlığını qarantı missiyasını da öz üzərinə götürüb. Halbuki, ən azı müsəlman dünyasının liderliyi iddiası belə korafəhmliyə yol verməməli idi.

Bu gün İranda Şahçıraqla bağlı mövzunun yenidən aktuallaşdırılması dünya azərbaycanlılarının tədbirində Cənubi Azərbaycandan olan 3 deputatın iştirakı ilə əlaqədardır. İndi İran seçim qarşısındadır. H.Ə.Abdullahiyanın Azərbaycana səfərinin yaratdığı müsbət abı-havanı gücləndirmək, yoxsa Parisdə keçirilən tədbirdə 3 azərbaycanlı deputatın iştirakını şişirtmək. Təəssüf ki, Tehran ikinci variantı seçdi və əslində bu da onun anti-Azərbaycan siyasətinin inikasıdır.

Ümumiyyətlə isə, İranın məqsədi aranı qarşıdıraraq bulanıq suda balıq tutmaq sevdasıdır. Amma səbr kasası dolan Azərbaycan son nəticədə dini və digər məqamlarla bağlı mübahisəli məsələlərə İslam Əməkdaşlığı təşkilatında baxılması təklifini verə bilər ki, bu da İrana yaxşı heç nə vəd etmir.

Mübariz Əhmədoğlu, Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin rəhbəri
AzVision.az


Teqlər: Azərbaycan   İran  





Xəbər lenti